Mingəçevirdə seçkilərin demokratik, şəffaf və ədaləti keçirilməsi üçün bütün məntəqələrdə lazımi şərait yaradılıb -

Mingəçevirdə seçkilərin demokratik, şəffaf və ədaləti keçirilməsi üçün bütün məntəqələrdə lazımi şərait yaradılıb

Azərbaycan Respublikasının Milli Məclisinə keçiriləcək seçkilər yaxınlaşdıqca səsvermə məntəqələrində işin intensivliyi daha da artır.

AZƏRTAC xəbər verir ki, noyabrın 1-də ölkəmizdə keçiriləcək növbəti seçkilərlə bağlı artıq respublikamızın hər yerində, o cümlədən Mingəçevirdə də ciddi hazırlıq işləri görülür. Hazırda Mingəçevirdə seçki məntəqələrinin səsvermə üçün tam hazır vəziyyətə gətirilməsi istiqamətində lazımi işlər həyata keçirilir. Seçki məntəqələrinin yerləşdiyi binalarda təmir-bərpa işləri görülüb, ərazidə səliqə-sahman yaradılıb. Seçki məntəqələri lazımi texniki avadanlıqlarla təchiz edilib, rabitə və elektrik sistemi qaydaya salınıb. Məntəqələrdə seçici siyahıları dəqiqləşdirilib, hərbi xidmətdən qayıtmış gənclər, yeni ailə quranlar və yaşayış yerini dəyişənlər müəyyən olunub.

47 saylı Mingəçevir seçki dairəsi dairə seçki komissiyasının sədri Oqtay Məmmədov AZƏRTAC-a bildirib ki, DSK-nın nəzdində 30 seçki məntəqəsi fəaliyyət göstərir. Dəqiqləşdirilmiş siyahıya əsasən, seçicilərin sayı 37 min 258 nəfərdir. Şəhərdə 248 nəfər ilk dəfə səs verəcək vətəndaş qeydiyyata alınıb. Seçkilərin demokratik, şəffaf və ədaləti keçirilməsi üçün bütün məntəqələrdə lazımi şərait yaradılıb.

Oktyabrın 9-dan namizədlərin təşviqat kampaniyasına başlanılıb. Bununla əlaqədar şəhərin bir neçə yerində onların təşviqat aparmaları üçün açıq və qapalı görüş yerləri müəyyən edilib və bu yerlər barədə namizədlərə məlumat verilib.

Qeyd edək ki, Mingəçevirdə seçkilərin yüksək səviyyədə keçirilməsini təmin etmək məqsədilə dairə və məntəqə seçki komissiyalarının üzvləri üçün seminarlar və digər maarifləndirici tədbirlər də təşkil olunub. 

 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !