Səudiyyə Ərəbistanı Krallığının milli bayramı şərəfinə -

Səudiyyə Ərəbistanı Krallığının milli bayramı şərəfinə

Sentyabrın 24-də Səudiyyə Ərəbistanı Krallığının Azərbaycandakı səfirliyi ölkəsinin milli bayramı – Krallıq elan edilməsi günü münasibətilə rəsmi qəbul təşkil etmişdir.
AzərTAc xəbər verir ki, hər iki ölkənin dövlət himnləri səsləndirildikdən sonra səfir Fəhd bin Əli əl-Düsəri qonaqları salamlayaraq Səudiyyə Ərəbistanı Krallığının inkişaf tarixi barədə məlumat vermişdir. Diplomat qeyd etmişdir ki, Səudiyyə Ərəbistanı Krallığını Azərbaycan ilə yüksək qardaşlıq və hərtərəfli əlaqələr birləşdirir. Bu əlaqələr qarşılıqlı hörmətə, səmimi qardaşlığa, bunu daha da gücləndirən islam irsinə və müştərək tarixə əsaslanır.
Bu il iki ölkə arasında diplomatik əlaqələrin 20-ci ildönümünün tamam olduğunu deyən səfir bu dövrdə çoxlu sayda sazişlərin və memorandumların imzalandığını diqqətə çatdırmışdır. Səfir bildirmişdir ki, yaxın gələcəkdə iki ölkə arasında daha bir neçə sazişin imzalanması gözlənilir. Son dövrlər iqtisadi əlaqələrimiz daha da güclənmiş, qarşılıqlı sərmayələrə maraq artmışdır.
Səfir qeyd etmişdir ki, Səudiyyə Ərəbistanı Krallığı Azərbaycan Respublikası ilə əlaqələrin möhkəmlənməsi xəttini bundan sonra da davam etdirəcəkdir.
Çıxış edən iqtisadi inkişaf naziri Şahin Mustafayev Prezident İlham Əliyevin adından mərasim iştirakçılarını təbrik etmiş, Səudiyyə Ərəbistanının xalqına sülh və əmin–amanlıq arzulamışdır.
Ş.Mustafayev vurğulamışdır ki, Səudiyyə Ərəbistanı Krallığı Azərbaycanın müstəqilliyini tanıyan ilk ölkələrdən biri olmuşdur. Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinə toxunan nazir qeyd etmişdir ki, Krallıq Azərbaycanın ərazi bütövlüyünü birmənalı şəkildə dəstəkləyir. Biz bunu yüksək qiymətləndiririk.
İkitərəfli münasibətlərdən danışan Ş.Mustafayev bildirmişdir ki, ümummilli lider Heydər Əliyevin 1994-cü ildə və Prezident İlham Əliyevin 2005-ci ildə Səudiyyə Ərəbistanına səfərləri əlaqələrimizin hərtərəfli inkişafı üçün yeni imkanlar açmışdır. Bizim bir çox, o cümlədən iqtisadi sahədə əlaqələrimiz yüksək səviyyədədir. Nazir iki ölkə arasında imzalanmış sənədlərin əhəmiyyətini vurğulamışdır.
Qəbulda dövlət və hökumət rəsmiləri, Milli Məclisin deputatları, xarici ölkələrin Azərbaycanda akkreditə olunmuş səfirləri, ictimaiyyətin nümayəndələri iştirak etmişlər.

 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !