BAKUTEL - 15-ci Yubiley -

BAKUTEL - 15-ci Yubiley

4 noyabr 2009-cu il tarixində, Azərbaycanın paytaxtında informasiya və kommunikasiya texnologiyalarının sərgi həftəsi öz işinə başlayır. Artıq bu sərgilərin rəmzinə çevrilmiş və bu il öz yubileyini qeyd edən "BakuTel" 15-ci Azərbaycan Beynəlxalq Sərgisi, on beş il ərzində dünyanın 26 ölkəsindən 800-dən çox şirkəti öz meydançasında qəbul edib. Keçirildiyi illər ərzində bu sərgi özünəməxsus İnformasiya və Kommunikasiya Texnologiyaları forumuna çevrilib və bu forum vasitəsi ilə İKT bazarında ildən ilə yeni texnologiyalar və ən yeni avadanlıqlar tətbiq edilmiş, sıx əlaqələr qurulmuş və yeni müəssisələr yaranmışdır. "BakuTel" sərgisində uğurlu iştiraka dair bir çox misallar göstərmək olar. Belə ki, "Gilat", "Hawker", "Huawei", "Karel", "Ness Technologies", "Softline", "Telesis" və bir çox digər şirkətlər sərgidə faydalı əlaqələr qurmaqla Azərbaycanda fəaliyyət göstərməyə başlayıblar. Artıq bu gün onlar öz nümayəndəlikləri və ya tərəfdaş şəbəkələri vasitəsilə fəal biznes fəaliyyətini həyata keçirirlər. İstifadəçilər arasında sonradan geniş şəkildə istifadə edilən məhsul və xidmətlərin uğurlu təqdimat mərasimlərinə dair də bir çox nümunələr mövcuddur. Buna misal olaraq, "KÜR" şirkətinin 2007-ci ildə keçirilmiş sərgi zamanı "Qazel" markalı avtomobildən səyyar baza kimi istifadə etməklə kompüter texnikasının təmiri üzrə yeni (səyyar) laboratoriya təqdim etməsini göstərmək olar. Elə həmin il "CATEL" şirkəti sərgidə CDMA sektorunda mobil rabitə xidmətləri təqdim edən yeni "FONEX" ticarət markası ilə iştirak etdi. "Penki Kontinentai Group" şirkətinin 2008-ci ildə təqdim etdiyi "intellektual bankomatlar" sərginin işgüzar ziyarətçiləri tərəfindən böyük maraqla qarşılandı. Sərgidə səmərəli müqavilələr imzalayan bu şirkət Bakıda öz ofisini açmaq qərarına gəldiyini bəyan etdi. İlk dəfə Azərbaycanda məhz "BakuTel" sərgisində mobil operatorlar tərəfindən "3G" - 3-cü nəsil texnologiyaları nümayiş etdirildi və bu texnologiyaların yaxın zaman ərzində Azərbaycanda tətbiq edilməsi planlaşdırılır. 2008-ci ildə "Microsoft" şirkətinin stendində "Windows XP" əməliyyat sisteminin Azərbaycan dilində olan versiyası nümayiş etdirildi. Bu gün Azərbaycanda bir çox şirkət öz biznes fəaliyyətinin yeni inkişaf mərhələsinə qədəm qoymaq üçün sərginin imkanlarından istifadə etmişdir. Bütün bunlar "BakuTel" sərgisinin məhsul və xidmətlərin nümayiş etdirildiyi əsas meydan olmasına əyani sübutdur və məhz bu sərgi vasitəsi ilə təqdimat mərasimləri həyata keçirilir və yeni texnologiyalardan istifadə olunur.
 
"BakuTel" sərgisinin son dörd il ərzində Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin himayəsi altında keçirilməsi bu sərginin statusunu və yüksək nüfuza malik olmasını bir daha sübut edir.
 
Fəaliyyətə başladığı andan etibarən sərgiyə dövlət sənaye strukturları və beynəlxalq institutlar tərəfindən dəstək verilir. Onların arasında Beynəlxalq Telekommunikasiya Birliyi (ITU), BMT-nin İnformasiya və Rabitə Texnologiyaları və İnkişaf üzrə Qlobal İttifaq (GAID), Rabitə sahəsində Regional Birlik (РСС), Azərbaycan Respublikası Ticarət və Sənaye Palatası, Azərbaycan Respublikası Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyasının adlarını çəkmək olar. Sərginin inkişafında və ona yeni təkanın verilməsində Azərbaycan Respublikası Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi xüsusi rol oynayır. Belə ki, sözügedən qurum bu sərgi və konfransa daim böyük dəstək verir. "Iteca Caspian" və onun Böyük Britaniyalı tərəfdaşı "ITE Group plc" şirkəti sərginin təşkilatçıları qismində çıxış edirlər. Tədbirin təşkil edilməsinə "ITE Group plc" şirkətinin tərəfdaşlar şəbəkəsi də cəlb olunub və onların arasında "EUF" (Türkiyə) və "ITE Gulf" (Dubay) kimi şirkətləri göstərmək olar. Beynəlxalq Sərgi Sənayesi Assosiasiyası (UFI) tərəfindən sərgiyə təqdim olunmuş nişan, "BakuTel" sərgisinin beynəlxalq səviyyədə təsdiq olunduğunu bir daha sübut edir. "UFI" keyfiyyət nişanı tədbirin yüksək dünya standartları ilə uyğunluğu haqqında ümumi qəbul edilmiş şəhadətnamədir.
 
"BakuTel 2009" sərgi və konfransının Baş sponsoru qismində "Iteca Caspian" şirkəti tərəfindən 2009-cu ildə keçirilən bütün sərgilərin kommunikasiya üzrə tərəfdaşı - "Azercell Telekom" şirkəti çıxış edir. "BakuTel 2009" sərgisinin sponsorları arasında sərginin daimi iştirakçısı olan "Nokia-Siemens Networks" şirkətinin də adı var. Sərginin tərəfdaşları qismində "MBASK", "Caspian Travel", "SIAR", "KREA" və "Grand Hotel Europe" çıxış edirlər.
 
Bu il sərgi dünyanın 16 ölkəsindən 112 şirkəti təqdim edəcəkdir. Yerli şirkətlər böyük fəallıq nümayiş etdirirlər. Belə ki, bu il həmin şirkətlərin sərgidəki iştirakı ümumi iştirakçıların 55%-ni təşkil edir. "BakuTel" sərgisinin debütant şirkətləri sərginin 40%-ni təşkil edirlər. Bununla da, sərginin daimi iştirakçıları olan Azərbaycanın mobil operatorları "Azercell Telekom", "Azerfon", "Bakcell" şirkətləri, habelə "Aztelecom", "BTRIB", "Delta Telecom", "Iskratel", "Microsoft", "Ultra", "Nokia Siemens Networks", "Caspel", "Bestcomp Group", "R.I.S.K.", "Sinam", "Smart Systems Technology" kimi telekommunikasiya və informasiya texnologiyaları şirkətləri ilə yanaşı, sərgidə Dialoq və Əməkdaşlıq Uğrunda İslam Konfransı Gənclər Forumu (DƏ-İKGF) (Azərbaycan), "ZTE Corporation" (Çin), "Caspian Navtel" (Azərbaycan), "Idrak Technology Transfer" (Azərbaycan), "Headtechnology" (Azərbaycan), "IT Solutions" (Azərbaycan), "Azedunet" (Azərbaycan), "Connect" (Azərbaycan), "Azlanit" (Böyük Britaniya-Azərbaycan), "Silverkey Azerbaijan" (ABŞ), "Pirelli Broadband Solution" (İtaliya), "Ozkabel" (Özbəkistan) və bir çox digər yeni təşkilatlar və şirkətlərin iştirak edəcəyi gözlənilir. Ənənəvi olaraq, sərgidə Koreyanın şirkətlər qrupu, eləcə də Türkiyənin 5 informasiya texnologiyaları şirkəti iştirak edəcəkdir. Bu şirkətlər arasında ən iri rabitə operatoru sayılan "Turk Telekomunikasyon A.S." şirkətinin də adı var.
 
Ümumilikdə, sərginin ekspozisiyası çərçivəsində telekommunikasiya və şəbəkələr, geniş zolaqlı rabitə və texnologiyalar, kabel rabitəsi və simsiz rabitə, peyk rabitəsi və peyk texnologiyaları, teleradio yayım avadanlıqları və texnologiyaları, proqram təminatı və avtomatlaşdırma sistemləri, informasiya texnologiyaları və ofis texnologiyaları, təhlükəsizlik sistemləri, bank texnologiyaları və bank xidmətləri, elektron biznes və elektron hökumət sistemi təqdim olunacaqdır. "Wi-Fi" və internetə daxil olmaq üçün digər simsiz texnologiyalar da geniş şəkildə nümayiş etdiriləcəkdir.
 
Bu ilki sərginin ən mühüm fərqli cəhətlərindən biri yeni məhsul və xidmətlər üzrə çoxsaylı təqdimat mərasimlərinin keçirilməsidir. Sərgi iştirakçılarının 35%-i öz yenilikləri haqqında artıq məlumat veriblər. "BakuTel" sərgisinin sosial əhəmiyyətə malik ekspozisiyalarından biri ilk dəfə keçiriləcək "Xalq kompüter" layihəsi olacaq. Azərbaycan Respublikası Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi, Azərbaycan Respublikası Təhsil Nazirliyi, "HP" və "Microsoft" şirkətləri ilə birgə gerçəkləşdirilən bu layihəni ölkədə kütləvi kompüterləşdirilmənin birinci mərhələsi hesab etmək olar. Sərgidə "Elektron imza" və "Elektron sənəd" kimi digər sosial layihələr də təqdim olunacaqdır. İlk dəfə sərgidə ən yeni "LTE" (4G) texnologiyalar şəbəkəsinin təqdimat mərasimi, "LanDoks" elektron sənədlərin dövriyyəsi sistemi, "MS Dynamics" şirkətinin "CRM", "AX" və "NAV" kimi sənaye həll variantları, naviqasiya təminatının yenilikləri, telefoniya sektorunda yeni həll variantları, ən yeni marşrutizatorlar, biznes interfeysləri, eləcə də korporativ və fərdi abunəçilərin şəbəkəyə qoşulması üzrə novator təkliflər təqdim olunacaqdır. Sərginin daha bir yeni istiqaməti Azərbaycanda elektron kommersiyanın inkişafına yardım göstərəcək internet vasitəsi ilə ödəmə sistemləridir.
 
4 noyabr 2008-ci il tarixində "Azərbaycan Respublikasında kosmik sənayenin yaradılması və telekommunikasiya peyklərinin orbitə çıxarılması haqqında" Azərbaycan Respublikası Prezidentinin 27 saylı sərəncamı ictimaiyyətə açıqlandı. Bu sərəncamla əlaqədar, "BakuTel" sərgisi tamamilə yeni peyk rabitəsi və texnologiyaları ekspozisiyanı açmaqla yeni mərhələyə qədəm qoydu. Beləliklə, bu il sərgidə 2011-ci ilin dekabr ayında orbitə çıxarılması planlaşdırılan milli peykin təsdiq edilmiş maketinin təqdimat mərasimi keçiriləcəkdir. Təqdimat mərasimi peykin hazırlanması və işə salınması üzrə tenderin qalibi "Orbital" şirkəti tərəfindən keçiriləcəkdir. Bu ekspozisiyada peyklər və onlara texniki xidmətlərin göstərilməsi üzrə avadanlıqlar təqdim edən digər iri şirkətlər də təqdim olunur. Onların arasında "Measat" (Malayziya) şirkətinin də adı var.
 
Bununla da, sərgi ziyarətçiləri ölkə bazarına yaxın gələcəkdə daxil olacaq yüksək texnoloji həll variantları, müasir texnologiya və xidmətlərin ilk şahidləri olacaq və onların fəaliyyəti ilə daha da yaxından tanış olmaq imkanını əldə edəcəklər. Müasir kommunikasiya texnologiyalarının hərtərəfli tətbiqi prioritet təşkil edən milli layihələrin səmərəli reallaşdırılmasına, ölkənin bütün ərazisində əhali üçün nəzərdə tutulmuş sosial xidmətlərin keyfiyyət və əlverişliliyinin artırılmasına yardım edəcək.
 
Sərgi çərçivəsində ənənəvi olaraq seminarlar, dəyirmi masalar və internet-forumlar keçiriləcəkdir. Sərgi ərazisində oyun meydançası da təşkil ediləcəkdir ki burada da kompüter oyunlarında yarışmaq mümkün olacaq.
 
"BakuTel" sərgisində 4 noyabr saat 12.15-da "Xalq Kompüteri" stendində layihənin nəticələri və davam etdirilməsi ilə əlaqədar mətbuat konfransı təşkil olunur.
 
Sərginin ikinci günü, yəni 5 noyabr tarixində "BakuTel" sərgisi çərçivəsində yerli telekommunikasiya bazarının, stasionar və mobil rabitə sektorları üzrə aktual mövzuların, ən yeni texnologiya tətbiqinin müzakirəsinə həsr edilmiş İKT konfransı keçiriləcəkdir. Konfransın iştirakçıları müəssisələrdə biznes proseslərinin optimallaşdırılması üçün nəzərdə tutulmuş ən son həll variantları ilə tanış ola biləcəklər. Konfransda aparıcı beynəlxalq və yerli informasiya texnologiyaları və telekommunikasiya şirkətlərinin mütəxəssisləri öz məruzələri ilə çıxış edəcəklər. Onlar böyük məmnuniyyətlə iştirakçıları proqram təminatı və informasiya texnologiyaları sahəsində əldə edilmiş ən son nailiyyətlər ilə tanış edəcəklər. Bundan əlavə, konfrans çərçivəsində tibb, eləcə də elektronika sahələrində nanomaterialların istifadəsi perspektivlərinə həsr edilmiş sessiya təşkil ediləcək. Yaponiya və Türkiyənin tanınmış universitetlərinin alim və professorları, eləcə də Azərbaycan alimləri öz məruzələri ilə çıxış edəcək və öz elmi işləri və araşdırmaları ilə deleqatları tanış edəcəklər.
 
Sərginin təşkilatçıları yubiley münasibəti ilə əlavə tədbirlər proqramı planlaşdıraraq həyata keçirmişlər. Belə ki, Bakı Mərkəzi Botanika Bağında təşkilatçılar tərəfindən uşaq oyun meydançasının tikintisi üzrə "Uşaqlıq dövrünün texnologiyaları" adlı aksiya keçirildi. Sözügedən aksiya Azərbaycanda Uşaq ili, habelə "BakuTel" - 15-ci Azərbaycan Beynəlxalq Sərgisinin yubileyi ilə eyni vaxtda keçirildi. Şəhərimizin bütün uşaqlarına sevinc bəxş etmək, onların həyatını bir qədər daha rəngarəng və maraqlı etmək niyyəti ilə "Uşaqlıq dövrünün texnologiyaları" aksiyası çərçivəsində yubiley sərgisinin iştirakçıları - Azərbaycan Respublikası Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi, "Azercell Telekom", "Azerfon", "Azlanit", "Bakcell", "BTRİB", "Business Time", "Caspian Navtel", "Headtechnology", "İdrak Texnoloji Transfer", "Kotra", "Krea", "Nokia-Siemens Networks", "Rabitə Dünyası", "Silverkey", "TeleRadio" şirkətləri əvvəlcədən hazırlanmış detallardan yelləncək və attraksionlar düzəldərək onları uşaq meydançası üçün ayrılmış sahədə quraşdırdılar. Tədbir quraşdırılmış yelləncəklərin rənglənməsi ilə bitdi.
 
Son illərdə Azərbaycanda İKT sektorunun sürətli inkişafı ümumilikdə ölkə iqtisadiyyatına nəzərəçarpacaq dərəcədə təsir göstərir. Bu isə öz növbəsində Azərbaycanda informasiya cəmiyyətinin formalaşması prosesinə də xeyli təsir edir. Bu gün İKT sektoru öz inkişaf templərinə görə Azərbaycanın milli iqtisadiyyatında energetika sektorundan sonra ikinci yeri tutur. Son illər ərzində sözügedən sektor üzrə illik artım 30-35 faizə çatmışdır. Bu tendensiyanın gələcəkdə də davam etdirilməsi gözlənilir və bu o deməkdir ki, yaxın bir neçə il ərzində İKT sektorunun gəlir səviyyəsi energetika sektorunun səviyyəsinə qədər yüksələcək. Bu rəqəmin 2018 - 2020-ci illər ərzində daha da artacağı proqnozlaşdırılır. Qloballaşma və Azərbaycanın dünya ictimaiyyətinə inteqrasiyası şəraitində ölkədə informasiya texnologiyaları sektorunda beynəlxalq səviyyəli sərgilərin keçirilməsi çox vacibdir və bu kimi tədbirlər beynəlxalq ictimaiyyətə ölkənin informasiya texnologiyaları bazarını təmsil edən özəl şirkətlər və dövlət təşkilatları ilə daha yaxından tanış olmaq imkanını təmin edir. Sərgi bu sektorun inkişaf göstəricilərindən biridir. Sərginin bugünkü inkişafı isə Respublikada bilavasitə informasiya və kommunikasiya texnologiyalarının inkişaf templərini əks etdirir. Hər bir ixtisaslaşdırılmış sərgi bütöv bir sektor üçün görüş yeri sayılmaqla yanaşı, qarşılıqlı əlaqələr və gələcək əməkdaşlıq üçün də xüsusi "katalizator" funksiyasını yerinə yetirir və ən nəhayət, "BakuTel" sərgisi həm bu sənayenin mütəxəssisləri, həm də gənc nəsil üçün yeni ideya və bilik axını deməkdir.
 
Sərgi Heydər Əliyev adına İdman və Konsert Kompleksində keçiriləcək və öz işini 7 noyabr tarixində başa vuracaqdır.

 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !