İSTƏNILƏN ADAMIN QARŞISINDA PLANŞET, ISTƏDIYI XƏBƏRI AÇIB OXUYUR -

“İSTƏNILƏN ADAMIN QARŞISINDA PLANŞET, ISTƏDIYI XƏBƏRI AÇIB OXUYUR”

Rasim Sadıqov: “Qəzet maraqlı olsun deyə, məqalələrə fotoreportajlar verilməlidir”
Otağına daxil olanda gənc bir xanıma nələrisə başa salırdı. Xanımın çəkdiyi fotoları kompüterdə ona göstərə-göstərə dərs keçirdi: «Bax, bu nədi? Niyə burda boş yer saxlamısan, arxada duranların sifəti görünmür. Elə bunu bir az aşağı salardın, bu lazımsız görüntülərdənsə, arxada dayananların kimliyi bilinərdi. Sonra, bu şəkil… Hər iki tərəfdən nə qədər boş yer var. Keçir digər fotoya; bu şəkildə yenə obyektivi aşağıdan götürmüsən. «BMM»in loqosu yarımçıq düşüb… Bu xanımın yanında oturan bilirsən kimdi? Bilmirsən. O qadın alimdi. Hiss olunur ki, tanımırsan deyə, önəm verməmisən. Sən gərək hamıyla tanış olasan, tanıyasan, münasibət yaradasan. Səni də tanısınlar. Digər şəkil: bax, bu yaxşıdı…»
Beləcə bircə-bircə fotoları şagirdinə fotoqraf dili ilə şərh edir. Bir az da tələsir, bilir ki, onu gözləyirəm. Müsahibə üçün razılaşmışıq;
- Bunu da deyim, qurtaraq. Demişəm, tez yat. Səhər dura bilmirsən. Saat 11 deyilibsə, həmin vaxt orda olmalısan. Elə eləmə ki, anana səndən şikayət eləyim… Qurtardıq. Gedə bilərsən…
Hər fotodan Azərbaycan tarixinin boylandığı şəkilli otaqda söhbətə başlayırıq.

 


- Rasim müəllim, şagirdiniz idi?
- Bəli. Fotomüxbirlik öyrənir. Açığı, bugünkü mətbuatda, mən fotomüxbir sənətini görmürəm. Olsa da, çox azdı. Sanki mətbuat səhifələrində fotolardan foto xatirinə istifadə olunur. Məqalə verirlər, şəkil xətrinə bir şəkil yerləşdirirlər. Nə var-nə var, səhifə bir az bəzənsin. Amma məsələn, mənim mətbuatda çalışdığım vaxtlarda bəzən bütün səhifədə silsilə fotolar, fotoreportaj verirdik. Bəzən bir səhifədə 10-12 foto yerləşdirirdik. Ya da 2-3 foto verirdik, bununla böyük bir tədbirin ab-havası duyulurdu. Buna deyirlər, «danışan foto». İndi belə şeylər artıq yoxdur. Elə bil ki, candərdi – səhifəyə bir məqalə qoyurlar, yanına da bir şəkil, ya danışanın şəklini, ya da yazanın. Bir də görürsən, yazıya tamamilə aid olmayan bir şəkil qoyublar. Google «vururlar», ordan nə çıxır, onu götürürlər. Bu, fotomüxbirlik sənətinin inkişafına heç bir müsbət təsir göstərmir. Ümumiyyətlə hazırda Azərbaycan mətbuatında fotomüxbirlik demək olar ki, yox dərəcəsindədir. Bakıda bu dəqiqə böyük tədbirlər keçirilir. Həm yerli, həm beynəlxalq. Kim deyir ki, çəkməyə bir şey yoxdu, yalan deyir. Çəkməyə saysız-hesabsız material var. Mən Azərbaycan Fotoqraflar Dərnəyinin Ağsaqqallar Şurasının üzvüyəm. Bizdə bir fotoqraf var. Ağcabədidə qaçqın düşərgəsindən fotolar çəkib. O fotolara baxdım, dəhşətə gəldim. İndiyə qədər mən bilmirdim ki, bizdə hələ də bu səviyyədə qaçqın düşərgəsi qalıb. Deməli, mövzu var, axtaran tapır. Savadlı gəncdi. Fikirləşib ki, hansı mövzuda işləyim, gedib oradan o acınacaqlı anları çəkib gətirib. O fotolara baxanda məndə artıq təsəvvür yarandı ki, orada insanlar hansı şəraitdə yaşayır. Bu, faciədir. Hətta mən ona dedim ki, yenə ora get, yenə fotolar çək. Çünki sabah o kadrlar artıq olmayacaq. Ancaq biz bu kadrları fakt kimi erməninin gözünə soxacağıq ki, siz insanları bu vəziyyətə salmısınız. Düzdü, cənab Prezidentin sərəncamı ilə qaçqın və köçkünlər üçün evlər tikilir, bu düşərgələr ləğv olunur. Amma sabah biz alçaq ermənilərə də, ikili standartlı dünya dövlətlərinə də, beynəlxalq təşkilatlara da sübut etməliyik ki, qaçqınlarımız, məcburi köçkünlərimiz bax, bu vəziyyətdə yaşamağa məhkum ediliblər. Sözümün canı odur ki, bütün bunlar fotomüxbirlik sənətində öz yerini tapmalıdır. Fotoreportajlar veriləndə müəllifin adı həmişə çəkilməlidir. Həm də bu, tarix üçün lazımdı. Yadıma gəlir ki, 90-cı illərdə fotoreportajlarım veriləndə «foto S.Rasim» kimi təqdim olunurdu. Bir dəfə Ağdama getmişdim, icra hakimiyyətinə, o vaxt hələ katiblik idi. Dedim, içəridə bildirin ki, fotomüxbir S.Rasim gəlib. Bunu deyəndən sonra məni tez qəbul elədilər. Demək istəyirəm ki, imzam verildiyi üçün adım çıxmışdı, ancaq üzdən çox adam tanımırdı. Bu mənada deyirəm ki, fotomüxbirin də müəlliflik hüquqları qorunmalıdır.

 


- Çəkdiyiniz fotoları qəzetlərə verirdiniz?
- Bəli. 80-ci illərin sonunda Azərbaycan mətbuatına fotoları mən verirdim. Hətta deyirdilər ki, a, bu Rasimin neçə əli var? Hər yerə foto paylayırdım. Məqsədim də bu idi ki, lider olmalıyam. Bilirsiz, həm də məqam yaranmışdı. Bazar açılmışdı. Amma mən fotomüxbirliyə təzə başlayanda ermənilər, yəhudilər çox idi. Mən «Ədəbiyyat» qəzetində işləyirdim, Nəriman Həsənzadə də baş redaktor idi. O vaxt maraqlı bir situasiya yaranmışdı. Heydər Əliyevin şəklini çəkmək lazım olub. Səhv etmirəmsə, bu, ulu öndərin Moskvaya «Politbüro»ya çağırılması vaxtı idi, «Azərtac»dan fotomüxbir istəyiblər. Orda da bircə nəfər Yaşar Xəlilov azərbaycanlı idi. O da bölgələrdə səfərdə olub, başqalarını göndəriblər. Heydər Əliyev də əsəbiləşib ki, azərbaycanlı yoxdu, gah erməni gəlir, gah cuhud gəlir. «Azərtac»ın fotoxronika şöbəsinin direktoru Qurviç əl-ayağa düşüb, Nəriman müəllimə zəng edib ki, «u tebya tam xoroşiy fotoqraf yest? Ya tebya proşu, sroçno prişli ko mne». Bəs, Heydər Əliyev azərbaycanlı fotoqraf istəyir, Yaşar da rayondadır. Nəriman müəllim məni çağırdı ki, bəs gedirsən, filan yerə. Mən də cavan uşaq idim. Dedim ki, Nəriman müəllim, mən qorxuram. Rəhmətlik zəhmli idi axı… Nəriman müəllim də şairlərə məxsus «tərzdə» qorxuluğumu götürdü. Şair tayfasıdı da. Getdim, yaxşı kadrlar çəkdim. Sonra Qurviç məni «Azərtac»a dəvət etdi. Nəriman müəllim dedi ki, getmə, sənə imkan verməyəcəklər, işləyə bilməyəcəksən. Mənə 1 ay müddət verdi. Getdim, həqiqətən də gördüm ki, ermənilər, yəhudilər azərbaycanlıları sıxışdırır. Ən ağır yerlərə məni göndərirdilər. Sözümün canı budu ki, o vaxt irəli getmək çox çətin idi. 80-ci illərin sonu, 90-cı illərdə isə artıq imkan yarandı, mən də yaranmış şəraitdən istifadə edib meydana atıldım. Həm də öz komandamla. Azərbaycanlı uşaqlar vardı ətrafımda. Dilavər Nəcəfov, Elçin Quliyev idi, «Exo Sumqaita» filmini çəkən oğlan. Biz atıldıq meydana və bazarı ələ almağa başladıq. Çünki sabaha inam yox idi, fikirləşirdik, birdən bu ermənilər geri qayıdar. Vəzirov çıxıb deyirdi ki, erməni qardaşımızdı. Ona görə də çalışdıq ki, yaranmış boşluqdan maksimum istifadə edək.
(«Foto S.Rasim» danışdıqca mənim nəzərlərim divarlardakı fotolarda gəzişirdi. Görənlər, tanıyanlar bilir; Azərbaycanın müasir tarixinin, milli-azadlıq hərəkatının fotolarla danışan dilidi bu otaq. Meydanda çəkilmiş fotolar da var təbii ki…

 


- Həm də sözün həqiqi mənasında Meydanda olmusunuz…
- Bilmirəm e, necə izah edim… Azərbaycanın milli bayrağını görəndə biz ağlayırdıq… Mənim belə anlarım olub. Əvvəllər Meydanda ancaq Azərbaycan SSR-in bayrağı vardı. Hər tərəfdə sovet bayrağı, birdən mərkəzdə Milli bayrağımız qaldırıldı. Uzun bir saplağı vardı. Milislər ona yaxınlaşır, camaat da guya ki, sıxlıqdır, sıxlaşırlar, milisləri ortaya buraxmamağa çalışırlar, 10 dəqiqə mənə bəs etdi ki, o anları çəkim. Həm ağlayıram, həm də çəkirəm...
Cəbhə bölgəsinə getdiyimizə görə, heç kim bizə bir qəpik pul vermirdi. Özümüz gedirdik. Vətənimizdə müharibə gedirdi, biz də olanları çəkməliydik. Azadlıq hərəkatına olan sevgi, maraq bizi ora aparırdı. Bizdə fanatikcəsinə sevgi vardı Vətənə, torpağa.

 


- Həm də bu, illərlə yığılıb qalmış hisslər, arzular idi. İnsanların qəlbindən gəlirdi, yəni burada emosiyaları gizlətmək mümkün olur artıq…
- Bəli.

 


- Rasim müəllim, Meydanda çəkdiyiniz fotoları hara təqdim edirdiniz, konkret bir ünvan vardı?
- Yox, sərbəst, özüm üçün, tarix üçün çəkirdim. Düşünürdüm ki, vaxt gələcək istifadə ediləcək. Onda hələ «Ədəbiyyat» qəzetində fotomüxbir kimi ştatda idim. Mitinqlər gedirdi, mən də Meydanda olurdum və Nəriman müəllim heç vaxt mənə demirdi «getmə». Özüm üçün, müstəqil fotolar çəkirdim. Bizim mətbuat o şəkilləri vermirdi. Amma rus mətbuatı verirdi.
Mənim mitinqə getməyim necə baş verib, deyim. Düzdü, çəkirdim, ancaq o dərəcədə yox. Bir dəfə rəhmətlik Nəcəf Nəcəfov mənə dedi ki, Rasim «Komsomolskaya Pravda»dan şəkillər istəyirlər. O vaxt rəhmətlik «Molodej Azerbaycana» qəzetində işləyirdi. Dedim, problem yoxdu, çəkərəm. Dedi, yox, məni başa düşmədin, bu, sadə məsələ deyil. Neçə nəfər ora gedib, hamısı döyülüb. Ki, «KQB»-nin adamıdır. Sən elə şərait yaratmalısan ki, sənə toxunmasınlar. Həqiqətən çətin idi. Camaat elə bilirdi, şəkil çəkənlər göndərilmiş adamlardı. İnamsızlıq vardı. Sübut eləyənə kimi iş-işdən keçirdi. Tülkü məsələsidi… Getdim çəkilişə. Gördüm ki, vəziyyət gərgindi. Fotoaparatı çıxardım bir-iki kadr çəkdim, gördüm artıq məni yavaş-yavaş dövrəyə alırlar. Əlimdə də diplomat. Başa düşdüm ki, o birilərin taleyi məni də yaxalaya bilər. Səslər gəlirdi ki, erməniyə işləyir, filan… Xoşbəxtliyim onda oldu ki, orda Elmlər Akademiyasından cavan oğlan vardı, məni tanıdı. Dedi, əşşi nə erməni, bu Rasimdi. «Ədəbiyyat» qəzetində işləyir. Bizim üçün çəkir. Birtəhər camaatı başa saldılar. Bildim ki, Meydanda işləmək mənə çətin olacaq. Nəcəf bəyə dedim ki, mənə lazımdı ki, Elçibəyə tribunada olanda mən 10 dəqiqə onun yanında olum, şəkil çəkim. Meydan məni görsün.

 


- Artıq olacaqdınız Meydanın adamı…
- Hə. Mənə bu lazım idi. Nəcəf bəy Əbülfəz bəylə danışdı, o da razılıq verdi, bununla da Meydan məni qəbul etdi.

 


- Oldunuz inanılmış adam. Özümüzünkü…
- Hə də. Hamı gördü ki, burda bir eynəkli adam var, çənəsində xal, Meydanı çəkir. Daha sonra mənə məhdudiyyət yox idi. Meydanı hər tərəfdən çəkirdim. Çadırları çəkirdim, aclıq edənləri çəkirdim.

 


- Həmin fotoları vurmusunuz divara...
- Hə (göstərir). Bax bu, bayaq dediyim o bayraqdı. İlk Milli bayraq. Sonra bax bu şəkil. Əbülfəz bəy danışır, bu da mənəm…

 


- O şəkillərin hamısını saxlamısınız?
- Əlbəttə. Elə şəkillər var ki… Çoxunu üzə çıxarmamışam. Hamısını saxlamışam. Meydan hərəkatı anbaan fotolardadı.

 


- Həmin fotolardan nəsə fotoalbom kimi böyük bir kataloq deyək, düzəltmək fikriniz yoxdu?
- Yaxın vaxtda şəxsi sayt yaradacam, bəzi şəkilləri ora daxil edəcəm. Amma bütövlükdə fotoalbomun üzə çıxması indi məqsədəuyğun deyil. Hər şeyin öz vaxtı var.
(şəkillərə baxa-baxa gözüm divardakı sayt ünvanına sataşır: Az.PRESS.az. Söhbətimiz sanki «foto Rasim» hər anı kadra köçürür kimi sürətlə getdiyindən, ağlıma gələn sualları sıra gözləmədən verirəm)

 


- Bu nə sayt ünvanıdı belə?
- Bəli, mənim rəhbərlik etdiyim saytdır, şəxsi saytım deyil. Burda mənim fotomüxbir komandam işləyir. Sifariş qəbul edirik. Tədbirlərə, konfranslara, istənilən formada gecə, tanıtım, təqdimat mərasimi. Fotomüxbirlərimiz gedir, fotolar çəkir, sayta yerləşdiririk, sifarişçi baxır, seçir, ödəniş edir, şəkli alır. Bu da həmin fotomüxbirlərin əmək haqqısı hesab olunur.

 


- Yəni, fotoları satırsınız…
- Bəli. Haqqı nədi, odur. Bizdə həm fotomüxbir, həm də tədrismüxbir komandası var. Mən onlara fotomüxbirlik öyrədirəm. Kursu bitirəndən sonra rəsmi sənəd verirəm ki, bu adamlar fotomüxbirlik kursu keçiblər, işləri də saytda əks olunub. Bu da onlara imkan verir ki, gələcəkdə fotomüxbir kimi fəaliyyətlərini davam etdirsinlər. Əsl fotomüxbir kimi. Bir də görürsən biri əlinə kamera alıb, ancaq fotomüxbirliyin nə demək olduğunu bilmir.

 


- Neçə müddətdir bu fəaliyyətlə məşğulsunuz?
- 4-cü ildir.

 


- Niyə vaxtını soruşdum, özüm üçün aydınlaşdırmaq istədim ki, Foto Rasim neçə vaxtdı «haqqın» yolunu tapıb? İllərlə fotoları elə-belə peşkəş eləmisiniz, paylamısınız…
- (Gülür) 4 ildi daha paylamıram. Dedim daha bəsdi… Açığını deyim, satış mütləq olmalıdır. Əmək qiymətini almalıdır. Professional iş o deməkdi ki, bu adamın dolanışığı burdan çıxır. Onun üçün də mütləq satılmalıdır. Bir də görürsən, biri zəng eləyib deyir ki, şəkilləri yığıb qoymusan ora, altından da pulunu yazmısan. Şəkil satırsan sən?! Deyirəm, qardaş, siz neçənci əsrdə yaşayırsız? Dünyanın hər yerində çoxdan onlayn satış sisteminə keçilib. Sən gəlib məndən şəkil istəsən, pul verməyəcəksən? Bu da həmin şeydi. Gəlmək lazım deyil, rəsmi şəkildə pulunu ödə al da. Hökumət də bunu istəyir. Onlayn satışda vergidən yayınmaq olmur. Qeydiyyatdan keçməmiş pullar məsələsi də aradan qalxır. Şəffaflıq yaranır. İşçilərə də başa salıram ki, onlayn vasitəsilə satış edəndə qeydiyyata düşürsünüz, gələcəkdə
əmək pensiyasının hesablanmasında sizə kömək olacaq. Camaat vergidən qorxur. Vergidən niyə qorxmaq lazımdı? Əksinə, vergi bizim xeyrimizədir.

 


- Satış sisteminə keçsəniz də, mətbuatda yenə sizin çəkdiyiniz fotolardı. Xüsusən də tanınmışlar, sabiqlər, eks-prezidentlər, milli-azadlıq hərəkatından yazılanda, qarşıya yenə də «Foto Rasim» çıxır.
- Kasadlıqdı. Heç indi də media fotoya önəm vermir. Bəzən ən tanınmış informasiya agentliyindən ikicə dənə foto istəyirlər. Amma uşaqlara deyirəm ki, siz çəkin, çox çəkin. Bir də görürsən, deyirlər, maraqsız tədbirdi, çəkməyə bir şey yox idi. Bir dəfə uşaqlara dedim, gedək, mən işləyim, siz baxın. Tədbir hardasa 1 saat çəkdi. Uşaqları buraxdım irəli. Dedim, çəkin. Axırda mən 15 dəqiqə işlədim. 30 şəkil çəkdim. Uşaqlar indiyə qədər heyranlıqla danışırlar ki, 15 yox, siz 8 dəqiqəyə 50 şəkil çəkmişdiniz. Maraqlı kadrlar vardı. Biri kompüterlə məşğuldu, biri o birisinin qulağına nəsə pıçıldayır. Biri yanındakına çəp-çəp baxır. Kadrlardan onların bir-birlərinə münasibəti də bilinirdi. Məhz tədbirin mənasız keçməsi hesabına kadr daha çox idi. Bununla sübut elədim ki, həqiqətən də çəkmək olar.

 


- Sifarişləriniz çox olur?
- Olur. Seçirik. Bəzən adı ilə dəvət edirlər ki, filankəs gəlsin. Mən də o işçinin adını bərkdən çəkirəm ki, qoy o biriləri görsün ki, deməli, bu adamı işinə görə artıq tanıyırlar, şəxsən dəvət edirlər. Uşaqlara deyirəm ki, yaxşı sənətkarın həmişə işi var.

 


- Məsələn, toy məclislərindən, şadlıq saraylarından da sifarişlər gəlir?
- Açığını deyim ki, şadlıq sarayları ilə bağlı problem yaranır. Orda sistem çox pis qurulub. Şəkillər bərbad gündə çəkilir. Şəkildə özünü tanımırsan. Nicat adında oğlan vardı, şadlıq sarayından gəlmişdi yanıma öyrənməyə, mən onu fotomüxbir edə bilmədim. Çünki onun beynində artıq xaltura vardı. Şadlıq sarayının fotoqrafına keyfiyyət lazım deyil, o, pul dalınca qaçır. Rəhbərliyə də başa salmaq olmur ki, sənin fotoqrafın mənim ürəyimcə deyil. Mənim işçim var, Elxan. Onu millət vəkili Qənirə Paşayeva, İlhamə Quliyeva, Elza Seyidcahan tədbirlərinə dəvət edir və sözün həqiqi mənasında onun üçün döyüşürlər ki, öz fotoqrafımız çəkəcək.

 


- Şəxsən sizə də qarşı da basqı olub, deyək ki, hansısa tədbirdə, ya toy məclisində.
- Olub, bəli.

 


- Mətbuatda fotomüxbirliyin yeri hansı dərəcədə olmalıdı?
- Deyim də... Təxminən 50-nin 50-yə. Yarıbayarı. Çünki indi elə bir dövrdür ki, texnika elə inkişaf edib, istənilən adamın qarşısında planşet, istədiyi xəbəri açıb oxuyur. Qəzet maraqlı olsun deyə, məqalələrə fotoreportajlar verilməlidir. Fotoreportaj can verməlidi yazıya. Məsələn, şairə var - Şirin xanım Şadiman. Mən onun şeirlərinin yanında uyğun silsilə fotolar yerləşdirirəm, inanın, həmin fotolar şeirləri daha da oxunaqlı edir, özü mənə deyir ki, siz ora şəkilləri düzürsünüz, şeirlərim ikiqat artıq oxunur. "Azərbaycan” qəzetində işlədiyim vaxtlar Qarabağ bölgəsinə gedərdim, onda Bəxtiyar müəllim də zona müxbiri idi. Mən onun reportajlarına həmişə 5-6 foto verirdim. Yazı daha da güclənirdi. Şəkil yazının canıdır. Şəkilə baxırlar, yazını oxumağa da həvəs yaranır oxucuda. İndi görürsən, sensasiyalı başlıqla xəbər verirlər. İçində heç elə məsələ yoxdu, amma xəbəri oxutdurmaq üçün "priyomdan” istifadə edirlər. Xəbəri oxuyan da, peşman olur. Niyə oxucunu aldadırsan, 3-4 dənə maraqlı foto yerləşdir, oxunsun da xəbər. Ən yaxşı yol budur.

 


- Sizcə, niyə mətbuat fotomüxbirliyi arxa plana keçirib? Qəzetçilik gəlir gətirmir ona görəmi, ya başqa səbəblər var?
- Qəzet satılmaq istəyirsə, fotolara geniş yer verməlidir. Tədbirlərdən böyük fotoreportajlar verilsə, qəzet satılar. Fotolar, çox demirəm, 15 faiz qəzetin satışına təsir edə bilər. Az deyil...

 


- Amma indi demək olar ki, əksər qəzetlərdə jurnalistlər özləri həm də fotomüxbirlik edir.
- Bu, fotomüxbirlik deyil. Onlar sadəcə, getdikləri məkanda özləri şəkil çəkir. Altından da yazırlar "fotolar müəllifindir”. Çoxu da keyfiyyətsiz fotolardı. Bəli, jurnalistin şəkil çəkməyi bacarması yaxşıdır, ekstremal vəziyyətlər üçün. Amma fotomüxbirlik tamam başqa sənətdir. Görünür, əlavə olaraq fotomüxbürə də maaş vermək istəmirlər, fikirləşirlər ki, onsuz da keçinərik. Əslində isə qəzetlər fotomüxbir vasitəsilə də qazanc əldə edə bilər. Qəzetlərin də fotomüxbiri və hətta fotomüxbir komandası ola bilər. Fotoları çəkdilər, yerləşdirsinlər saytlarına, arxiv yaratsınlar, elan versinlər və satsınlar. Tutalım "Trend”, ya "APA” şəkillərini satırsa, "Şərq” niyə satmasın? Elə foto ola bilər ki, heç kəsdə olmaz, səndən istəyərlər, onu. Sadə bir üsuldur. Satılan fotolardan fotomüxbirin də qazancı ödənir, qəzet də gəlir əldə edir. Hər şeyin bir mexanizmini tapmaq olar. Bərabər maaş sistemi uğur gətirmir. O, qorxulu sistemdir. Rəqabət olmalıdır, hər kəsə zəhmətinə görə qiymət verilməlidir. Mənim işçim var, tanınmış agentliyə işə dəvət etmişdilər, 800 manatlıq maaşla. Elə bilirsiniz getdi? Getmədi. Mən bilmirəm o burda nə qazanır. Mənə dəxli yoxdu. Amma mən bunu bilirəm ki, bizdə tətbiq olunan satış sistemindən o daha çox gəlir əldə edir. Mən işçilərimə sərbəstlik vermişəm. Mənə lazım deyil, o dəqiq vaxtında gəlib otursun burda. Mənə lazımdı ki, o fotoreportajlarını sayta yerləşdirsin.

 


- Fotolarınızı oğurlayırlar?
- Çox.

 


- Hətta onlayn sistemində də.
- Yox. Onlayn sistemində edə bilmirlər. Biz onlayna keçəndən sonra oğruların vəziyyəti gərginləşib. Bəzən görürəm, hansısa üsulla oğurlayıblar, üzərindəki loqonu siliblər. Bu da çox vaxt aparan, əziyyətli bir işdi. Zəng vurub deyirəm ki, ay qardaş, sən ona sərf etdiyin vaxtın, gücün yerinə, ağlın varsa, 2 manat ödəyib fotonu rahatca alarsan. Vaxtilə mənim də fotolarımı oğurlayıblar. Təsəvvür edin ki, Səttar Bəhlulzadənin mənə məxsus fotosu ilə müsabiqədə iştirak edib qalib olan var. Nonsensdi də bu. Mənə zəng edib deyirlər ki, təbrik edirik, 400 manat mükafat almısan. Deyirəm, nə danışırsız, nə 400 manat? Məlum olur ki, mən sərgidə iştirak etməmişəm, kimsə mənim fotomu özünküləşdirib.
- Bildiniz o adam kimdi?
- Bildim. Elə bir adam tapıb minnətə göndərdi ki, onun sözündən keçə bilmədim. Ümumiyyətlə, oğurluq, plagiatlıq baş alıb gedir. Google-də milli-azadlıq hərəkatı, 20 yanvarla bağlı şəkillərin 90 faizi mənimkidir. Çünki onları mətbuata mən yayırdım. Əslində, o şəkillərdən istifadəyə görə mənə pul ödənməlidir. Amma kimdi bunu edən. Məsələ burasındadır ki, o şəkillər plagiat sistemi ilə artıq oturub Google-də. Orda yazılmayıb bu kimin şəkilləridi. Amma bir neçə il əvvəl Niderlanddan bir mətbəədən mənə zəng vurdular ki, sizin bir fotonuzu kitabın üz qabığına yerləşdirmək istəyirik, etiraz etmirsiniz? Həmin fotonun qiyməti 900 manat idi. Dedim, ödəniş edin, götürün. Dedilər ki, ödənişi etmişik, ancaq özünüzlə danışıb razılığınızı da almalıyıq. Sizə məktub göndəriləcək, onu imzalayarsınız. Mədəniyyət budur...

 


- Nə fotosu idi o?
- Onu Meydanda çəkmişdim. Bir nəfər əlindəki bayrağı Hökumət Evinin tribunasında ön divardakı SSSR-nin gerbinin tam ortasına sancır. Həmin kitab Qafqaz regionundan bəhs edirdi, sovetlərin süqutu kimi də bu fotonu seçmişdilər.

 


- Yenə qayıtdıq Meydana...
- İlk dəfə mən fotoreportajı "Komsomolskaya Pravda”da, özü də bizim Meydan hadisələri barədə gördüm. Fotoları mən çəkmişdim, göndərmişdik, ancaq onlar gözəl bir fotoreportaj hazırlamışdılar. Mən onda gördüm ki, fotoreportaj necə olur. Elə bil ki, Azərbaycan mətbuatında fotoreportaj vermək qabiliyyəti yoxdur. Başa düşmürlər ki, qəzeti canlandırmaq üçün fotolar verməlisən. Foto sənəti orijinaldır. Burda məqam var, an var. O anı, məqamı tutdun, səninkidi. Nə video, nə kamera fotonun yerini verə bilməz...
O danışa-danışa bir gözüm divarlardakı fotoları gəzirdi. Fotoların arasında birisi mənə kimisə xatırladırdı; hündürboylu kişi idi, bir qadın da, fağır-fağır, başını onun sinəsinə qoymuşdu. Maraqlı gəldi:

 


- Bu kimin şəklidi, Rasim müəllim?
- O, Balaş Azəroğludu. Yanındakı da baldızıdı. Uzun ayrılıqdan 50 ildən sonra Güney Azərbaycandan Bakıya gəlmişdi. Balaş müəllim özü mənə zəng vurmuşdu ki, bu gün unudulmaz bir görüş olacaq, gəl bizə. İnanmazsınız, o qadın İrana qayıtdı, iki həftədən sonra vəfat etdi. Sanki canı burda imiş. Gəldi, gördü, qayıtdı və vəfat etdi. Balaş müəllim mənə dedi ki, o, İranda tək imiş. Doğmalardan heç kimi yoxuymuş. Bir arzusu varmış, bacısını görmək. Bu arzuyla yaşayırmış. Arzusuna çatdı, öldü. Bacısı ilə olan fotoları da var...
(Başqa bir foto: xalq yazıçısı Anar, Elçin və Əkrəm Əylislinin də olduğu bir qrup yazar... Deyəsən, bu fotoda hələ cavandılar, xalq yazıçısı da deyillər. Əkrəm Əylisli adəti üzrə qımışır...)

 


- Rasim müəllim, bu maraqlı fotodu. Əkrəm Əylisli, Anar, Elçin. İndi aralarına almazlar onu...
(Gülüşdük)
- Mən hər dəfə Əkrəm müəllimi görəndə, deyirəm ki, maşallah, çox cüzi dəyişmisiniz.
(Özü fotolara baxır)
- Bu, Fikrət Sadıqdı. Gör necə kollaj eləmişəm... Birinci dəfə Bəxtiyar müəllimin (Bəxtiyar Vahabzadə) fotolarından kollaj elədim. Çoxunun xoşuna gəldi.
(Fotolara baxırıq. Kimlər yoxdu ki, burda. Sadalayıb qurtarmaq olmaz. Etibar Məmmədovun sovet milislərinin əhatəsində fotosu...)
- Onda Etibar Məmmədovun məhkəməsi idi. Moskvada həbs etmişdilər onu, ancaq o vaxt Azərbaycan tələb etdi ki, məhkəmə burda keçirilməlidir. Mən də məhkəməyə getmişdim, Etibarı gətirəndə çəkdim şəkillərini.
(Hazırda Baş qərargah rəisi Nəcməddin Sadıxovun hərbi səhra geyimində fotoları diqqətimi çəkir)
Onda biz Tərtərdəydik, ştabda. Nəcməddin Sadıxovun ştabı da Tərtərdə icra hakimiyyətinin arxasındakı Qonaq evində idi. Bax, şəkillərə. Bir-iki-üç. Bir dənə şəkil olmalıdır, Nəcməddin Sadıqov əlləri ilə başını tutub ağlayır... Dəqiqəbədəqiqə izah edim; deməli, Tərtərdəyik. Azərbaycan ordusu Xankəndinin 11 kilometrliyindədi. Ordu Xankəndinə girməlidir. Faktiki olaraq bütün döyüşlər Nəcməddin Sadıxovun rəhbərliyi ilə aparılırdı, amma ordu Surət Hüseynova tabe idi. Surət də Bakıya xəbər göndərmişdi ki, Xankəndinə daxil oluram, əvəzində məni ölkə başçısı edirsiniz. Bakıdan da təbii, xəbər gəlir ki, bu mümkün olan şey deyil. Surət də qoşunları çəkir geri. Bitdi... Bu hadisə mənim obyektivimdə belə qalıb; birinci şəkil - Nəcməddin Sadıxov əyləşib, ayaq üstə duran adyutantıdır. Zəng gözləyirlər. İkinci şəkil - adyutant gedir telefona tərəf, dəstəyi qaldırmağa. Bakıdan zəng gəlib. Üçüncü şəkil - adyutant yaxınlaşır Nəcməddin Sadıxova, telefonda eşitdiyi xəbəri deyir... Dördüncü şəkildə artıq Nəcməddin Sadıxov əlləri ilə başını tutmalıdı... Hanı o şəkil? (Axtarır, şəkil tapılmır). Burda olmalıdı, hardasa... (şəkil yenə tapılmır.)
Nəysə, tapacam... Demək, Nəcməddin Sadıxova artıq xəbər gəlir ki, bəs Surət Xankəndinə girmədi. Təsəvvür edə bilərsiniz o anı? Hər şey bitib, müharibə qurtarır artıq, ermənilər Bakıya danışığa nümayəndə göndərirlər ki, daha əlavə itki olmasın, taleyimiz necə olacaq, müzakirə edək, bu məqamda hər şey bir telefon zəngi ilə dağılır!.. Buna adam dözər?! Özü də müharibəni keçmiş adam. İndi danışanda da adam ürpənir...
(Həqiqətən, bildiyimiz bir tarix. Amma fotolarla həmin acı tarixə qayıtmaq ağırdı. Bədənimdən gizilti keçdi...)
- ... Deyim, necə çəkmişəm o şəkilləri? Güzgü ilə. Ştabın həyətində idik. İcazə vermirdilər çəkilişə. Kənarda oturmuşdum, çay içirdim. Balaca güzgüm vardı, belə məqamlar üçün onu həmişə yanımda gəzdirirdim. Birbaşa güzgüdən çəkmişəm...


- Rasim müəllim, dördüncü şəkli tapmadıq...
- Tapacam... (Fotoları axtardıq, birgə. Və tapıldı)
- Bu dee. Burdaymış. Üstü örtülüb...
(Mənə bu şəkil axtarışı və onun başqa bir foto ilə "gizlənmiş” halda tapılması nəysə simvolik gəldi - olmayıb belə bir zəng, gəlməyib o xəbər. Nəcməddin Sadıxov da əlləri ilə başını tutub ağlamayıb heç... Məsələ qapanmayıb, Qarabağı itirməmişik. Ala bilərik geri...) 

Məlahət Rzayeva (  "Şərq” qəzeti )

 

 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !