Səbinə Yusif: Bir nağıl yazmaq istədim...

Səbinə Yusif: Bir nağıl yazmaq istədim...

Səbinə Yusif: Bir nağıl yazmaq istədim... 

 

Bir nağıl yazmaq istədim.
O nağılda istədim yalan olmasın.
İstədim ki, o nağılda ayrılıq olmasın.
O nağılda şər də olmasın.

 

Elə bir nağıl olsun ki, onu oxuyan hər kəs özünü dünyaya yenicə gəlmiş körpə kimi hiss etsin - bəxtəvər, xoşbəxt və bütün gözəlliklərin ondan başladığını anlasın. Anlasın ki, yaradılanlar bu dünyaya təsadüfən göndərilmir. Özünü lazımsız hesab edib, göynəyə-göynəyə yaşayan insan anlasın ki, onun da bu dünyada bir missiyası var.

 

Qışın şaxtasında küçədə əlləri dona-dona yol təmizləyən o qadın yol süpürdüyü üçün utandığından oğlunun sinif yoldaşlarından üzünü gizləməsin. Bilsin ki, ən hünərli qadın odur. Çünki o halal zəhməti ilə bu Vətən uğrunda canından, qanından hər an keçməyə hazır olan oğul böyüdür.

 

Bir nağıl yazmaq istədim. Orda müharibə olmasın. Anaların saçı vaxtsız ağarmasın. Nişanlı qızların gözü cəbhə yollarına baxıb ağlamasın. Atasını cəbhədə itirən körpə uşaqların atam nə vaxt gələcək, sualına hər dəfə atan indicə gələcək, -deyib, körpələri ovudan, ürəyi parça-parça olan babaların, nənələrin, anaların, qohumların, dostların həsrətinə son qoyan bir nağıl yazmaq istədim. Bir nağıl yazmaq istədim. Orda hər dəqiqə Şəhid həyat yoldaşının ruhu ilə danışan gəlinlər gecələr hamıdan gizli-gizli ağlayıb, sən niyə qayıtmadın? -deyib Göylə Yer arasında qalıb, cavabsız sualların sirdaşına çevrilməsin.

 

Elə bir nağıl yazmaq istədim ki, atasının pulunun çoxluğuna arxayın olub küçədə bahalı maşını ilə ahıl kişinin üst-başını palçığa batırıb bundan həzz alan o gənc bilsin ki, bir gün gələcək etdiyi bütün hərəkətlər hər addımbaşı onu izləyəcək və palçıq kimi vicdanını qaraldacaq.
Elə bir nağıl yazmaq istədim ki, qaranlıq gecələrdə Allaha sığınan tənha insanların hamıdan güclü olduğunu hər kəs anlaya bilsin.

 

Bir nağıl yazmaq istədim. O nağılda dost deyib güvəndiklərindən zərbə almasın insan.
Bir nağıl yazmaq istədim, orda güllər heç vaxt solmasın.
Bir nağıl yazmaq istədim, orda ayrılığın izi olmasın.
Bir nağıl yazmaq istədim, gedişi ilə ürəyimizi ağrıdanlar, gəlişi ilə ümidlərimizi doğrultsun.
Bir nağıl yazmaq istədim, orda insanların ümidi tükənməsin.
Bir nağıl yazmaq istədim, orda insanlar duru, insanlıq diri qalsın.
İstədim ki, yazdığım o nağıl xəyalların yox, həqiqətlərin bətnindən doğulsun.
İstədim ki, hər kəs mənə desin, sən nağıl yazmamısan. Sən həqiqəti yazmısan.
Bir nağıl yazmaq istədim...

Səbinə Yusif
 

 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !
BAŞ REDAKTOR :  XEYRANSA  İSMAYILOVA 
(İsmayılova Xeyransa Eldəniz qızı)
WhatsApp:     https://wa.me/994515203020
 e-mail:  [email protected]