"Abituriyentlərin imtahana psixoloji hazırlığı" adlı layihə çərçivəsində seminarlar -

"Abituriyentlərin imtahana psixoloji hazırlığı" adlı layihə çərçivəsində seminarlar

Hədəf Kursları 250-dən çox abituriyent və valideynlər üçün psixoloji seminar keçirdi
Seminarın ən fəal iştirakçısı Şimali Kiprdə ödənişsiz ali təhsil alacaq

Hədəf Kurslarının təşəbbüsü ilə iyulun 1-dən 3-dək Bakı Ali Neft Məktəbində (BANM) ali məktəblərə qəbul imtahanlarına hazırlaşan abituriyentlər və onların valideynləri üçün ödənişsiz psixoloji seminar təşkil olunub.

Hədəf Kurslarının mətbuat xidmətindən verilən məlumata görə, seminar Bakı Ali Neft Məktəbi, Lefke Avropa Universiteti və Psixoloji Konsultasiya Mərkəzinin (PCC) dəstəyi ilə baş tutub.

Tədbirdə 250-dən çox abituriyent və valideyn iştirak edib. Seminarın açılış tədbirində çıxış edən BANM-in rektoru Elmar Qasımov bildirib ki, bu tədbir uzun müddət gərgin hazırlıq mərhələsi keçən abituriyentlər və övladlarının həyəcanını bölüşən valideynlər üçün çox vacibdir.

Hədəf Kurslarının baş direktoru, filologiya üzrə fəlsəfə doktoru Şəmil Sadiq isə vurğulayıb ki, cəmiyyətdə savadlı gənclərin yetişməsi və onların uğurlu karyeraya qədəm qoyması yalnız bilikdən yox, həm də psixoloji hazırlıqdan asılıdır: “Bəzən imtahanlara həddən artıq gərgin hazırlaşan abituriyentlərin imtahan vaxtı çətinə düşdüyünü, uğursuzluğunu eşidib təəccüblənirik. Hətta imtahandan sonra depressiyaya uğrayan gənclərimiz də olur. Biz çalışmalıyıq ki, bu cür halların qarşısını alaq, həyatda təzə-təzə formalaşmağa başlayan gənclərə ruh yüksəkliyi aşılamalı, motivasiya verməliyik”.

Lefke Avropa Universiteti Türk dili və Ədəbiyyatı bölümü başkanı cənab Nazim Muradovun layihənin vacibliyini vurğulayaraq qeyd edib ki, gənclərin həyatlarındakı yeni mərhələyə uğurla qədəm qoyması üçün psixoloji hazırlıqları da önəm daşıyır və bu məsələdə valideynlər də övladlarına dəstək verməli, onların çox stress yaşamasına imkan verməməlidirlər.

Üç günlük seminarda PCC-nin mütəxəssisləri psixoloqlar Elnur Rüstəmov, Aygün Ağabalayeva və Ceyran Həsənli “Özünə inam”, “İmtahana necə hazırlaşmalı”, “Doğru, sürətli və etibarlı qərarlar qəbul etmə bacarığı” və “Valideyn abituriyentə necə dəstək verməlidir” mövzularında çıxış ediblər. Həmçinin LAU-unun dosentləri Nazim Muradov və Nərgiz Bulut, Hədəf Kurslarının psixoloqu Əli İbrahimbəyli də çıxış ediblər. Seminarın sonuncu günü Famil İsayevin “Doğru ixtisas seçimi: ixtisas və siz” mövzusunda maraqlı seminarı olub.

İnteraktiv formatda və diskussiya şəraitindən keçirilən tədbir çərçivəsində iştirakçılar BANM-in binası və dərs şəraiti ilə də tanış olublar. Tədbirin bağlanma mərasimində sertifikatlar paylanılıb, Hədəf Kurslarının özfəaliyyət qrupunun da iştirakı ilə musiqili proqram təşkil olunub.

Tədbirdə fəallıq göstərən abituriyentlərdən biri LAU-nun ekspertləri tərəfindən seçilərək, həmin universitetdə pulsuz ali təhsil almaq imkanı qazanacaq. Bu barədə yaxın günlərdə məlumat veriləcək.

***
 

 

"Abituriyentlərin imtahana psixoloji hazırlığı" adlı layihə çərçivəsində təşkil olunacaq seminar-treninqin
PROQRAMI

Seminarların keçiriləcəyi yer - Bakı Ali Neft Məktəbinin akt zalı
Ünvan: Neftçilər prospekti 73, Bakı AZ 1000 (Xətai metrosu st. yaxınlığında)

I GÜN. 01 iyul 2013-cü il
09:30-10:00- İştirakçıların qeydiyyatı
10:00- Rəsmi açılış və Protokol çıxışları
- Bakı Ali Neft Məktəbinin rektoru cənab Elmar Qasımovun iştirakçıları salamlama nitqi.
- Hədəf Kursları Baş Direktoru cənab Şamil Sadiqovun layihə haqqında ümumi məlumat xarakterli nitqi.
- Lefke Avropa Universiteti Türk dili və Ədəbiyyatı bölümü başkanı cənab Nazim Muradovun layihənin vacibliyi haqqında çıxışı.
10:45-11:00- Fasilə
11:00-12:00- Özünə inam - Elnur Rüstəmov (PCC)
12:00-12:30- Çay fasiləsi
12:30-13:30- İmtahanlara psixoloji hazırlığın yolları- Doç.Dr. Nergüz Bulut Serin (LAU)

 

 

 

 

 

II GÜN. 02 iyul 2013-cü il

A salonu (Böyük Akt zalı) -Abituriyentlər üçün

09:30-10:00- İştirakçıların qeydiyyatı
10:00-11:00- İmtahanda zamanın düzgün bölünməsi- Ceyran Həsənli (PCC)
11:00-11:30- Çay fasiləsi
11:30-12:30- Doğru, sürətli və etibarlı qərarlar qəbul etmə bacarığı- Aygün Ağabalayeva (PCC)
12:30-13:00- LAU haqqında qısa video rolikin nümayişi
13:00- 14: 00- Abituriyentlərin Bakı Ali Neft Məktəbinin tədris korpusu ilə tanışlığı


B salonu (Kiçik Akt zalı) - Valideynlər üçün

10:00-11:00- Valideyn abituriyentə necə dəstək olmalıdır- Elnur Rüstəmov (PCC)
11:00-11:30- Çay fasiləsi
11:30-12:30- Valideyn abituriyent münasibəti- Doç.Dr. Nergüz Bulut Serin (LAU) və Əli İbrahimbəyli (Hədəf Kursları)
12:45-13:15- Xaricdə təhsilin üstünlükləri- Doç.Dr. Nazim Muradov (LAU)


III GÜN. 03 iyul 2013-cü il

A salonu (Böyük Akt zalı)

09:30-10:00- İştirakçıların qeydiyyatı
10:00-11:00- Imtahana psixoloji hazırlıq - Elnur Rüstəmov (PCC)
11:00-11:30- Çay fasiləsi
11:30-12:00- Düzgün ixtasas seçimi- Famil İsayev (Hədəf Kursları)
12:00-13:00- İmtahan həyacanını minumuma endirmə işində nəfəsalma və rahatlama məşqləri - Doç.Dr. Nergüz Bulut Serin (LAU)

13:00-13:15- LAU-dan təqaüd qazanan şagirdlərin adlarının açıqlanması

13:30- İştirakçılara sertifikatların verilməsi

Xatirə şəklinin çəkilməsi
Hədəf özfəaliyyət qrupunun çıxışı
 

Bakı Ali Neft Məktəbi, Lefke Avrupa Universiteti, "Hədəf Kursları" MMC, Psixologiya və Konsultasiya Mərkəzinin birgə təşkilatçılığı ilə 1, 2, 3 iyul 2013-cü il tarixlərində BANM-nin əsas tədris korpusunda "Abituriyentlərin imtahana psixoloji hazırlığı" adlı layihə çərçivəsində seminarlar təşkil olunacaq.
Seminarların keçirilməsində əsas məqsəd qəbul imtahanlarına hazırlaşan abituriyentlər üçün imtahan öncəsi və imtahan zamanı yaranan həyacan və narahatçılığın aradan qaldırılması və idarə olunmasına kömək etməkdir.
Seminar-treninqlər zamanı abituriyentlərdə özünə inam, diqqət və konsentrasiya, stress, həyacan, ümidsizlik, qərarsızlıq və s. aradan qaldırılması, imtahan müddətində zamanın düzgün bölünməsi, imtahan sonrası ixtisas seçimində doğru qərar vermələri və s. kimi mövzular ətrafında seminarlar keçiriləcək. Proqram abituriyentin özünü daha yaxşı tanımasını və bilik potensialını kəşf edərək, öz mükəmməlliyinə çatmasına tohvəsini verəcəkdir.
Treninqlərdə Respublikamızın tanınmış psixoloqları ilə yanaşı, Türkiyə Cümhuriyyəti və Şimali Kipr Türk Respublikasının nüfuzlu ali məktəblərindən olan Lefke Avropa Universitetindən dəvət olunmuş 2 professor da seminar verəcək. Treninq-seminarda abituriyentlərlə yanaşı onların valideynləri də iştirak edə bilərlər.
Beynəlxalq təcrübəyə əsaslanaraq deyə bilərik ki, imtahan öncəsi bu tip seminarlarda dinləyici olaraq iştirak edən abituriyentlər qəbul imtahanlarında daha yaxşı nəticə göstərirlər.
Əziz abituriyentlər, imtahan öncəsi və imtahan zamanı yaranan həyacan və narahatçılığınızın aradan qalxmasina biz kömək edəcəyik.
Psixoloji seminarlarda dinləyəci kimi iştirak etmək istəyən abituriyentlər əvvəlcədən http://hedef.edu.az/psixoloji-seminar elektron ünvan vasitəsilə onlayn qeydiyyatdan keçməlidirlər. Seminarlarda iştirak ödənişsizdir.
Seminarın ən aktiv iştirakçısı 4 il müddətində Kipr Lefke Avrupa Universitetində ödənişsiz ali təhsil almaq hüququ qazanacaq.
Xatırladaq ki, layihənin baş tutmasında- www.azpress.az, publika.az, İSQ jurnalı, kitabevim.az və "Həmrəy" gənclərin maarifləndirilməsinə dəstək ictimai birliyi köməklik göstərirlər.

Əlaqə telefonları: +994 12 563 30 92., +994 55 263 72 27.

 

 


 

 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !