3 " cü Azərbaycan Beynalxalq Təhsil və Karyera Sərgisi -

3 " cü Azərbaycan Beynalxalq “Təhsil və Karyera Sərgisi

Bu gün Heydər Əliyev adına İdman və Konsert Kompleksində Azərbaycan Raspublikası Təhsil Nazirliyi, Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyi, Ticarət - Sənaye Palatası, "İteca Caspian LLC" şirkəti və onun tərəfədaşı "İTE Group PLC" şirkətinin dəstəyilə 3 - cü Azərbaycan Beynəlxalq "Təhsil və Karyera" Sərgisi öz başlanğıcını götürdü.
Sərginin açılışını elan edən Təhsil Naziri cənab Misir Mərdənov belə tip sərgilərin keçirilməsinin ölkə təhsilində xüsusi rol oynadığını qeyd etdi və sərginin digər təşkilatçılarına bu xüsusda gördükləri dəyərli xidmətlərinə görə təşəkkürünü bildirdi.
Sərgidə dünyanın 12 ölkəsindən 53 şirkəti iştirak etdi. Ümumi məlumata görə bu ilki sərgi iştirakçıları keçən ilkinə nisbətən 25% daha çoxdur. Belə ki, yerli təşkilatlar sərginin 50% -ni təşkil edirlər. Sözü gedən sərgidə Azərbaycan Təhsil sistemini Azərbaycan Dillər Universiteti, Azərbaycan Dövlət İqtisad Universiteti, "Azərbaycan" Universiteti, Azərbaycan Diplomatiya Akademiyası və başqaları təmsil edirlər.
Sərginin əsas məqsədi orta və ali təhsil, xaricdə təcrübə və iş, ixtisasın artırılması üzrə dil kursları və treninqlər, işəgötürmə, təhsil ədəbiyyatı və təhsil sahəsində informasiya texnologiyaları kimi bölmələri təqdim etməkdir. Həmçinin ilk dəfə olaraq orta məktəb müəssisələri üçün məktəbli forması, eləcə də orta məktəbə hazırlıq proqramları və testlər təqdim edən "məktəbəqədər təhsil" sektoru sərgiyə baş çəkənlərə nümayiş etdirildi. "Xaricdə təhsil" bölməsi əvvəlki sərginin tendensiyasını davam etdirərək İsveçrə, Böyük Britaniya, Almaniya, Türkiyə, İtaliya, Rusiya, Çexiya, Macarıstan və digər ölkələrdən olan Avropa təhsil müəssisələrini geniş şəkildə təqdim etdi.

Mətn və foto: Abdurrahim

3-cü Azərbaycan Beynəlxalq "Təhsil və Karyera" Sərgisi
Press reliz
10.09.2009

10-12 sentyabr tarixlərində Heydər Əliyev adına İdman və Konsert Kompleksində Azərbaycan Respublikası Təhsil Nazirliyinin dəstəyi ilə 3-cü Azərbaycan Beynəlxalq "Təhsil və Karyera" Sərgisi keçiriləcək. Həmçinin sərgiyə dəstək Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyi və Ticarət və Sənaye Palatası tərəfindən verilir. "Iteca Caspian LLC" şirkəti və onun tərəfdaşı "ITE Group PLC" şirkəti sərginin təşkilatçıları qismində çıxış edəcəklər.

Bu il sərgi öz meydançasında dünyanın 12 ölkəsindən 53 təşkilatı/şirkəti bir araya gətirəcək; bu isə ötən ilki iştirakçıların sayından 25% daha çoxdur. Ümumilikdə ekspozisiya sahəsi 30% artmışdır. Bu il çoxlu sayda yerli təşkilatların sərgidə iştirak etməsi də sevindirici bir haldır - onlar ümumilikdə iştirakçıların 50%-ni təşkil edirlər. Belə ki, sözügedən sərgidə Azərbaycan təhsil sistemini xüsusi olaraq Azərbaycan Dövlət Dillər Universiteti, Azərbaycan Dövlət İqtisadi Universiteti, "Azərbaycan" Universiteti, Azərbaycan Diplomatiya Akademiyası və digərləri nümayiş etdirəcəklər. Bu ilin debütantları kimi ölkənin kənd təsərrüfatı sektorunda mütəxəssislər hazırlayan yeganə təhsil müəssisəsi - Azərbaycan Dövlət Aqrar Universiteti (Gəncə), habelə Bakı Peşəkar Liseyi çıxış edəcəklər. Sərgidə ilk dəfə olaraq, qeyri-hökumət gənclər təşkilatları və birlikləri də çıxış edəcəklər. Onların çıxışını Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyi təşkil edəcək.

Sərgi orta və ali təhsil, xaricdə təcrübə və iş, ixtisasın artırılması üzrə dil kursları və treninqlər, işəgötürmə, təhsil ədəbiyyatı və təhsil sahəsində informasiya texnologiyaları kimi bölmələri təqdim edəcək. "Təhsil və Karyera 2009" sərgisinin ekspozisiyasına yeni sektorlar əlavə olunacaq. İlk dəfə olaraq, sərgidə orta məktəb müəssisələri üçün məktəb forması, eləcə də orta məktəbə hazırlıq proqramları və testlər təqdim edən "məktəbəqədər təhsil" sektoru nümayiş etdiriləcək. "Xaricdə təhsil" sektoru əvvəlki sərginin tendensiyasını davam etdirərək İsveçrə, Böyük Britaniya, Almaniya, Türkiyə, İtaliya, Rusiya, Çexiya, Macarıstan və digər ölkələrdən olan Avropa təhsil müəssisələrini geniş şəkildə təqdim edəcək. Belarus Təhsil Nazirliyi öz stendində Belarusun dörd Dövlət Universitetlərinin ekspozisiyasını birləşdirəcək.

Bu ilki sərginin fərqli məqamlarından biri də "karyera" sektorunun geniş ekspozisiyası olacaq. Bu ekspozisiyaya xaricdə ali təhsil müəssisələrini bitirmiş gənclərin işlə təmin olunması proqramlarını təqdim edən Böyük Britaniya təşkilatları, ABŞ Ali Biznes Məktəbi və digər təşkilatların iştirakı daxil olacaq. İlk dəfə olaraq, "Təhsil və Karyera" sərgisində İsveçrə tərəfindən Mehmanxana İşinin İdarə Olunması üzrə ali məktəb təqdim olunacaq. Hazırda əlavə peşəkar bacarıqların əldə edilməsi imkanını təmin edən şirkətlərin rolu artmaqdadır. Bununla əlaqədar ilk dəfə olaraq sərgidə bugünkü əmək bazarının müasir tələblərinə uyğunlaşmaq üçün konsaltinq, treninq və seminarlar təklif edən şirkət iştirak edəcək.

Bu ilin daha bir fərqli məqamı fəal, işgüzar, intellektual və əyləncəli proqramın olmasıdır. Üç gün ərzində "onlayn" rejimində tədris proqramları, treninqlər, kurslar keçiriləcək. Aparıcı mütəxəssislər tərəfindən "Təqdimat bacarıqları" mövzusuna həsr olunmuş təkmilləşdirmə məşğələləri keçiriləcək. Burada təqdimat mərasimlərinin və ya çıxışların hazırlanması və keçirilməsi texnologiyası ilə tanışlıq olacaq. Həmçinin, "Karyeranın planlaşdırılması" adlı təkmilləşdirmə məşğələlərində şəxsi karyeranın planlaşdırılması üzrə nəzəri biliklər və lazımı bacarıqların təqdim edilməsindən bəhs olunacaq. Sərgi çərçivəsində bədii təfəkkürü və yaradıcılığı inkişaf etdirən yapon intellektual oyunlar və tapmacalar üzrə müsabiqə də keçiriləcək. Müsabiqənin nəticələrinə əsasən mükafatlar təqdim olunacaq.

Sərgi təşkilatçıları "Uşaq İlinə" həsr olunmuş tədbirlər planını gerçəkləşdirməklə "Təhsil və Karyera" sərgisində uşaq evləri və internatlar üçün kitab yığımı üzrə "Kitab hədiyyə et!" adlı xeyriyyə aksiyasını da keçirəcəklər. Öz sahiblərinin xeyri naminə xidmət göstərmiş kitabların uşaq evləri və internatların kitabxanalarında ikinci həyatlarını yaşamaq şansları var. "Kitab hədiyyə et!" aksiyasında iştirak etmək istəyən bütün şəxslər öz kitablarını 10-12 sentyabr tarixlərində keçiriləcək "Təhsil və Karyera" sərgisinə, təşkilatçıların stendinə gətirə bilərlər. Uşaq evləri və internatların kitabxanalarına hədiyyə edilmiş kitablar uşaqlara sevinc və bol təəssüratlar bəxş etməklə yanaşı, həm də valideynsiz qalmış uşaqlara fayda verməklə ikinci dəfə həyata vəsiqə qazanacaqlar.

İşəgötürən, təhsil müəssisələri və gənclər arasında dialoqun inkişafı üçün platforma yaratmaq - Azərbaycan Beynəlxalq Təhsil və Karyera sərgisinin əsas məqsədidir. Sözügedən sərgi regionda gənclərin yerli və beynəlxalq təhsilin inkişafı haqqında məlumatlandırılmasına yönəlmiş oxşar tədbirlər ilə müqayisədə ən iri tədbir sayılır. Belə ki, sərgi mədəni mübadilə proqramları, Azərbaycanda və xaricdə təhsil və iş imkanları haqqında hərtərəfli məlumat təqdim edir. Bundan əlavə, bu sərgi öz ziyarətçilərinə kadrlar axtaran şirkətlərin korporativ "ruhunu" hiss etməyə, hal-hazırda hansı ixtisaslara daha çox tələbatın olduğunu öyrənməyə yardım edəcək.

 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !