Müstəqilliyə gedən yolun başlanğıcı -

Müstəqilliyə gedən yolun başlanğıcı

19 yanvar tarixində Sumqayıt şəhər “Təfəkkür” liseyində 20 yanvar şəhidlərinin əziz xatirəsinə həsr edilmiş tədbir keçirilmişdir. Tədbirdə liseyin müəllim və şagirdləri çıxış edərək 1990- cı il yanvarın 19-dan 20- nə keçən gecə Sovet ordusunun, erməni quldur dəstələri ilə birgə Azərbaycan xalqına qarşı həyata keçirdiyi terror aktı haqqında tədbir iştirakçılarına məlumat vermişdir.
“Təfəkkür” liseyinin 10 R sinif şagirdi Abulova Ülviyyə və Əsədli Zərqələm öz çıxışlarında bildirmişdir ki, Azərbaycanın azadlığı və ərazi bütövlüyü uğrunda mübarizə tarixinə qəhrəmanlıq səhifəsi kimi daxil olmuş, 1990- cı ilin 20 yanvarında ölkəmizə qarşı ərazi iddiaları irəli sürən Ermənistanın təcavüzkər hərəkətlərindən və keçmiş SSRİ rəhbərliyinin onlara havadarlığından hiddətlənən, Bakının küçələrinə və meydanlarına çıxaraq buna öz qəti etirazını bildirən geniş xalq kütlələrinə qarşı sovet ordusunun döyüş hissələrinin yeridilməsiAzərbaycanda misli ğörünməmiş faciəyə gətirib çıxardı. Həmin faciəli günlərdə öz ölkəsinin , xalqının azadlığını, şərəf və ləyaqətini hər şeydən uca tutan mərd Vətən övladları canlarından keçərək, şəhidlik zirvəsinə ucaldılar. Böyük itkilərlə, günahsız insanların qətli ilə nəticələnən 20 Yanvar faciəsi Mixayıl Qorbaçov başda olmaqla cinayətkar imperiya rəhbərliyinin Azərbaycana qarşı xəyanətkar siyasətinə dözməyən, öz azadlığına müstəqilliyinə can atan Azərbaycan xalqının həm də mübarizliyini, əyilməzliyini, məğrurluğunu nümayiş etdirdi.
Sonra Liseyin şagirdlərinin hazırladığı ədəbi- bədii kompozisiya tədbir iştirakçılarına təqdim edilmişdir. Şagirdlər Əliyeva Zülfiyyə, İmanzadə Nənəş, Behbudov Heydər, Abdullayeva Leyla, Hacıyev Murad, Qurbanov Vüqar, Məhərrəmli Rəhman şeir söyləmiş, Cəbrayılov Riad, Səfərova Səda, Məhərrəmli Rəhman şəhidlərə aid və Vətənpərvərlik ruhunda mahnılar oxumuş və 7a sinif şagirdləri İsmayılova Anarə, Əmikişiyev Elməddin, Sərdarlı Səmanur həmin qanlı gecənin qurbanları olmuş İlham və Fərizənin səhnəsini canlandırmışdır. Tədbirdə eyni zamanda “Təfəkkür” liseyinin V sinif şagirdlərindən ibarət xor dərnəyi də iştirak etmişdir. Tədbir boyunca şagirdlərə həmin gecəni əks etdirən təqdimat göstərilmişdir.
Sonra tədbirdə Liseyin tarix müəllimi Mirzəyev Rəzi çıxış etmişdir. O, qeyd etmişdir ki, 1990- cı ilin 20 yanvarında keçmiş sovet dövlətinin hərb maşınının Azərbaycan xalqına qarşı həyata keçirdiyi qətllər insanlığa qarşı törədilmiş ən ağır cinayətlərdən biri kimi bəşər tarixində qara səhifə olaraq qalacaqdır. Milli azadlığı, ölkəsinin ərazi bütövlüyü uğrunda mübarizəyə qalxmış dinc əhaliyə divan tutulması, kütləvi terror nəticəsində yüzlərlə günahsız insanın qətlə yetirilməsi və yaralanması totalitar sovet rejiminin süqutu ərəfəsində onun cinayətkar mahiyyətini bütün dünyaya bir daha nümayiş etdirdi.
Tədbiri liseyin tarix müəllimi S. Sadıxova davam etdirmişdir. O öz nitqində bildirmişdir : “ Vətən şəhidlərini heç vaxt unutmayacaq. 20 Yanvar Azərbaycan xalqının hüzn və şərəf günüdür. Xalqımız bu faciədə həyatdan getmiş övladlarına matəm saxlamaqla bərabər, eyni zamanda onların şəhidlik zirvəsinə baxaraq başını dik tutmalıdır. Çünki Vətən və torpaq şəhidləri ilə ucalır. Bu faciə Azərbaycan xalqını qorxutmaq, onun milli oyanışını, torpaq uğrunda mübarizliyini məhv edib sındırmaq məqsədi daşıyan mənfur planın tərkib hissəsi idi. 1990- cı ilin 20 Yanvarından ötən illəri bir qayda olaraq yalnız kədər, hüzn , matəm kimi qeyd etmişik, şəhidlərimizin ruhunu ağı və sızıntı ilə anmışıq. Ümumxalq hüzn günü – bu əhval təbiidir. Amma bir şeyi unutmamalıyıq ki, 20 Yanvar Azərbaycan xalqının tarixində, sadəcə , ağrı və acı ilə xatırlanacaq gün deyil. Bu gün həm də xalqımızın şan və şərəf günüdür. Unutmamalıyıq ki, həmin gün küçələri boyamış al şəhid qanı bir anlamda milli məfkurəmizin oyanan günəşinin qırmızı şəfəqini simvolizə edir.
Tədbir tarix müəllimi Quliyev İlqarın nitqi ilə davam etdi. İlqar müəllim çıxışında bildirmişdir: “ Heç şübhəsiz ki, XX əsrdə ən qanlı terror aktları sırasında 20 Yanvar cinayəti də var. Bu, bəşəriyyət və insanlıq əleyhinə törədilmiş dəhşətli əməl idi. Dinc əhaliyə qarşı həyata keçirilən cəza tədbirləri zamanı 1949-cu ilin Cenevrə Konvensiyasının, Beynəlxalq Hərbi Tribunalın Əsasnaməsinin, Beynəlxalq İnsan haqqları Bəyannaməsinin, insan haqqlarına dair digər beynəlxalq aktların çoxsaylı müddəaları pozulmuşdur. Bu hadisəyə emosiya, kədər, yaxud mübarizlik səlnaməsi kimi münasibətlə yanaşı, bir qədər də soyuqqanlı olub, o hadisələrin gerçək mahiyyətini dünya birliyinin, çeşidli beynəlxalq təşkilatların önünə qoymaq barədə düşünməli, 20 Yanvara beynəlxalq- hüquqi qiymətin verilməsinə çalışmalıyıq.
Tədbirin sonunda “Təfəkkür” liseyinin direktoru Bəsirə Ağayeva çıxış edərək bildirmişdir ki, 20 Yanvar Azərbaycan xalqının tarixində yalnız qara çərçivədə anılası gün olmamalıdır. Biz bu günün gerçək önəmini onun hüzn və şərəfi ilə birgə yaşamalıyıq. Ən önəmlisi isə bu tarixi , 20 Yanvar faciəsinin Azərbaycan xalqına qarşı məqsədli qırğın, soyqırım kampaniyasının bir halqası olduğunu dünyaya tanıtdırmağı bacarmalıyıq. Ona görə yox ki, dünya da bizim hüznə şərik olub matəm tutsun. Ona görə ki, dünya Azərbaycanın və azərbaycanlıların tarixini olduğu kimi dərk etsin. O gün Moskvada matəm saxlayan Heydər Əliyevin etiraz səsi bütün dünyaya yayıldı. O gün heç kəs başını aşağı əymədi. Biz şəhid verdik, lakin qalib gəldik. Biz nə əyildik, nə sındıq. O gün “Azadlıq” sədası göylərə qalxdı. Biz o azadlığı qanımız bahasına əldə etdik. Elə bir gün olmur ki, Şəhidlər xiyabanı adamsız, yalqız qalsın. Dövlət başçımızın ğörüşünə gələn xarici qonaqlar da buranı ziyarət edir, şəhidlərin şərəfinə yandırılan əbədi məşəl qarşısında baş əyirlər. İndi nəyin bahasına olursa- olsun biz hamımız azadlığımızı qorumalıyıq. Budur bizim şəhidlər qarşısında müqəddəs borcumuz! Ruhunuz şad olsun! Sizin Azərbaycanın suverenliyi, müstəqilliyi, azadlığı, firavan gələcəyi uğrunda axıtdığınız qan hədər getməyib. Hər birimiz Şəhidlər xiyabanına gedərkən içərimizdə xəfif titrəyiş hiss edirik. Oradan qayıdanda isə bu titrəyiş qürur hissi ilə əvəz olunur. Başqa cür ola da bilməz!


 

 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !