“İRƏLİ” İqtisad Mərkəzi süd zavoduna praktiki ekskursiya təşkil edib
Bu xəbəri paylaş
4 aprel tarixində “İRƏLİ” İqtisad Mərkəzinin “Təcrübi İqtisadiyyat” layihəsinin iştirakçıları süd məhsulları bazarında fəaliyyət göstərən “Milk-Pro” MMC süd məhsulları zavodunda praktiki ekskursiyada olublar.
Praktiki ekskursiyada iştirak etmək üçün layihə iştirakçıları əvvəlcədən təyin edilmiş “Süd məhsulları bazarı” mövzusu üzrə araşdırmada iştirak ediblər.
Ekskursiya zamanı iştirakçılar “Milk-Pro” MMC-nin marketinq üzrə baş mütəxəssisi Tahir Mehraliyev ilə görüşüblər. İştirakçıları salamlayan Tahir Mehraliyev onlarla birlikdə marketinq barədə diskussiya aparıb. Daha sonra “İRƏLİ” İqtisad Mərkəzinin rəhbəri Bəhman Hüseynli mərkəzin fəaliyyəti və gənclərlə bağlı layihələrdən söz açıb, gənclərə dəstək olduqları üçün şirkət rəhbərliyinə təşəkkür edib.
Layihə iştirakçıları şirkətin istehsalatı ilə də tanış olublar. Keyfiyyət üzrə menecerin rəhbərliyi altında zavodlarla praktiki tanışlıq olub, məhsulların istehsalı birbaşa izlənilib. Hər bir avadanlıq haqqında ətraflı məlumat verilib və onların iş prosesi izzah edilib. Həmçinin görüş zamanı “Təcrübi İqtisadiyyat” layihəsinin iştirakçılarına “Milk-Pro” MMC-nin “Sevimli Dad” brendi adı altında istehsal olunan məhsullarından dadmaq təklif olunub.
Son olaraq araşdırmaları fərqlənən 3 nəfər iştirakçıya şirkətin məhsullarından ibarət hədiyyə paketi təqdim edilib. Eyni zamanda gənclər araşdırdıqları maraqlı məlumatları müzakirə edib, onları maraqlandıran sualları ünvanlayıb və şirkətə təkliflərini bildiriblər.