Mərhəmətli olmağa tələsin... -

Mərhəmətli olmağa tələsin...

Dekabr ayında Dünya azərbaycanlılarının həmrəylik günü və yeni il münasibətilə Sumqayıt şəhər “Təfəkkür” liseyində bir sıra tədbirlər keçirilmişdir. Bu tədbirlər sırasına liseyin internat məktəbində keçirdiyi xeyriyyə tədbiri də daxil olmuşdur. “Təfəkkür” liseyinin müəllim və şagird kollektivi hər il olduğu kimi bu il də ənənəsinə sadiq qalaraq, “Mərhəmətli olmağa tələsin” aksiyasına qoşularaq Sumqayıt şəhərində yerləşən əqli və fiziki cəhətdən qüsurlu uşaqlar üçün xüsusi internat məktəbində xeyriyyə tədbiri keçirmişdir. Tədbir iki mərhələdə keçmişdir. I mərhələdə liseyin şagirdləri ədəbi-bədii gecə ilə çıxış edərək, İnternat məktəbinin müəllim və şagird kollektivini 31 Dekabr Dünya azərbaycanlılarının həmrəylik günü münasibəti ilə təbrik etmişdir. Tədbirdə 8b sinif şagirdi Şahvələdov Sərxan , 9b sinif şagirdi Qurbanova Fatimə Həmrəylik günü haqqında məlumatlar verərək bildirmişlər ki, Dünya azərbaycanlılarının həmrəyliyi və birliyi üçün ulu öndər çox böyük səylər göstərmişdir. Hələ 1991-ci ildə Naxçıvanda onun təşəbbüsü ilə 31 dekabr Dünya Azərbaycanlılarının Həmrəyliyi günü kimi elan edilmişdir. Bu gün 31 dekabr bizim milli bayramımızdır. Ulu öndərimiz Heydər Əliyevin başladığı siyasi kurs bu gün onun layiqli davamçısı olan cənab İlham Əliyev tərəfindən inamla davam etdirilir. Onun apardığı məqsədyönlü işlər bizdə inam yaradır ki, prezidentimiz torpaqlarımızı geri qaytarmağa, Vətənimizin daha böyük inkişafına nail olacaqdır.
Tədbirdə 8b sinif şagirdləri Cəbrayılov Riad, Rəhman və 8R sinif şagirdi Səfərova Səda məktəbin xor dərnəyinin üzvləri ilə birgə Azərbaycanla , Vətənlə bağlı mahnılar oxumuş, 8b sinif şagirdləri Koroğluyeva Aytən, Babayev Elnur və İsrafil rəqslər etmişdir.
Tədbirin sonunda “Təfəkkür” liseyinin direktoru Ağayeva Bəsirə xanım çıxış edərək bildirmişdir ki, tarixin müəyyən mərhələlərində bütün dünyaya səpələnmiş azərbaycanlıların birliyi, həmrəyliyi indi bizim üçün, müstəqil Azərbaycan Respublikası üçün, həm də dünyanın müxtəlif ölkələrində yaşayan azərbaycanlılar üçün xüsusi əhəmiyyət kəsb edir. Həmrəylik günü ayrı-ayrı ölkələrdə yaşayan azərbaycanlılarla əlaqələr qurmaq, onlar arasında birlik, həmrəylik yaratmaq işində mühüm rol oynayır. 31 Dekabrda dünya azərbaycanlılarının bayram etməsi isə bütün azərbaycanlılar tərəfindən artıq bir zərurətə və mənəvi ehtiyaca çevrilmışdir. Dünya azərbaycanlılarının birliyi xalqın birliyidir. Bu birlik bu gün bizə su və hava kimi lazımdır. Azərbaycan həqiqətlərini dünya ictimaiyyətinə çatdırmaq üçün lazımdır. Erməni fitnəkarlıqlarının Dünya ictimaiyyətini çaşbaş salan yalan məlumatlarını ifşa etmək üçün lazımdır. Hər bir azərbaycanlı öz milli mənsubiyyətinə görə qürur hissi keçirməli və biz azərbaycançılığı –Azərbaycan dilini, mədəniyyətini, milli-mənəvi dəyərlərini, adət-ənənələrini yaşatmalıyıq.
Unutmamalıyıq ki, hər qarışı şəhid qanı ilə suvarılmış torpaqlarımız ata-babalarımızın əmanətidir. Əmanəti qorumaq isə mənəvi borcumuzdur.
Tədbirin ədəbi-bədii hissəsi qurtardıqdan sonra, liseyin şagirdləri VMA-nın sədri Mirzəyeva Ayna, üzvlər Bədəlova Elnurə və Koroğluyeva Lalənin köməkliyi ilə hazırladıqları hədiyyələri İnternat məktəbinin şagirdlərinə təqdim etmişdir. Internat məktəbinin şagirdlərinin sevincini, məmnunluğunu görən liseyin şagirdləri bu ənənələrini gələn il də davam etdirəcəklərinə söz vermişdir.

 

Təşkilatçı: Şirinova Aytəkin
 

 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !