Ağcabədi rayonunun Salmanbəyli kəndi yaxınlığında Qalatəpədə aparılan qazıntılar
Bu xəbəri paylaş
Ağcabədi rayonunun Salmanbəyli kəndi yaxınlığında Qalatəpədə aparılan qazıntılar zamanı yeni arxeoloji materiallar aşkar edilmişdir.
Milli Elmlər Akademiyası Arxeologiya və Etnoqrafiya İnstitutunun Mil-Qarabağ ekspedisiyasının rəhbəri Təvəkkül Əliyev bildirmişdir ki, 2009-cu ildən başlayaraq 8 ölkənin arxeoloqlarının qatıldığı Azərbaycan-Almaniya beynəlxalq ekspedisiyası Qarasu adlanan qədim arxın kənarında - Kamiltəpədə tədqiqatlar aparır. Ekspedisiyaya Almaniya Arxeologiya İnstitutunun əməkdaşı doktor Barbara Helvinq rəhbərlik edir. Bu dövr ərzində ərazidə neolit-eneolit dövrünə aid 20-dən çox abidə aşkar olunmuşdur.
Bu il aparılan tədqiqatlar zamanı Kamiltəpə-4 abidəsində eradan əvvəl VI minilliyin sonlarına aid kərpic arakəsmələrlə bir-birindən ayrılan yeraltı kanallar, yüzlərlə muncuq, dəniz balıqlarının sümükləri, Kamiltəpə-1 abidəsində VI minilliyin ortalarına aid çiy kərpicdən tikilmiş platforma aşkar edilmişdir. Ərazidə balıq sümüklərinin tapılması 7 min il əvvəl Mil-Qarabağ düzünün dənizə yaxın olduğunu göstərir.
Kamiltəpədə aparılan tədqiqatlarla bağlı hesabatlar hazırlanaraq London, Berlin, Bonn şəhərlərində nəşr olunmuşdur.
Tədqiqatlar sentyabrın 10-dək davam edəcəkdir. Bu tədqiqatlar Azərbaycanın neolit-eneolit dövrünə aid tarixinin öyrənilməsində mühüm rol oynayacaqdır.