Azərbaycan Respublikasının Energetika Nazirliyində Qanlı 20 Yanvar faciəsinin 25-ci ildönümü ilə bağlı tədbir keçirilmişdir
Bu xəbəri paylaş
Yanvarın 16-da Azərbaycan Respublikası Energetika Nazirliyində Azərbaycan xalqının qan yaddaşına əbədi həkk olunmuş 20 Yanvar faciəsinin 25-ci ildönümü ilə əlaqədar tədbir keçirilmişdir. Əvvəlcə Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda canlarından keçmiş şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilmişdir. Tədbirdə çıxış edən aparat rəhbəri İftixar Hüseynov Azərbaycanın azadlıq və müstəqillik uğrunda mübarizə tarixinə qəhrəmanlıq səhifəsi kimi yazılmış 20 Yanvar faciəsindən danışaraq, gənclərin bu tarix haqqında daha çox maariflənməsini vacib olduğunu vurğulamış və qeyd etmişdir ki, tədbirə Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının tarix üzrə fəlsəfə doktoru, kafedra müdiri, Azərbaycan Respublikasının əməkdar müəllimi Firdovsiyyə Əhmədova dəvət olunmuşdur. Firdovsiyyə Əhmədova öz çıxışında 20 Yanvar hadisələri barədə geniş məlumat vermiş, həmin gecənin Azərbaycan tarixində təkcə faciə deyil, həm də milli məfkurəmizin azadlıq istəyinin oyanış günü olduğunu vurğulamışdır. Xalqımızın yaddaşına əbədi həkk olunan 20 Yanvar faciəsi heç bir zaman unudulmayacaq, Vətənimizin müstəqilliyi uğrunda canlarından keçmiş şəhidlərimizin əziz xatirəsi Azərbaycan xalqının qəlbində daim yaşayacaqdır.