Elçin Səlimli: - Ağstafa gündəliyindən

Elçin Səlimli: Ağstafa gündəliyindən

Ağstafa gündəliyindən
Hissələr
Publisistin yaradıcılıq ezamiyyəti
Və yol qeydləri

 


Ağstafa rayonuna ezam olduğum günün artıq beşinci ayı tamam olur. Bu müddət ərzində burada mən çoxlu insanlarla tanış olmuş, onlarla qaynayıb-qarışmış, bir-neçə toy şənliklərində iştirak etmiş, gözəl və sədaqətli dostlar qazanmış, müəyyən mənada buradakı adət-ənənələri mənimsəmişəm. Hələlik bunların haqqında söhbət açmağı və yazmağı sonraya saxlamaq, yalnız son g ünlər şahidi olduğum hadisələri, özü də, mənim üçün maraqlı hadisələri qələmə almaq istəyirəm.
Burada çox maraqlı dostlarım və yoldaşlarım var. Kiçik bir briqada çox böyük işləri yerinə yetirir. Və haqqında söhbət açmaq istədiyim uşaqlar həmin briqadanın üzvləridirlər. Mən oların ikisi haqqında söhbət açır və onları sizinlə tanış etmək istəyirəm.
Birinin adı Telman, digərinin adı isə Azərdir. Öncə qeyd edim ki, hər ikisi namuslu, qeyrətli, vətənpərvər və sözün əsl mənasında zəhmətkeşdirlər. Halal zəhmət adamlarıdırlar. Bütün bunlardan başqa onların daha mühüm xüsusiyyətləri vardır. Hər ikisi həddən artıq ziyadə qonaqpərvərdirlər.
Elə buna görə də, onlar başqalarından fərqlənir və mənim diqqətimi cəlb etmişlər.
İlk növbədə Telman haqqında söhbət açmaq istəyirəm. Üzü yola, tam qəlbi ilə səmimi, sözün əsl mənasında yoldaşcanlı və dedikcə dürüst, həm də, xoşxasiyyət bir insandır. Ulu tanrımız heç nəyi ondan əsirgəməmiş, ona elə gözəlliklər bəxş etmişdir ki, öz növbəsində o da, heç nəyi insanlardan əsirgəməməyi çalışır. Bu xüsusiyyətləri içərisində onun bir özəl bacarığı da, vardır ki, mən onu qeyd etməyə bilmərəm. O çox gözəl, dadlı yeməklər bişirir və bunu sevə-sevə edir. Bişirdiyi yeməklər elə ləzzətli olur ki, adam yeməkdən doymur. Nə yemək istəyirsənsə ancaq söylə, yaxud sifariş ver. Sənə sadəcə oturub gözləmək və həmin yeməklərdən doyunca yemək qalır. İnanmırsınızsa sizi onunla tanış və bişirdiyi yeməklərə qonaq edə bilərəm. Buyurun gəlin və sonrası sizin öz işinizdir. Onun haqqında bir publisist kimi çox yaza bilərəm. Amma düşünürəm ki, buna ehtiyac yoxdur və yalnız onun özünü görmək, tanımaq lazımdır.
İndi isə ikinci dostumu sizlərin diqqətinə çatdırır və sizlərlə tanış edirəm. Artıq qeyd etdiyim kimi adı Azərdir. İstiqanlı və mehriban, dünyagörmüş həm də, alicənab bir insandır. Özünə görə hörməti, izzəti,dostu, tanışı və özünün ətrafımızda cərəyan edən hadisələrə fərqli baxışı vardır. Buna görə də, başqalarından fərqlənməyi bacarır, qəti və düzgün qərarlar çıxarır. Çox əməksevər, zəhmətkeş təsərrüfatcıl bir adamdır.Hər şeyə də, özünün halal zəhməti ilə çatmaq istəyir. Tər-təmiz duz çörəyi və halal saf süfrəsi vardır. Həmişə gözəl dostlar üçün süfrə açmağı çox xoşlayır. Dəfələrlə onunla bir süfrə arxasında əyləşərək, dadlı yeməklərdən yeyə-yeyə səmimi söhbətlər etmişik.
Lap bu yaxınlarda birlikdə gördüyümüz bir işdən söhbət açmaq istəyirəm. Qeyd etdiyim kimi o, həm də, təsərrüfatla məşğul olur. Özünə görə azdan-çoxdan təsərrüfatı,
əkin sahəsi, əkini-biçini və bir də, üzüm sahəsi vardır. Bunları ona görə qeyd edirəm ki, bura kənd yeridir və bunlarsız burada keçinmək olmaz. Nə isə. Azər bizi öz üzüllüyünə qonaq və üzüm yığmağa aparmışdı. Elə hər şey də, burada baş verdi...
Biz üzümlüyə çatanda artıq qızğın iş gedirdi. Telman ilə mən birlikdə idik. Sözün düzü biz üzüm sahəsinə xeyli gec gəlmişdik. Amma bu istəyərəkdən belə olmamışdı. O gün biz işdəydik və bizi işdən gec buraxdılar. Bu məqamda mən bir nəfərin də, adını çəkmək istərdim, amma o buna və buraya layiq olmadığı üçün, mən bunu etmirəm, onun üzərindən xətt çəkirəm. Belələri insana utancdan başqa heç nə gətirmir.
Üzümlüyə çatdıq və artıq vaxt itirmədən işə başladıq. Oradakılar üzüm cərgələri arasında elə həvəslə işləyirdilər ki, adam baxıb həzz alırdı. İri vedrələr sarı üzüm salxımları ilə tez-tez dolur və sahənin başında dayanan maşına boşaldılırdı.
Biz də vedrələri götürdük və cərgələr arasında yox olduq. İri və sarı salxımları dərib səbətlərə doldurmağa başladıq.
Onu da qeyd edim ki, ömrümdə ikinci dəfə idi ki, çoxlu üzüm və belə gözəl üzüm sahəsi görür, öz əllərimlə üzüm dərirdim. Bir dəfə də, tələbəlik illərində üzüm sahəsi görmüş və həmin o kəhrəba salxımlardan toplamışdım. O lap çoxdan olmuşdu və indi burada üzüm dərəndə yadıma düşdü. Elə sevinirdim ki, sevincimin həddi-hüdudu yox idi. Sanki Azərin də, yerinə mən sevinirdim. Çünki sapsarı və şip-şirin üzümləri yığırdım. Doğrudan da, insan o zaman özünü xoşbəxt hiss edir ki, illərlə əkdiyi bəhərin və çəkdiyi zəhmətin nəticəsini görür, ona baxaraq sevinir. Elə bizim Azər də, bu mənada çox xoşbəxt idi və onu başa düşmək çətin deyildi. Və o sevinməkdə həm də, haqlı idi.
.... İşin qızğın vaxtı idi. İri və sarı salxımları kəsib səbətlərə doldurmağa davam edirdim. Birdən barmağımda ağrı hiss etdim və sürətim azaldı. Nə baş verdiyini anlamaq istədim. Dönüb baxanda barmağımdan qan axdığını gördüm. Sən demə salxımı dərəndə bışaqla barmağımı da, kəsmişdim. Özümü o yerə qoymayıb işimə davam etdim. Nə axan qan, nə də, barmağımın ağrısı mənə mane ola bilmirdi. Heç yorulmamışdımda. İri salxımların parıltısı və işin ahəngi mənə hər şeyi unutdururdu.
Göz qamaşdıran kəhrəba salxımları tez-tez qoparıb səbətə doldurur və sürətlə irəliləyirdim. Bu zaman heç gözləmədiyim daha bir xoşagəlməz hadisə baş verdi. Qeyd edim ki, hava həm də, çox isti idi. Havanın çox isti olması və üzümlərin şirəsi buraya bal arılarını da, cəlb etmişdi. Onlar başımızın üstündən vızıltıyla uçub üzüm salxımlarına qonurdu. Mən onları qovmaq istəyəndə içərilərində biri acıqlanıb sağ əlimin üstündən sancdı və sonra özü də yerə yıxılıb öldü. Bir də onda ayıldım ki, əlimin üstü bərk şişib. Bunu biruzə vermək istəməsəm də bacarmadım. Sancmadan sonra əlim bərk ağrıyırdı. Və mən istər-istəməz işi dayandırmalı oldum və cərgələr arasından çıxıb, sıra ilə əkilmiş ağacların kölgəsində otumalı oldum. Amma təəssüflənməyə dəyməzdi. Artıq nahar vaxtı yaxınlaşmışdı. Və tezliklə hamı nahar fasiləsinə çıxdı.
İri su arxının kənarında sıra ilə əkilmiş ceviz ağacları diqqətimi cəlb etdi və mən onları seyr edir, seyr etdikcə də düşünürdüm.İlahi gör insan əlləri nəyə qadir deyil. Hər nə varsa da, elə insan əllərinin bəhrəsidir. Elə burada da, insan əlləri və onun halal zəhməti bunları yaratmışdır. Bir anlıq təsəvvür edin. Bir-birindən çox da, aralı olmayan bir məsafədə, düz xətt boyunca bir cərgədə, xüsusi zövq və səliqə ilə əkilmiş ceviz ağacları yam-yaşıl , bir-birinə söykənmiş halda, sanki bir ordunun əsgərləri kimi, sırada durmuş, möhkəm dayanmışlar. Onların bu cür duruşu inanın ki, mənə düşmən qarşısını bir sipər kimi kəsmiş əsgərləri xatırlatdı. Və mən elə bil daxili rahatlıq keçirdim ki,...
Ceviz ağacları hər iki tərəfdən – sağdan yaşıl otlaq sahələri, soldan isə üzüm sahəsi ilə əhatə olunmuşdur. Onların bu vəziyyətdəki panoramı buraya xüsusi gözəllik verir. Ağacların altı isə yam-yaşıl otlar ilə doludur. Sanki çəmənlikdir. Biz də elə burada, həmin o yaşıl otlar üzərində halal və bərəkətli bir süfər açıb nahara əyləşdik. Süfrəmizin üstündə istədiyimiz təamlardan bol idi. Kənd pendirindən toyuq bozartmasına, göy-göyərtidən pürrəngi çaya qədər.
Hələ Azərin keçən ilki məhsuldan (yəni üzümündən) hazırladığı turşməzə şərabından demirəm. Xülasə biz həmin nemətlərdən doyunca nuş etdikdən sonra, bunların üstündən bir stəkan pürrəngi çay içdikdən sonra, yenidən işə başladıq. Daha bir-neçə saat işlədik və yetişdirilmiş bol məhsulu yığıb qurtardıq. Sonra isə bərəkətli və bal kimi şirin olsun deyib üzümlükdən ayrıldıq. Onu da deyim ki, əliboş da qayıtmadıq. Sağ olsun Azəri, bizdən öz səxavətini də, əsirgəmədi və yığdığımız halal məhsuldan pay da, verdi.
... Bu yazını mən elə-belə başlamadım,burada başqa məqamlar da var və indi də, onlara toxunmaq istəyirəm. Əvvala onu qeyd edim ki, bu kənd də, onun camaatı da, burada çox çətin şəraitdə yaşayırlar. Artıq neçə illərdir ki, öz bədnam qonşularımızla düşmən kimi yaşayırıq. Özü də müharibə şəraitində. Bəzən atəş səsləri də eşidilir. Onlar gah müntəzəm, gah da, arabir olurlar. İkincisi, buranın insanları, əlaxsüs da gənclər boş-bekar gəzib dururlar. Çünki iş yerləri yoxdur. Çoxları işsizlik ucbatından heç evlənib ailə də qura bilmirlər. Hansını dindirsən eyni sözü eşidəcəksən. Ay əmi, nə edək, işimiz-gücümüz yoxdur, özümüzü saxlaya bilmirik onları necə dolandıracağıq. Elə buradaca qeyd etmək lap yerinə düşərdi. Bəs yerli icra orqanları, icra hakimiyyəti və onun başçısı haraya baxırlar. Onlar ki, həmişə özlərindən yuxarı distansiyalara məlumat verirlər. Bəs hanı. Belə çıxır ki, onlar özlərindən böyükləri aldadırlar. Hələ dahası da vardır.
Onu qeyd edim ki, bu yerlər düşmənlərin əhatəsindədir və buralara, bu kəndlərə su tarixən adını çəkdiyim düşmən dövlətin ərazisindən axıb gəlirmiş. Və yerli camaat da həmin sudan istifadə edib gün-güzaran qurmuş, əkib- becərmişlər. Adını çəkdiyim sular Həsənsu çayı ilə axıb gəlirmiş. İndi o çayın suyu da quruyub və axıb gəlmir. Aydın məsələdir. Suyu da düşmənlər kəsmişlər və onun nəticəsində bu kəndlərdə su qıtlığı yaranmışdır.
Onu da deyim ki, bu yerlərdə kəndlər bir-birinə o qədər yaxındır ki, hətta mən deyərdim sanki bir-birinin içərisindədir. Eyni zamanda bu kəndlərdə çoxlu insan yaşayır. Haqqında söhbət gedən yerlər – Ağstafa rayonunun Aşağı Göycəli, Yenigün, Xətai, Qırlı, Vurğun kəndləridir. Hələ bəzilərinin adlarını çəkə bilmirəm. Çünki bilmirəm və oralarda olmamışam. Adlarını çəkdiyim bu yerlərin camaatı sudan korluq çəkirlər və mən gözümün şahidiyəm ki, onların bu yay nə qədər məhsulu zay oldu. Bağ-bostanları yandı. Əkdikləri pomidor, xiyar, qarpız və sair tələf oldu getdi. Bu kəndlərə su artezianlarla bir arx vasitəsilə axıdılır. Yayın qızmar vaxtında bu suda kəsildi. Bilmirəm nəyə görə. Mənə inanmırsınızsa gedin siz də baxın və öz gözlərinizlə şahid olun. Hələ mən çox şeyləri yazmıram. Sadəcə düşünür və düşündükcə saçlarım arasından tüstü qlaxır. Adama elə ağır gəlir ki ... Bu kəndlər üçün bu su məsələsini yəni çətin işdir. Zənnimcə bu məsələni həll etmək çox sadə həm də, asan işdir.
Qolları çırmayıb işə girişmək lazımdır vəssalam. Gəldiyim qənaətsə budur – bunu sadəcə etmək istəyən yoxdur. Çünki bizi insan yerinə qoymaq istəmirlər və yaxud heç qoymurlar.
Mən bu motivləri konkret bir adamın (yəni Azərin) üzərində ona görə qurdum ki, o bir fəhlədir və öz ailəsini halal zəhməti ilə dolandırır. Aldığı əmək haqqının az olmasına baxmayaraq. O əsl zəhmətkeşdir və gecə-gündüz zəhmət çəkir, işləyir. Eyni zamanda çəkdiyi zəhmətin bəhrəsini də görmək istəyir. Onun buna haqqı vardır. Görəndə ki, gecə-gündüz çəkdiyi zəhməti kiminsə ucbatından puç olub gedir, hansısa bir iş bilməyənin yerində oturmaması üzündən, yaxud hazırlanmış bir çinovnikin – yuxarıdan-aşağı baxması nəticəsində məhsulu zay olub gedirsə, o nə etməlidir və bütün bunların cavabını kimdən soruşmalıdır.
Bunların cavabını isə siz verin. Ey mötəbər qulluq sahibləri, vəzifə və səlahiyyət sahibləri. Düşünmənyi bacaran və insanlarımızın məsuliyyətini öz üzərlərinə götürmüş məmurlarımız. İşiniz avand olsun.

 

Ağstafa rayonu.
Yenigün kəndi.
Aşağı Göycəli kəndi.
Xətai kəndi.
28-29-30-09.2013

 

 

Ezamiyyət günləri

 

Vəziyyət elə gətirib ki, işimlə bağlı tez-tez rzyonlarımızda oluram. Yəni qısası doğma Azərbaycanımızı qarış-qarış gəzir, onun adət-ənənələrinə bu yerlərdə bir daha şahid oluram. İşlərimizlə bağlı mən Gəncə şəhərində daha çox olmuş və bu barədə çoxlu yazılar da, yazmışam. Amma onu da, qeyd edim ki, bu bölgələrə gələnə kimi Gəncədən kənara çıxmamışdım. Talehim elə gətirdi ki, bu dəfə Gəncəni keçib Ağstafaya, oradan isə Qazaxa qədər məsafə qət etdim. İndi isə bu barədə yazmaq istəyir və təəssüratları sizinlə bölüşmək istəyirəm.
Ağstafa rayonuna ezam olundum. Yol çantam əlimdə gəlib avtobusa əyləşdim. Avtobusumuz Baki Beynəlxalq Avtovağzalından çıxıb geniş asfalt yola daxil oldu və Qazaxa doğru istiqamət götürdü. Onu da deyirəm ki,avtobus ilə belə uzaq yola da, birinci dəfə idi ki, çıxırdım. Bir az da, həyacanlı idim və tanımadığım istiqamətə necə və nə vaxt çatacağım məni daha çox maraqlandırırdı. Sürücümüzün adı Məhəmməd idi. Çox maraqlı və zarafatcıl, şən, həm də, mənim zənnimcə ciddi bir adam idi. Özü də, avtomobili çox gözəl, təcrübəli və mükəmməl bir şəkildə idarə edirdi. Bunları ona görə qeyd edirəm ki, bəlkə sizlər də, nə vaxtsa oralara səfər etməli oldunuz. Əgər səfər etsəniz həmin avtobusla getməyi mən sizə məsləhət görərdim. Çünki bütün yol boyu darıxmayacaqsınız. Avtobusdakı sərnişinnlərin tərkib etibarı ilə çoxunun o tərəflərin adamları olduqları şirin ləhcə və danışıqlarından bəlli idi. Hiss edirdim ki, deyəsən kənar adam mən idim və bu mənim marağımı daha çox artırırdı. Avtobusda sərnişin o qədər də, çox deyildi və onlar müxtəlif, bir-birindən fərqli idilər. İşlərində bir sərnişin diqqətimi daha çox cəlb etmişdi. Adını bilməsəm də, onun haqqında bir-neçə söz yazmaq istəyirəm. Səhv etmirəmsə 10-12 yaşlarında bir oğlan uşağı idi. Anası, böyük qardaşı və bir də bacısı ilə birlikdə Qazaxa gedirdilər. Çox şən, yaşına uyğun olmayan bir şəkildə toppuş, yeyimcil, çox şirin bir ləhcədə danışan və tez-tez Məhəmməd əmi, Məhəmməd əmi deyə sürücüyə müraciət etməsi mənim diqqətimi daha çox cəlb etmişdi. Bir xüsusiyyəti də vardı ki, o ələlxüsus hamıda ona qarşı diqqət yaratmışdı. Hər dəfə avtobus fasilə üçün dayananda o, tez aşağı düşür, mağazaya girir və atasının ona verdiyi pulları ilə xərclik edir, əli dolu avtobusa minirdi. Sonra isə əlindəkilərlə məşğul olurdu. Bütün yol boyu bu vəziyyət çoxlu sayda təkrar olunurdu və bir dəfə anası dözməyib-səhərdən bu yana elə hey xərcleyersən, ortaya bir şey çıxarersənmi – deyə soruşdu. O isə buna heç əhəmiyyətdə vermədi. Və öz işindəydi. Mən hiss etdim ki, bu deyəsən balaca uşaqdır və ona görə də, çox sevilir, əzizlənirdi. Mənimsə daha çox xoşuma gələn uşaqdakı o xasiyyət idi ki, onlar şəhərdə yaşasalarda öz şirin ləhcəsini itirməməsi idi.
Nə isə... yolumuza davam etməkdəyik.Avtobusumuz geniş asfalt yol ilə şütüyür kəndləri və rayonları bir-bir arxada qoyurdu. Və biz artıq 3-4 saat müddətində Gəncəyə gəlib çatmışdıq. Avtobus Gəncəni keçib Şəmkir yoluna daxil oldu və bu yol ilə Şəmkirə doğru getməyə başladı. Artıq qeyd etdiyim kimi Gəncəni çıxmaq şərti ilə, buraya gəlişim ilk idi və bu yol ilə də, birinci dəfə idi ki, gedirdim. Yol boyu diqqətimi çoxlu bir-birindən maraqlı mənzərələr cəlb edirdi. Kiçik bir məqamı da diqqətinizə çatdırım ki, mən elə əvvəldən belə hadisələrin, yol boyu pəncərədən ətrafı seyr etməyin, təbiət mənzərələrinin görüntüsünü öz gözlərimlə görməyin və onları yaddaşda saxlamağın maraqlısıyam.
Avtobus ilə şəmkir rayonunun kəndlərini bir-bir keçərək rayona yaxınlaşmaydıq. Maraqlıdır ki, hər kəndi keçib-gedərkən nə isə yadımda qalır. Biz kənddə ucu-bucağı görünməyən istixanalar, təbii ki, içərisi dolu pomidor, xiyar ştilləri və tağları ilə göz oxşayır. Onlar istixanalar boyu qalxmış, üstləri isə sağlam və artıq yetişmək məqamında olan bar-bəhərlə doludur. Təki olsun-istəməyən kor olsun, demişik həmişə. Yenə də deyirik. Təki camaatımızın güzaranı olsun, məhsulları olsun və kəndlərimiz heç zaman boşalamsın. O biri kənddə sıra ilə əkilmiş göz oxşayan alma bağları, digərində xurma və karalyok bağları, tamam başqasında saysız-hesabsız üzüm plantasiyaları, geniş kartof sahələri və sair. Mən bunlara baxdıqca ürəkdən sevinir və həmin insanları ağız dolusu alqışlayıram. Və ürəkdən , həm də, bütün varlığımla onlara sağ olsun!, yorulmayasınız!, bərəkətli olsun!, deyirəm. Var olun ki, bunları yetişdirmisiniz!, Sağ olun ki, bazar-dükanlarımızı, süfrələrimizi halal və bol nemətlərlə doldurmusunuz!.
Daha sonra rayon mərkəziə daxil oluruq. Girişdə bizi dalğalanan uca və möhtəşəm bayrağımız qarşılayır, mənim diqqətimi cəlb edir. Mən bayrağa baxır,baxır və qürurla sevinirəm. Elə burada istər-istəməz yaxın keçmişə, tariximizə qayıtmalı olur və o bayraq uğrunda canlarını fəda etmiş saysı-hesabsız şəhidlərimizi xatırlayıram...
Bu yerdə istərdim ki, kiçik bir haşiyə çıxım və bu sahədə görülən işlərlə bağlı fikirlərimi söyləyim. İlk növbədə xatırladım ki, bayraq ən mühüm dövlət atributlarından biri və ən önəmlisidir. Biz onu bir dəfə qaldırmış və dalğalandırmışıq.Elə həmişə də, belə qalacaqdır. Zənnimcə hər dəfə onu söküb-tikdikcə, yaxud təzəsini qaldırdıqca ona hörmətsizlik etmiş oluruqmu ?. Onu qiymətdən salmış oluruqmu ?. İndi hansı rayona getsək orada bir-neçə bayrağın dalğalandığını görərik. Elə fikirləşməyin ki, mən bayrağımızın əleyhinəyəm. Xeyr ... Bu heç də belə deyildir. Əsli də mən bayrağımızı bəlkə də, hamıdan çox istəyirəm və ona görə canımı da verməyə hazıram. Sadəcə mən onu hörmətsiz görmək istəmirəm və hamıdan da, xahiş edirəm ki, bayrağımızı gözdən salmayaq. Digər tərəfdən isə hər dəfə yeni bayraq dalğalandırmaq üçün çoxlu pullar xərclənir. Bu həm də, iqtisadi cəhətdən xəzinəmizə də, təsir edir. Bəlkə həmin pulları daha önəmli məqsədlər üçün istifadə etsək daha yaxşı olar. Mən başa düşürəm ki, pulumuz var, iqtisadiyyatımız getdikcə inkişaf edir. Zənnimcə bu qədər də, bədxərclik etməyə dəyməz. Hamımız gözəl bilirik ki, bizdə orta aylıq əmək haqqı digər ölkələrə nisbətən daha aşağıdır. Bu istəsəniz də, istəməsəniz də, belədir. Bəlkə həmin pullardan bir hissəsini ayırıb bu məqsəd üçün sərf edəsiniz. Kəndlərimizə su, qaz və yol çəkəsiniz. İş yerləri açasınız, daha restoran, şadlıq evləri və sair ünsürlər tikməyəsiniz. Təqaüdçülərin və pensiyaçıların pullarını artırasınız. Xəstəxana və digər sağlamlıq ocaqlarının sayı artsa da, hələ də, qonşu dövlətlərdə müalicə üçün pərən-pərən olmuşuq. Bir çoxları heç bundan da, istifadə edə bilmir. Çünki pulları yoxdur. Bəlkə bütün bu sadalananların qarşısını alasınız. Fikrimcə bu haqda düşünməyə daha çox dəyər. Özü də həddən ziyadə. Elə isə düşünün və baş sındırın, ey alicənab cənablar !. Çünki baş sındırmaq sizlərə daha çox yaraşır. Təki başınız ağrımasın.
Şəmkir rayonunun ərazisini keçib öz füsunkar və ecazkar təbiəti ilə diqqətimizi cəlb edən Tovuz rayonuna daxil oluruq. Diqqətimizi Tovuz çayının panoramı cəlb eləyir. Çay xeyli geniş olsa da, çox hissəsi qurumuş və yalnız ortada 1-1,5 metr enində üzüaşağı çox da, iti olmayan sürətlə axır. Yəqin ki, bu və ya belə çayların suları yağışlar yağanda çoxalmağa başlayır. Çay elə bu görünüşü ilə də, göz oxşayır. Onun üzərində salınmış körpünün üstündən keçib Tovuz şəhərinə daxil oluruq. Onu da, deyim ki, bu yerlərə ilk gəlşim olduğundan hər şey mənə çox heyrətamiz bir təsir bağışlayır. Hələ buranın təbiətini demirəm. İri və hündür, yamyaşıl ağaclar, qalın və sıx meşələr, meşədən sonra hər tərəfi əhatə edən, həm çılpaq, həm də, yaşıl dona bürünmüş dağlar adamın ürəyini riqqətə gətirir, gözünü oxşayır. Hələ barlı-bəhərli meyvə bağlarını, üzüm və digər kənd təsərrüfatı bitkiləri ilə dolu olan, öz barını bu yerlərdən, onun zəhmətkeş insanlarından əsirgəməyən torpaq, əkin sahələrini görəsən. Adam baxdıqca baxmaq istəyir və bu qənaətə gəlir ki, tanrımız bizdən heç nəyi əsirgəməyib... Mən buradakı sərin və insanın dişlərini tökən bulaqlardan söhbət aça bilmədim. Çünki buna nə vaxtım, nə də imkanım oldu. Ona görə ki, mən ilk növbədə iş adamıyam və işlərin çoxluğundan bunları edə bilmədim. Həm də, çox təəssüfləndim. Amma mən elə bu yazılarım vasitəsilə sizlərə söz verirəm. Bu yerlərə mən bir də,özü də, mütləq gələcəyəm. Arxayın və əmin olun. Gələcəyəm və o bulaqları qarış-qarış gəzəcəyəm. Çünki buralar mənim vətənimdir və mən onu dəlicəsinə sevirəm.
... Bizə is bu yerləri göz bəbəyimiz kimi qorumaq, keşiyini çəkmək və əzizləmək qalır.
Mənim əzizlərim və sevgili həmvətənlilərim, mənim üçün nə qədər ağır olsa da, elə buradaca sizdən ayrılmaq istəyir, sizlərlə halallaşıb xudafizləşir, ürəkdən sizə sağ olun !, sağlıqla qalın !, deyir, öz yoluma davam edərək Ağstafaya doğru yol başlayıram.
Sağlam və gümrah qalın !. Qoy uca tanrı özü sizi hifz etsin.
May-oktyabr 2013
Aşağı Göycəli

Ağstafa rayonu Tovuzdan çox da uzaq məsafədə yerləşmir. Aralarındakı məsafə 14-15 kilometrdir. Bu isə o deməkdir ki, buraya həm də, piyada getmək olar. Söhbətcil həm də, zarafatcıl bir yoldaşın ola, bu məsafəni qət etmək çox da, çətin olmaz. 4-5 saat kifayətdir ki, ətrafdakı məzərələri seyr edə-edə, şosse yolu ilə irəliləyib Ağstafaya çatasan. Buna isə, heç də, ehtiyac yoxdur. İndiki vaxtda avtomobil o qədər çoxdur ki, əyləş və 15-20 dəqiqədən sonra artıq oradasan.
Nə isə .. Avtobusumuz şosse yolu ilə ştüyür və dediyim məsafəni qət, göstərdiyim mənzərələri bir-bir geridə qoyaraq Ağstafaya yaxınlaşmaqdadır. Buranın da, mənzərələri cəlbedici və mənim üçün təzədir. Bunlar haqda bir az, az danışmaq olar. Çünki onların barəsində əvvəlki hissələrdə xeyli söhbət açmışam və mən vaxtımı da, itirmək istəmirəm. Ona görə bir-başa mətləbə keçirəm. Biz Həsənsu çayının üstündən keçib bir neçə kəndi geridə buraxıb Ağstafaya çatırıq. Ağstafa döngəsi deyilən yerdə avtobusdan düşüb, düşdüyüm yerin bütün ətrafını gözdən keçirməyə başlayıram. İlk olaraq diqqətimi dörd tərəfli, özü də, yolun ortasında qoyulmuş saat cəlb eləyir. Mən saata baxıram və onun əqrəbləri artıq 20:30 dəqiqəni göstərir. Mən Bakıdan çıxanda isə saat 13:45 dəqiqəni göstərirdi. Deməli mən 7 saat 30 dəqiqəlik bir məsafəni qət etmişəm. Amma onu da, deyim ki, heç yorulmamışdım. Çünki bütün yol boyu o qədər maraqlı hadisələrin və mənzərələrin şahidi olmuşam ki, vaxtın haçan ötdüyünü hiss etməmişəm. Vaxt isə axşama doğru gedir və mən hələ gedəcəyim yerə, qərarlaşacağım mənzilə çatmamışam. Məni isə ilk qarşılayan təbii ki, hər yerdə olduğu kimi, burada da, şəhər arası işləyən taksilər və onun sürücüləri olur. Onlar mənim burada təzə olduğumu elə əlimdəki yol çantalarından anlamışdılar. Odur ki, tez-tələsik bir neçəsi mənə yaxınlaşıb ay əmi, haraya gedersən, otur aparaq deməyə başladılar. Mən isə artıq tələsirdim və istər-istəməz onların xidmətindən istifadə etməliydim. Ona görə də, mənə ilk yaxınlaşan sürücüyə mən Aşağı Göycəliyə gedəcəyəm, oraya neçə manata aparırsınız – deyə soruşdum. O müəyyən bəhanələr gətirərək əmi, səni oreya üç manata apararıq dedi. Mən isə daha vaxt itirmədən onun maşınına əyləşdim. (onsuz da, kifayət qədər vaxt itirmişdim). Və biz Aşağı Göycəliyə doğru yola düşdük. Bir-neçə dəqiqədən sonra gəlib kəndə çatdıq. Sən demə məsafə sürücü deyən kimi heç də, uzaq deyilmiş. Sonradan öyrəndim ki, oraya 1 manata da, getmək olarmış. Hətta piyada da. Nə isə...
Buraya gəlməkdə heç də, səhv etməmişdim. Düşünürdüm ki, buraların insanları ilə ünsiyyətdə olacaq, onlarla qaynayıb-qarışacaq, onların adət-ənənələri ilə yaxından tanış olacaq və ən əsası özümə yeni dostlar qazanacaqdım. Buraların insanları ilə təmasda olmaq, onların o şirin ləhcələri ilə öz dillərində özləri ilə danışmaq mənim əlbəttə ki,çoxdanki arzum idi. Və belə də, etdim. Çox çəkmədi ki, onlarla artıq yerli ləhcə ilə danışmağa başladım.
Artıq qeyd etdiyim kimi, bu yerlərin çoxlu, yerli və özlərinəməxsus adət-ənənələri vardır. Mən onların hamısı haqqında söhbət aça bilməyəcəyəm. Çünki bunun üçün o qədər vaxtımız yoxdur. Sadəcə bir-ikisi haqda söhbət açım və onunla kifayətlənək. Bu kəndlərin toy şənlikləri haqqında bir-neçə sətir yazmaq və onları sizin diqqətinizə çatdırmaq istəyirəm. Burada olduğum müddətdə bir-iki toya dəvət almış və iştirak etmişəm. O şənliklər mənim təsəvvürümdə çox dərin, hətta gozəl hisslər və izlər buraxmışdır. Ona görə də, bunları ələlxüsus olaraq qeyd edirəm. Amma bir məsələni də, xüsusi olaraq qeyd edirəm. Bu kəndlərin camaatı zənn etdiyim qədər nə şadlıq sarayları, nə də, restoran toylarına o qədər də, maraqlı deyillər. Onlar əsasən dədə-baba qaydası ilə edilən toyxana (yəni mağarlarda) toylarına üstünlük verirlər. Bir-neçə gün qabaqcadan mağar qurulur, onun üstü örtülür, içərisi evdə olan müəyyən aksessuarlarla bəzədilir və toya hazır vəziyyətdə durur. Əvvəllər bütün kəndlərimizdə belə idi. Bizim uşaqlıq illərimiz o vaxtları çox görüb və yaddaşımızda həmişəlik elə qalıb. Bu mərhələ başa çatdıqdan sonra və toya bir axşam qalmış, yəni toy sahibinin evində, bu yerlərdə çox məşhur “ciyər axşamı” deyilən – bir axşam keçirilir. Hamı cavanlı-yaşlı mağara toplaşır və yemək-içmək başlanır. Və bu mərasim demək olar ki, səhərə qədər davam edir. Səhərisi isə şənlik var gücü ilə davam edir. Bir də, bir məqamı nəzərinizə çatdırım ki, burada bütün toylarda (istər qız toyu, istərsə də, oğlan toyu) qadınlar və kişilər birlikdə iştirak edirlər. (çox yerlərdən fərqli olaraq).
... Əslində xalqımıza bütün adət-ənənələri çox yaraşır. Toylar isə xalqımızın həyatını daha da, rəngarəng edir, insanlarımızın talehini və qismətlərini zənginləşdirir, yəni nəsil artımını təmin edir. Təki, elə həmişə bu xalqın, bu millətin hamısının evlərində toy şənlikləri olsun, gözəl və yaraşıqlı balalar dünyaya göz açsınlar, sağlam həm də xoşbəxt böyüsünlər. Elə yazının bu yerində bir məsələni də, istərdim ki, bir daha yadlarımıza salım. Heç vaxt yaddan çıxarmayaq ki, bütövlükdə bizim böyük bir dərdimiz vardır. Qarabağ dərdi və işğal altında inildəyən torpaqlarımız. Güman edirəm ki, bunun haqqında dərin-dərin düşünməyin və hərəkətə keçməyin artıq çoxdan vaxtı çatmışdır. Gəlin bunu da, edək və inşallah, bundan sonrakı bütün toylarımızı, məclislərimizi məhşur “Cəngi” sədaları altında keçirək. Bunu isə etməyə məncə hamımızın gücü çatar. Həm xalqımızın həm də, Azərbaycan dövlətimizin. Sadəcə olaraq işə başlamaq lazımdır. Bu məqsəd uğrunda səfərbər olmaq yetərlidir. Qoy uca tanrımız bizdən öz köməyini əsirgəməsin.
... Mənim əzizlərim və istəkli oxucularım, bununla da, mənim “Ağstafa gündəliyim” və orada yazdığım yazılar hələlik başa çatmaq üzrədir. Ardı olacaqmı ? Bu barədə hələki heç nə deyə bilməyəcəyəm. İnşallah !, yaşayarıq, görərik. Amma diqqətinizi bir məqama da, yönəldim ki, mən orada – Qazax rayonu və onun haqqında heç nə verməmişəm. Bu bəlkə də, elə belə yaxşıdır. Çünki onda bu söhbət uzun çəkərdi və bəlkə də belə maraqlı olmazdı. Bütün bunlar baş verməsin deyə mən özüm bilərəkdən buraya Qazax haqqında heç nə əlavə etmədim və qismət olarsa bu barədə növbəti yazılarda edəcək, sizlərin diqqətinə çatdıracağam. Təki siz sağlam və gümrah olun, eyni zamanda oxumaqda maraqlı olun.
Bəli, mən artıq Ağstafadan Bakıya oradan isə Sumqayıta, yəni öz evimə qayıdıram. Harada olsan da, öz evinə mütləq qayıtmalısan. Çünki adam öz evində daha çox rahat olur. Mən artıq öz evimdə və öz ailəmlə bir yerdəyəm. Amma bir anı yadımdan çıxara bilmir və heç vaxt da, çıxara bilməyəcəyəm...
... Mən Ağstafaya, Aşağı Göycəli kəndinə daxil olanda hər yan yamyaşıl idi. Yaşıl çəmənlər, otlaqlar, taxıl zəmiləri və biçənəklər təzə açmış lalələrlə dolu idi. Oranı tərk edəndə isə artıq payızın gəlişi hiss olunmaqdaydı. Artıq yarpaqlar saralıb tökülməkdə və ayaqlarım altda onların xəzəlləri xışıldamaqda idi !..

 

Aşağı Göycəli-Yenigün kəndi
May-Oktyabr. 2013.

 

 

 

 

 

 

 

Bir tikə çörək

 

Son illər ömrüm respublikamızın yollarında və avtomobillərin çarxları (təkərləri) üzərində keçir. İşlə bağlı tez-tez rayon və bölgələrimizə ezam olunuram. Bu da bir qismətdir, düşüb payımıza. Necə deyərlər... Buna da sükür. Kaş elə iş olsun, işləyə bilək , ailəmizə bir tikə çörək yetirək .
Elə məni də, zaman-zaman düşünməyə məhz – elə bu, bir tikə çörək vadar edir. Niyə axı bir tikə çörək ? Nəyimiz çatmır ? Allaha şükürlər olsun ki, hər şeyimiz var. Gözəl təbiətimiz, zəngin təbii sərvətlərimiz, üzəri bol resurslarla dolu olan torpaqlarımız (baxmayaraq ki, bu gün 20%-ni itirsəkdə) neftimiz, qazımız, taxıl zəmilərimiz və pambıq sahələrimiz, durmadan inkişaf edən respublikamız, güclü dövlətimiz və sairə. Bir sözlə hər şeyimiz vardır. Bəs onda biz niyə, məhz bir tikə çörəklə qənaətlənirik yaxud istəyə bilmirik. Yox sa, burada bir misalda deyildiyi kimi – çox istəyən azdan da, olar – sindromu ilə yaşayırıq. Gəlin sizin üçün bir-neçə misal çəkim..
Artıq qeyd etdiyim kimi – mən respublikamızı çox gəzirəm. Özü də aylarla. Və haraya gedirəmsə də, yeni tikililərin, müxtəlif çeşidli villaların, restoranların, təzə salınmış gözəl və yaraşıqlı parkların, muzeylərin, mərkəzlərin, ticarət obyektlərinin, şadlıq saraylarının və sairənin şahidi oluram. Bunlar məni çox sevindirsə də, hər zaman qəlbimdə bir sual doğur. Görəsən bunları tikənlər və yaradanlar kimlərdir ? Görəsən bunların hamısıni tikən, gecə-gündüz bilmədən çalışıb bir tikə çörəyi zorluqla qazanan sadə və zəhmətkeş insanlarmıdır ? Və yaxud da Rusiyada döyülə-döyülə, söyülə-söyülə, qorxa-qorxa yaşayıb beş-on manat qazanan insanlardır. Mən həmişə özümü misal çəkmiş və yenə özümü misal çəkirəm. Bir gün də dayanmadan özümün bu yaşına qədər işləmişəm və yenə də, işləyirəm. Heç yerdə nə bir manat pulum nə də ki, bağıç-bağçam, eləcə də, villam yoxdur. Vur-tut bir otaqlı mənzilim vardır. Onu da, köhnə SSRİ vaxtı zavodda işləyərkən almışam. Elə bu gündə özümün dörd nəfərlik ailə üzvlərimlə və aldığım o bir tikəlik əmək haqqım ilə dolanıram.
Məntiqə görə yuxarıda sadaladıqlarım bu insanların işi deyildir. Bəs onda bunlar kimlərin işidir ?. Deməli belə çıxır ki, bunlar ancaq imkanlı insanlarındır. Bu yerdə ortaya daha bir sual çıxır. Bəlkə gecə-gündüz öz şirin yuxularını özlərinə haram edərək çalışan, bütün bilik və bacarıqlarını sərf edib, uzun illər nazir postuna yiyələnib, heç onu əldən buraxmaq fikrində belə olmayan, hardasa ömürlük mənimsəyən nazirlərimizdir. Bəlkə onların müavinləri ya da, şöbə müdirləridir. Yoxsa universitet rektorlarıdır ki, yazıq və yetim tələbələrin qanına susamışlar. Bəlkə polis şöbəsinin rəisləri və digər işçiləridir ki,bizi qoruyurlar?. Bəlkə zavod və müəssisə direktorlarıdır, şirkət rəhbərləridir ki, əllərindən xalqı soymaqdan başqa heç nə gəlmir. Bəlkə daha böyüklərdir, bu xalqı dolandırmaq və onlara xoş güzaran vermək qərarına gəlmişlər.
Nə isə... Bu bəlkələr və cavabsız suallar insanı dəli etmək dərəcəsinə gətirib çıxarmaqdadır. Daha bir misalda çəkim;
Hər dəfə Bakıdan çıxıb, Bakı-Qazax, Gəncə və digər bu istiqamətdə yerləşən rayonlara gedərkən, yolumuz bu mərkəzi magistral şosse yolundan keçir. Bildiyimiz kimi bu şosse yolu Xəzər dənizi sahilinə yaxın bir yerdən keçir və çox uzun bir məsafəni əhatə edir. Şıx çimərliyi ərazisindən başlayaraq Qaradağ polis postuna qədər və onu da, keçdikdən sonra Ələt qəsəbəsinə qədər uzanan sahil xətti boyunca salınmış villalar yəqin ki, mənim kimi sizin də diqqətinizi cəlb etməmiş deyildir. Mən bu magistral şosse yolundan tez-tez istifadə edirəm. Özü də hər dəfə o villaları seyr edirəm. Bütün sahil boyu və hətta Xəzərin içərilərinə doğru irəliləyən bu villalar görəsən kimlərindir ? Görən o villaları hansı pullarla tikmişlər ?! Mən hələ onların içərisindəki şəraiti demirəm. Dənizə açılan yaxtaları və yakları da öz yerində. Görəsən bütün bunlar hamısı kimin və nəyin hesabına yaradılmışdır ?.
Onlara baxır-baxır və əlimdən yalnız köks ötürməkdən başqa heç nə gəlmir. Və bir an da, olsa ürəyindən istər-istəməz bir hiss keçirmiş olursan. Görəsən bunlardan nə vaxtsa bizlərin də, olacaqmı ?. Bir az düşünəndən sonra – bunlar yalnız xəyallarda ola bilər, deyirsən.
Mən bunların, bu yenidən qurma işlərinin, respublikamızın hər tərəfində gedən abadlıq işlərinin, sosial və qeyri sosial tikinti obyektlərinin salınmasının heç də, əlehinə deyiləm. Sadəcə onu bilmək istəyirəm ki, bunlarla paralel sahələrin, yəni bu işlərlə üzbəüz duran digər sahələrin işlərindəki mütəşəkküllük və sürət də eynidirmi. Bax məni bir insan və bir vətəndaş kimi əsas bu məsələlər narahat edir. Yenə bir neçə misal çəkmək istəyirəm ;
Ağdaş rayonuna ezam olunmuşdum. Onu qeyd edim ki, buraya gəlmək üçün Göyçay rayonu ərazisinə daxil olmaq və buranı keçdikdən sonra Ağdaş istiqamətində getmək lazımdır. Amma çox vaxt belə olmur və Ağdaşa getmək istəyən avtobuslar gəlib Göyçay avtovağzalında dayanır. Təbii ki, oraya getmək istəyən sərnişinlər də, burada düşmüş olurlar. Və bundan sonra kim necə gəldi, necə bacarır o cür də getmiş olur. Amma bir məsələni xüsusi olaraq qeyd edim ki, burada taksilər Ağdaşa çox baha aparır. Baxmayaraq ki, bu aradakı məsafə çox qısa və olsa-olsa 6-8 kilometrdir. Bəlkə də, bir az çox. Əgər səhv etmirəmsə). Bəs səbəb nədir ? Niyə görə bu vəziyyət yaranmışdır? Niyə görə bu arada insanlar bu qədər əziyyət çəkirlər? Bunun isə yalnız bir cavabı vardır. Yollar bərbad vəziyyətdədir və hətta mən deyərdim ki, yox dərəcəsindədir. Heç asvaltdan əsər-əlamət yoxdur.
Artıq yuxarıda qeyd etdiyim kimi, mən də, belə etməli oldum. Göyçayda avtobusdan düşüb, Yevlax avtobusuna əyləşib Ağdaşın Xosrov kəndinə yola düşdüm. Çünki, mən oraya getməli idim. Məlumat verim ki, bu kənd Ağdaşın Göyçay tərəfdən birinci kəndidir. Avtobusla gedərkən bütün yol boyu başıma gəlməyən hadisələr qalmadı. Oturacaqda güclə əyləşmiş, həm də, gərgin bir vəziyyətdə yol gedirdim. Avtobus hər dəfə çala-çuxur, hamar olmayan yerə düşərkən mən oturacaqda atılıb-düşür bəzən yanı üstə o biri oturacağa yıxılır və tez-tez də, başım az qala yuxarıtavana dəymək dərəcəsinə gəlib çatırdı. Elə yazının bu yerində sizə bir məsləhət vermək istərdim.
Kimin böyrəklərində problem varsa və yaxud onlar daşlaşıbsa, bunun müalicəsi üçün heç yerə getmək lazım deyil. Sadəcə həmin yol ilə bir dəfə getsin və hər şeyin müsbət həll olunduğunun şahidi olsun. Xülasə, mən birtəhər gəlib Xosrov kəndinə çatdım, avtobusdan düşüb dərindən nəfəs aldıqdan sonra, gəlib qalacağım yerə çatdım. Burada hər şeyi yerbəyer etdikdən sonra, dincəlmək qərarına gəldim. İndidə başqa bir misal çəkirəm.
Artıq bir neçə gün idi ki, burada qalırdım. Onu qeyd edim ki, burada günlərim çox darıxdırıcı keçirdi. Ona görə ki, bura yəni kənd özü darıxdırıcı idi. Dükanlar demək olar ki, boş (yəni ərzaq malları), olanlar da baha qiymətə satılırdı. Bazar da həmçinin. Göy-göyərti demək olar yox dərəcəsində, mer-meyvə də, o cümlədən. Mən hələ süd, qatıq və sairə haqqında demirəm. Onlar heç dükanlarda da yox idi, (Baxmayaraq ki, bura çox böyük bir kənddir, Yəqin ki, heyvan saxlayanlar da, az deyil).
İçməli su yox dərəcəsində, olan da, keyfiyyətsiz. Onu deyim ki, burada əhalinin çoxu artezianlardan istifadə edir. Onların da suyu cod və ağır, hətta şorluğu da vardır.
Bu kənddə təbii qaz yox, İşıqlar da, tez-tez sönür, yollar da ki, palçıq (kənd arası yollar), heç bir mədəni-məişət yeri də, yox, heç olmasa boş və asudə vaxtlarını keçirəsən. Bir sözlə burada yaşamaq çətin məsələdir. İş yerləri isə heç görünmür də.
Burada yaşayan əhalinin hansı vəziyyətdə olduğunu, indi özünüz təsəvvür edin. Mən isə sizə bir sual vermək istəyirəm. Bu rayonun icra başçısı və onun yerli orqanları haraya baxırlar? Və yaxud onlar hansı işlə məşğuldurlar?. Niyə burada yaşayan insanlar eləcə də, başqaları əziyyət çəkirlər. Bəlkə ona görə ki, bu rayonun rəhbərləri “öz” “işləri” ilə məşğuldurlar? Ya da ki, bu rəhbərlər – cənab prezdentimizi aldadırlar?! Yoxsa bu insanlar inkişaf edən respublikamızın bədbəxt (ifadəmə görə üzr istəyirəm) vətəndaşlarıdırlar. Niyə görə bu barədə ölçü götürən və tədbir görən yoxdur?. Ölkə prezdentinin adı arxasında dayanıb, bu insanları məzlum və dilənçi kökünə salan bu şəxslər niyə cinayət məsuliyyətinə cəlb olunmurlar, niyə vəzifələrindən azad olunmurlar?.
Əziz həmvətənlilərim ! və möhtərəm oxucularım!. İnsafən, indi özünüz deyin. Həmin o, Xəzər dənizi sahili boyunca salınmış o, villalar hara, bizim bu Xosrov kəndi hara!. Oradakı o lüks şərait hara, buradakı “ağlasığmaz” şərait hara!. Orada yerə və hasara döşənmiş o, bahalı-bəzəkli daşlar və s. Hara, burada, hətta, içməli su belə tapılmayan bu kənd hara!..
Bəlkə mən səhv edirəm yalan danışıram. İstəyirsiniz gedin özünüz baxın və bu sualların cavablarını da, özünüz verin.
Mənə gəlincə .. Mən isə Ağdaşın Xosrov kəndində iki ay on beş gün elə məhz bu şəraitdə yaşadım. Bu müddət sanki mənə iki il altı ay kimi gəldi. Və mən oradan qayıtdıqdan sonra, hətta, xəstələndim də...

 

-Ağdaş – Xosrov. – Göyçay.
15.12.2012 – ci il.
25.02.2013 – cü il.
 

 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !