Moskvada Azərbaycanlılar Rusiyada: biznes, mədəniyyət, xeyriyyəçilik mövzusunda dəyirmi masa keçirilmişdir -

Moskvada “Azərbaycanlılar Rusiyada: biznes, mədəniyyət, xeyriyyəçilik” mövzusunda “dəyirmi masa” keçirilmişdir

Martın 4-də Rusiyanın “RİA Novosti” Beynəlxalq İnformasiya Agentliyində “Rusiya hamı üçün” layihəsi çərçivəsində “Azərbaycanlılar Rusiyada: biznes, mədəniyyət, xeyriyyəçilik” mövzusunda “dəyirmi masa” keçirilmişdir. M.V.Lomonosov adına Moskva Dövlət Universitetinin (MDU) tarix fakültəsinin dekan müavini, “Sever-Yuq” Siyasi Mərkəzinin baş direktoru Aleksey Vlasovun moderator olduğu “dəyirmi masa”da MDB-nin tarix fakültəsinin dosenti İsmayıl Ağakişiyev və Rusiya Azərbaycanlı Gənclər Birliyi (RAGB) İdarə Heyətinin üzvü Emin Hacıyev iştirak etmişlər.
İsmayıl Ağakişiyev bildirmişdir ki, Azərbaycan ilə Rusiya arasında münasibətlərin çox dərin kökləri vardır. Cənubi Qafqazda ən böyük rus diasporu Azərbaycandadır. Əgər Ermənistanda hazırda 3 mindən bir qədər artıq rus yaşayırsa, Azərbaycanda yaşayan rusların sayı təxminən 50 min nəfərdir. Azərbaycanın bütün təhsil müəssisələrində rus dili bölmələri vardır. Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyev hələ ötən əsrin 70-ci illərində hakimiyyətə gəldikdən sonra Azərbaycan çiçəklənən Respublikaya çevrildi, təkcə Rusiyada deyil, həm də Avropada və dünyada tanınmağa başladı. O vaxt Azərbaycanlı gənclər Rusiya ali məktəblərinə təhsil almaq üçün göndərilirdilər. Həmin siyasətin nəticəsidir ki, hazırda Rusiyada mükəmməl Azərbaycan diasporu fəaliyyət göstərir.
Aleksey Vlasov qeyd etmişdir ki, ilk belə “dəyirmi masa” “Rusiya və rusiyalılar” mövzusunda keçirilmişdir. Həmin tədbirdə natiqlərdən biri belə bir fikir söyləmişdi ki, hazırda postsovet məkanında orta və gənc nəsil arasında uçurum yaranmışdır. Orta nəsil keçmiş sovet ittifaqı çərçivəsində birgə yaşayış dövrünü yaxşı xatırlayır, Rusiya reallıqlarından xəbərdardır, rus mentalitetini, dəyərlərini və dilini yaxşı bilir. Gənc nəslin isə artıq təmas nöqtələri azdır, Rusiyaya marağı yetərincə deyildir. Azərbaycan gənclərində bu sindrom nəzərə çarpırmı?
RAGB-nin İdarə Heyətinin üzvü Emin Hacıyev vurğulamışdır ki, müasir dövrdə Rusiyadakı Azərbaycan gənclərinin ciddi şəkildə təşkilatlanmasına 2008-ci ildən başlanmışdır. Həmin il Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın təşəbbüsü, Azərbaycan və Rusiya gənclər nazirliklərinin dəstəyi ilə Rusiya Azərbaycanlı Gənclər Birliyi yaradılmışdır. Təşkilatın başlıca vəzifəsi Azərbaycan gənclərinin yaşadıqları, təhsil aldıqları cəmiyyətə düzgün inteqrasiyasının təşkilidir. RAGB Rusiyada çoxlu sayda mədəni-kütləvi tədbirlər keçirir. Moskvanın 30-dan çox qabaqcıl təhsil müəssisəsində Azərbaycan tələbə klubları yaradılmışdır. Bundan əlavə, RAGB-nin Rusiya regionlarında 70-dən çox bölməsi fəaliyyət göstərir. E.Hacıyev demişdir: “Başlıca məqsədlərimizdən biri də tədbirlərimizə rusiyalı tələbələrin cəlb olunmasıdır. Məsələn, RAGB-nin təşkilatçılığı ilə hər il Heydər Əliyev Kuboku uğrunda mini-futbol yarışları keçirilir. Turnirdə 33 komanda iştirak edir. Hər bir komandanın oyunçularının yarısı rusiyalı, bəzən də əcnəbi tələbələrdir. Bu yaxınlarda Rusiya Gənclərin İşləri üzrə Federal Agentliyinin və Rusiya Təhsil və Elm Nazirliyinin dəstəyi ilə “Liderlik və fəal vətəndaş mövqeyi” mövzusunda qış məktəbi keçirmişik. Məktəbdə müxtəlif millətlərdən olan gənclər iştirak edirdi. Bir sözlə, biz əməkdaşlığa hazırıq və hamını, ilk növbədə rus gənclərini əməkdaşlığa dəvət edirik”.
Aleksey Vlasov mövzunu davam etdirərək demişdir ki, son vaxtlar Rusiya ali məktəblərində Azərbaycan tarixi və dilinin tədrisinə başlanılmışdır. Bəs Rusiya gəncləri Azərbaycan tarixinə və dilinə maraq göstərirlərmi?
İsmayıl Ağakişiyevin fikrincə, hər bir vətənpərvər azərbaycanlı və ya rusiyalı Azərbaycanın və Rusiyanın tarixinə laqeyd yanaşa bilməz, çünki bu tarixlər bir-biri ilə sıx bağlıdır. O demişdir: “Hazırda dünyanın aparıcı ali məktəblərindən biri olan MDU-nun tarix fakültəsində yaxın xarici ölkələr tarixi kafedrası, Rusiya Dövlət Humanitar Universitetində postsovet ölkələri kafedrası fəaliyyət göstərir, Azərbaycan dili və Azərbaycan coğrafiyası tədris olunur. Əlbəttə, Azərbaycan tarixini və dilini öyrənən hər bir rusiyalı gənc artıq Azərbaycanın dostu sayılır. Bu dostluğun tərəfdarları və əleyhidarları vardır. Mən iki ölkə arasında münasibətlərdə heç bir ciddi problem görmürəm. Biz dostluğumuzu qorumalı və inkişaf etdirməliyik”.
“Dəyirmi masa”da qeyd olunmuşdur ki, “2007-2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə Dövlət Proqramı” çərçivəsində Rusiyada 6 mindən çox azərbaycanlı tələbə təhsil alır, müxtəlif peşələrin nümayəndələri, o cümlədən yüksək ixtisaslı azərbaycanlı həkimlər, mühəndislər, hüquqşünaslar fəaliyyət göstərilər. Rusiyada Azərbaycan diasporunun yaranması ilk növbədə Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyev və Rusiya Prezidenti Vladimir Putinin adı ilə bağlıdır. Məhz V.Putin demişdir ki, Rusiyada Azərbaycan diasporu Rusiyada Azərbaycan maraqlarını, Azərbaycanda Rusiyanın maraqlarını dəstəkləməlidir. Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyev Rusiyanın “Müqəddəs Apostol Andrey pervozvannı” ordeninə layiq görülmüş yeganə əcnəbi vətəndaşdır. Bütün bunlar Rusiyanın Azərbaycana xüsusi münasibətinin təzahürüdür.
Tədbirin sonunda Rusiya Azərbaycanlı Gənclər Birliyinin fəaliyyətinə həsr olunmuş film nümayiş etdirilmişdir.(AzərTAc).

 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !