"Xəzər: Ətraf Mühit üçün Texnologiyalar" Beynəlxalq Ətraf Mühit Sərgisi və Konfransı -

"Xəzər: Ətraf Mühit üçün Texnologiyalar" Beynəlxalq Ətraf Mühit Sərgisi və Konfransı



Bu gün dünyanı bürüyən iqtisadi böhran bir çox ölkələrin iqtisadiyyatına ağır zərbələr vursa da, Azərbaycanın dinamik inkişaf strategiyası və həyata keçirilən davamlı və düşünülmüş siyasət kursu yarana biləcək çətinliklərin qabaqlanmasına imkan vermişdir. Odur ki, Azərbaycanda həyata keçirilən bütün proqramlar və beynəlxalq layihələr uğurla reallaşmışdır. Məhz bu siyasətin nəticəsidir ki, Azərbaycan getdikcə müasir, güclü, dinamik inkişaf edən dövlət kimi daha çox tanınır.
Azərbaycanda son illərdə müxtəlif mövzularda beynəlxalq sərgi və konfranslar keçirilmişdir. 2010-cu il Azərbaycan Respublikasında Ekologiya ili elan edilmişdir.
Bununla bağlı Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi tərəfindən cari ildə müxtəlif prioritet istiqamətlər üzrə genişmiqyaslı ekoloji tədbirlər, o cümlədən 2010-cu ilin iyulunda Qəbələ şəhərində Biomüxtəliflik üzrə Avropa Nazirlər Konfransı, 16-18 sentyabr tarixlərində "Azərbaycan Yaşıl Dünya Naminə-2010" beynəlxalq ekoloji sərgi keçirilmişdir.
Azərbaycan Hökumətinin rəsmi dəstəyi ilə keçiriləcək növbəti beynəlxalq sərgidə Sizi iştirak etməyə dəvət edirik.
Diqqətinizə çatdırmaq istərdim ki, Azərbaycanda sərmayələr qoymaq, işgüzar əlaqələr yaratmaq, əlverişli şəraitdə işbirliyi qurmaq üçün Sizə çox geniş imkanlar yaranacaqdır.
Bakıda beynəlxalq sərgidə Sizinlə görüşmək arzusu ilə.
Dərin hörmətlə,
Hüseynqulu Bağırov
Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Naziri

=====================================

Azərbaycanda 2-4 noyabr tarixlərində "Bakı Ekspo" sərgi mərkəzində Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin dəstəyi və fəal iştirakı ilə ətraf mühitin mühafizəsinə həsr olunmuş "Xəzər: ətraf mühit üçün texnologiyalar" ("CTE-2011") beynəlxalq sərgisi keçiriləcək. Ətraf mühitin mühafizəsi və təbii sərvətlərdən rasional istifadə sahəsində innovasiyalı təkmilləşdirmələri kompleks şəkildə təqdim edəcək bu sərgi ekologiya və ətraf mühitin mühafizəsi üzrə Xəzəryanı və Qafqaz regionlarında keçirilən ən böyük tədbirdir. Sərginin təşkilatçıları qismində Böyük Britaniyanın "ITE Group plc" şirkəti və onun Qafqazdakı tərəfdaşı "Iteca Caspian" şirkəti çıxış edirlər.
Bu sərgi və konfransın keçirilməsində məqsəd ölkədə ekoloji təhlükəsizliyin təmin edilməsi üzrə dövlət proqramının həyata keçirilməsinə dəstək göstərmək, təbii sərvətlərin qorunub saxlanmasına və əhalinin həyat səviyyəsinin yüksəldilməsinə kömək edəcək (təbiəti mühafizə üzrə) innovasiyalı avadanlıq və texnologiyaları Azərbaycanda təşviq və tətbiq etməkdir.
Hazırda Azərbaycan ətraf mühitin mühafizəsi üzrə ölkə üçün aktual olan bütün beynəlxalq konvensiyaların tərəfdaşıdır və Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi nəzdində xüsusi İctimai ekoloji şura yaradılmışdır. Ölkə rəhbərliyinin ekologiya ilə bağlı məsələlərə daim diqqət yetirməsi və 2010-cu ilin ölkədə "Ekologiya İli" elan edilməsi ətraf mühitin yaxşılaşdırılması istiqamətində aparılan işlərə güclü təkan verdi. Belə ki, bu sahədə uğurla həyata keçirilmiş irimiqyaslı layihələr indi də davam etdirilir. Bu mövzunun aktuallığı və qabaqcıl dünya təcrübəsindən yararlanaraq onu tullantıların emalı və təkrar istifadəsi, su təmizləmə və alternativ enerji sahəsində mümkün qədər geniş tətbiq etmək zərurəti "CTE" sərgisinin keçirilməsi üçün zəmin yaratmışdır.
"СТE-2011" beynəlxalq sərgisi ekoloji təmiz texnologiyalar bazarının Azərbaycan və dünya üzrə aparıcı iştirakçılarını, alimləri, dövlət orqanlarının nümayəndələrini, habelə ekologiya, utilizasiya və təmizləmə sahəsində məhsul və xidmətlər təklif edən şirkətləri bir yerə toplayacaq. Sərgi çərçivəsində təbii sərvətlərdən və bərpa olunan külək, su və torpaq enerjisindən səmərəli istifadə sahəsində ən son təkmilləşdirmələr təqdim ediləcək və ən müasir alternativ energetika avadanlıqlarının nümunələri nümayiş etdiriləcəkdir. Bununla yanaşı, sərgidə milyonlarla insanın diqqəti ətraf mühitin mühafizəsi ilə bağlı problemlərə və onların həlli yollarına yönəldiləcəkdir.
Sərgi iştirakçıları arasında Azərbaycan, İsrail, Fransa, Moldova, ABŞ, Türkiyə, Çexiya və digər ölkələrdən olan şirkətlər var. Almaniya və Latviya bu layihədə milli qrup şəklində iştirak edəcəklər. Sərgidə Moldova milli stendinin də iştirakı gözlənilir. Həmçinin, təbii sərvətlər və alternativ və bərpa olunan enerji mənbələrindən səmərəli istifadə və suların təmizlənməsi üzrə aparıcı ekologiya şirkətlərinin təklif və layihələri sərgi ziyarətçilərinin diqqətinə çatdırılacaqdır. Misal üçün ARDNŞ və BP şirkətləri Azərbaycanda neft və qaz yataqlarının çoxillik istismarının nəticələrinin aradan qaldırılması istiqamətində bir sıra irimiqyaslı ekoloji layihələr həyata keçirirlər. Belə ki, əvvəllər neftin açıq üsulla hasil edilməsi aşağı səviyyəli texnologiyaların torpaqları çirkləndirməsi ilə nəticələnmişdir. Hazırda bu şirkətlər karbohidrogenlərin hasilatı və emalı nəticəsində ekologiyaya vurulan ziyanı azaltmağa çalışırlar. Təmizləmə qurğularının quraşdırılmasına, neft və qaz hasilatı idarələrinin istismar etdikləri mədən ərazilərində neftlə çirklənmiş torpaqların təmizlənməsinə və yaşıllaşdırılmasına böyük həcmdə vəsaitlər ayrılır, ekoloji layihələr həyata keçirilir. Sərgidə həmçinin ARDNŞ tərəfindən Bakının Xəzər rayonu ərazisində yaradılmış ekoloji parkın təqdimatı da keçiriləcək. Bu parkın elektrik enerjisinə olan tələbatının ən azı 50 faizi alternativ enerji mənbələri hesabına təmin olunur. Məsələn, park ərazisində hər biri saatda 10 kilovat enerji hasil edən dörd külək generatoru, habelə ümumilikdə 20 kilovat-saat qüvvəyə malik günəş batareyaları quraşdırılmışdır. Eyni zamanda, sərgi çərçivəsində Samur-Yalama milli parkının təqdimatını da keçirmək planlaşdırılır.
Beləliklə, "CTE-2011" sərgisi ətraf mühitin mühafizəsi sahəsində əldə olunan nailiyyətləri nümayiş etdirməklə yanaşı, ekoloji məsələlər xüsusunda regional və beynəlxalq ictimai təşkilatlar və hökumət qurumları ilə beynəlxalq əməkdaşlığın genişləndirilməsinə, habelə enerjiyə qənaət və alternativ enerji mənbələrinin tətbiqi sahəsində təcrübə mübadiləsinin aparılmasına kömək edəcəkdir.

========================================

AzPRESS xəbər verir ki, 02 noyab 2011-ci il tarixində "Bakı Ekspo" sərgi kompleksində Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin dəstəyi və fəal iştirakı ilə "Xəzər: Ətraf Mühit üçün Texnologiyalar" Beynəlxalq Ətraf Mühit Sərgisi ("CTE-2011") açıldı. Bu sərgi ekologiya və ətraf mühitin mühafizəsi ilə bağlı Xəzəryanı və Qafqaz regionlarında keçirilən ən iri tədbirdir və burada ətraf mühitin mühafizəsi və təbii ehtiyatlardan səmərəli istifadə sahəsində innovasiya layihələri kompleks şəkildə təqdim olunacaq. Bu sərgidə dövlət orqanlarının nümayəndələri, alimlər, Azərbaycanın və dünyanın "təmiz" texnologiyalar bazarının aparıcı iştirakçıları və şirkətlər bir araya gələcəklər. Sərginin təşkil olunmasında əsas məqsəd ölkənin ekoloji təhlükəsizliyinin təmin edilməsi üzrə dövlət proqramının həyata keçirilməsinə dəstək vermək, habelə təbii ehtiyatların qorunub saxlanılması və əhalinin həyat səviyyəsinin yaxşılaşdırılmasına imkan yaradacaq təbiəti mühafizə üzrə innovasiyalı avadanlıq və texnologiyaları Azərbaycanda təşviq və tətbiq etməkdir. Sərginin təşkili Böyük Britaniyanın "ITE Group plc" şirkətinə və onun Azərbaycandakı tərəfdaşı "Iteca Caspian" şirkətinə həvalə olunub.
"CTE-2011" beynəlxalq sərgisində 13 ölkədən 76 şirkət iştirak edəcək. İştirakçılar arasında Azərbaycan, İsrail, Fransa, Moldova, ABŞ, Türkiyə, Çexiya və digər ölkələr vardır. Almaniya və Latviya isə bu sərgidə öz milli qrupları ilə iştirak edirlər. Sərgi layihəsinin fərqli xüsusiyyətlərindən biri də odur ki, bu sərgiyə dövlət strukturları böyük maraq göstərirlər. Beiə ki, Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi və onun struktur bölmələri sərgidə fəal iştirak edirlər və qurulmuş stenddə ölkənin ekoloji vəziyyətinin yaxşılaşdırılması istiqamətində son illər ərzində görülmüş işlər ətraflı təmsil olunacaqdır.
Sərgidə həmçinin "ekoloji turizm" layihəsi ilə Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyi, ekoloji fəlakətlər və belə fəlakətlərin törətdiyi fəsadları aradan qaldırmaq üçün nəzərdə tutulmuş çevik cavab tədbirləri üzrə layihələr ilə Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi, Naxçıvan MR Ekologiya və Təbii Sərvətlər Nazirliyi, eləcə də digər dövlət strukturları - bütün Azərbaycan ərazisində su təchizatı sisteminin yenilənməsi üzrə layihə ilə "Azərsu" Açıq Səhmdar Cəmiyyəti, torpağın mühafizəsi və müasir irriqasiya sistemlərinin tətbiqi üzrə layihələr ilə Azərbaycan Meliorasiya və Su Təsərrüfatı Açıq Səhmdar Cəmiyyəti və digər qurumlar iştirak edirlər. Sərgidə şirkətlər və dövlət strukturları ilə yanaşı, Azərbaycan ərazisində ekologiya sahəsində böyük işlər görən qeyri-hökumət təşkilatları da iştirak edirlər.
Sərgi çərçivəsində təbii ehtiyatlardan səmərəli istifadə, habelə külək, su və torpaq kimi bərpa edilə bilən resurslar sahəsində ən yeni layihələr təqdim olunacaq, alternativ enerji mənbələri üçün, eləcə də suyun təmizlənməsi üzrə ən müasir avadanlıq nümunələri nümayiş etdiriləcəkdir. Bundan əlavə, sərginin ekspozisiyasına yel dəyirmanları, dəniz sularının çirklənmə səviyyəsini müəyyən edən xüsusi qurğu və avadanlıqlar, tullantıların emalı üzrə zavodlar, nadir bitkilər, landşaft dizaynı üzrə orijinal təkliflər və s. daxildir. Həmçinin sərgi çərçivəsində bir sıra ekoloji layihələrin, məsələn Samur-Yalama milli parkının təqdimat mərasimi də keçiriləcək.

Xüsusi müxbir: İradə MƏMMƏDOVA
Müxbir: Fərid SÜLEYMANOV

 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !