Masallı RİH başçısının Ərkivan qəsəbəsində səyyar görüş-qəbulu (AZpress.AZ, Akif Ağayev, +FOTO=6)

Masallı RİH başçısının Ərkivan qəsəbəsində səyyar görüş-qəbulu (AZpress.AZ, Akif Ağayev, +FOTO=6)

Masallı RİH başçısının Ərkivan qəsəbəsində səyyar görüş-qəbulu (AZpress.AZ, Akif Ağayev, +FOTO=6)

 

Avqustun 10-da Ərkivan qəsəbəsində Masallı Rayon İcra Hakimiyyəti başçısı Araz Əhmədovun səyyar görüş-qəbulu keçirilib.

 

RİH başçısı və bir qrup rayon rəsmisi əvvəlcə ərazidə olan Birinci və İkinci Qarabağ şəhidlərinin məzarlarını, abidə komplekslərini ziyarət edib, məzarları önünə gül dəstələri qoyaraq şəhidlərin xatirəsini ehtiramla anıblar.

 

“Ərkivan” şadlıq sarayında təşkil olunan görüşdə rayon icra hakimiyyəti başçısı və RİHB aparatının məsul əməkdaşları, hüquq mühafizə orqanları, idarə, müəssisə və təşkilatların rəhbərləri, şəhid ailələri, qazilər, qəsəbə sakinləri iştirak ediblər.

 

Səyyar-qəbul öncəsi şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

 

RİHB-nın Ərkivan qəsəbə inzibati ərazi dairəsi üzrə nümayəndəsi Əhməd Əhmədov qəsəbənin iqtisadi göstəriciləri barədə məlumat verib.

 

RİH başçısı Araz Əhmədov sakinləri salamlayıb, möhtərəm Prezidentimiz İlham Əliyevin rəhbərliyilə ölkədə aparılan islahatlardan, sosial-iqtisadi sahədə qazanılan uğurlardan, rayonumuzda aparılan tikinti-quruculuq işlərindən danışıb. Yaranan problemlərin vaxtında həlli istiqamətində bütün zəruri addımların atılacağını vurğulayan rayon rəhbəri Masallının bütün yaşayış məntəqələrində, eləcə də Ərkivanda əhalini narahat edən məsələlərin həllilə bağlı həyata keçirilən tədbirlərin, infrastruktur layihələrinin bundan sonra da davam etdiriləcəyini vətəndaşların diqqətinə çatdırıb: “Tarixi qədim böyük yaşayış məntəqələrindən olan Ərkivan böyük şəxsiyyətləri, alimi, ziyalısı, sənətkar və idmançıları, işgüzar, zəhmətsevər insanları ilə tanınıb. Bu gün də o ənənə davam edir. Bu uğurlu varisliyin, gözəl ənənənin cələcəkdə də müstəqil dövlətimizin inkişafına özünəməxsus töhfə verəcəyinə əminik...”

 

Ölkə rəhbərinin tapşırıq və tövsiyələrini xatırladan icra başçısı 44 günlük Vətən müharibəsindəki böyük qələbəmizin əhəmiyyətindən bəhs edib, şəhid ailələri və qazilərin problemlərinə həssas yanaşmağın vacibliyini vurğulayıb.

 

Araz Əhmədov sakinlərdən onları narahat edən məsələlər barədə məlumat və təklif vermələrini istəyib.
Qəsəbə sakinlərindən Akif Ağayev, Müşfiq Nuriyev, Məmmədağa Şiriyev, Mehman Əliyev, Həmid Mənsimov, Əsədulla Cəfərov, Zahir Əmənov, Mirnuh Əliyev, Çingiz Kazımov, Balayar İbayev və başqaları Bağlakücə və Pələnküştə küçələrində yerli əhalinin maddi dəstəyilə aparılan abadlıq işlərindən danışıb, qəzalı elektrik və rabitə dirəklərinin, köhnə qaz xətlərinin dəyişdirilməsi, zəbt olunan suötürücü kanalların təmizlənməsi, 1, 3 və 5 saylı məktəblərin əsaslı təmiri və ya tikintisi, SİP kabelləşmə, qəsəbə stadionuna su xəttinin çəkilməsi, şəhid Əfruz Cəfərov küçəsi, Allahyarlı və digər məhəllə daxili yolların təmirinə və s. kömək göstərilməsini xahiş ediblər.

 

Çıxışçılar rayon rəhbərinə yeni vəzifəsində uğurlar diləyiblər.

 

Masallı Rayon İcra Hakimiyyətinin başçısı Araz Əhmədov cənab Prezidentin etimadını doğruldacağını sakinlərə bildirərək görüşü yekunlaşdırıb və hər zaman əhalinin qayğıları ilə maraqlanacağını bildirib.

 

Rayon rəhbəri bəzi müraciətlərin həlli istiqamətində müvafiq qurumlara tapşırıqlar verib, digər məsələlər nəzarətə götürülüb.

Akif VAQİFOĞLU,

MASALLI.

 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !
BAŞ REDAKTOR :  XEYRANSA  İSMAYILOVA 
(İsmayılova Xeyransa Eldəniz qızı)
WhatsApp:     https://wa.me/994515203020
 e-mail:  [email protected]