Mingəçevirin iqtisadiyyatında sənaye istehsalı mühüm yer tutur - FOTO

Mingəçevirin iqtisadiyyatında sənaye istehsalı mühüm yer tutur FOTO

Mingəçevir şəhəri respublikanın dördüncü iri sənaye mərkəzidir. Sənaye istehsalı şəhər iqtisadiyyatının mühüm sahələrindən biri hesab olunur.

Mingəçevir Şəhər İcra Hakimiyyətinin şöbə müdiri Sahib Əliyev AZƏRTAC-a bildirib ki, XX əsrin ortalarında su elektrik stansiyasının tikilməsi ilə əlaqədar yaradılan Mingəçevir şəhəri sonralar xalqımızın ümummilli lideri Heydər Əliyevin diqqət və qayğısı, şəxsi təşəbbüsü və qətiyyətlə həyata keçirdiyi məqsədyönlü tədbirlər nəticəsində respublikamızın energetika mərkəzi olmaqla yanaşı, həm də iri sənaye şəhərinə çevrilib. Burada ölkənin enerji təminatında müstəsna əhəmiyyət kəsb edən istilik elektrik stansiyası, habelə elektroenergetika, maşınqayırma, neft-kimya, yüngül və yeyinti məhsulları sənayesi müəssisələri tikilib.

Regionların sosial-iqtisadi inkişafı Dövlət proqramlarının icrası nəticəsində son illərdə Mingəçevir şəhərində mühüm infrastruktur layihələri yerinə yetirilib, bir sıra yeni istehsal və emal müəssisələri açılıb, “Kür” Olimpiya Tədris İdman Mərkəzi, Mingəçevir Dövlət Dram Teatrı, mərkəzi şəhər xəstəxanası yenidən qurulub, Heydər Əliyev Mərkəzi, Gənclər evi inşa edilib. Həmçinin “Sahil” və “Dostluq” parklarında genişmiqyaslı abadlıq-quruculuq işləri həyata keçirilib, məcburi köçkün ailələri üçün 21 ədəd 9 mərtəbəli binalardan ibarət iki məhəllə salınıb. Bununla yanaşı, son 20 ildə əhalisinin 20 faizə qədər artaraq yüz min nəfəri keçməsi, 21 min nəfər məcburi köçkünün məskunlaşması Mingəçevir şəhərinin əsaslı şəkildə inkişaf etdirilməsini, əhalinin məşğulluq probleminin həlli məqsədilə sənaye potensialının genişləndirilməsini, xüsusilə də yeni müəssisələrdən ibarət iri texnoparkların yaradılmasını zəruri edib.

Eyni zamanda, əhaliyə göstərilən sosial xidmətin keyfiyyətinin yaxşılaşdırılması üçün müvafiq infrastruktur layihələrinin həyata keçirilməsi, o cümlədən olimpiya idman kompleksinin tikilməsi, mərkəzi xəstəxananın əsaslı təmiri, 13 məktəb binasının inşası və ya yenidən qurulması, qazlaşdırma işlərinin başa çatdırılması, su-kanalizasiya sistemlərinin tikintisinin sürətləndirilməsi, çoxmənzilli yaşayış binalarında təmir-bərpa işlərinin aparılması, lift təsərrüfatının və istilik sisteminin əsaslı şəkildə yenidən qurulması tələb olunur. Mingəçevir şəhərinin kompleks inkişafı və respublikanın sənaye mərkəzlərindən birinə çevrilməsi, o cümlədən sosial xidmət infrastrukturunun yeniləşdirilməsi, müasir şəhərsalma prinsiplərinə ciddi riayət etməklə geniş abadlıq-quruculuq işlərinin davam etdirilməsi, habelə regionların 2009-2013-cü illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramında Mingəçevir şəhəri üçün müəyyən olunmuş digər tədbirlər çərçivəsində hazırda mühüm işlər görülür.

Şöbə müdiri Sahib Əliyev bildirib ki, Mingəçevirdə məşğul əhalinin əsas hissəsi energetika, elektrotexnika, kimya, maşınqayırma sahələrində çalışır. O, 1981-ci ildə istifadəyə verilən “Azərbaycan İstilik Elektrik Stansiyası” MMC-nin hazırda Mingəçevirin və ölkənin ən iri enerji istehsalı müəssisəsindən biri olduğunu bildirib. Burada 966 nəfər çalışır. 1955-ci ildə yaradılan “Mingəçevir Su Elektrik Stansiyası silsiləsi” MMC-də isə 107 nəfər işləyir. Şəhərin digər sənaye müəssisələrindən biri də 2005-ci ildən fəaliyyət göstərən “Kür” Elektron Avadanlıqları İstehsalı” MMC-dir. Kompyuter avadanlıqları istehsalı sahəsində ixtisaslaşan müəssisə tam gücü ilə işlədikdə 7 milyon manatlıq məhsul istehsal etmək imkanı var. Bir ildir ki, məhsul istehsalını dayandıran müəssisənin fəaliyyətinin yenidən bərpası üçün hazırda işlər görülür. Zavodun yanvarda fəaliyyətə başlaması nəzərdə tutulur.

Şəhərdə şüşə-plastik və polietilen borular istehsal edən “Mingəçevir İzolit” ASC, maşınqayırma və neft avadanlıqları istehsalı üzrə ixtisaslaşan “Azneftmaş” ASC, “Akkord” Şirkətlər Qrupunun Mingəçevir Maşınqayırma Zavodu, “Azərkabel” ASC və Bakı Dəmir-Beton Məmulatları Zavodunun filialı fəaliyyət göstərir.

Hazırda isə Mingəçevirdə “Yüksək Texnologiyalar Parkı”nın yaradılması istiqamətində işlər davam etdirilir. Prezident İlham Əliyevin Fərmanı ilə Mingəçevir şəhərində 1,3 hektar torpaq sahəsində “Yüksək Texnologiyalar Parkı”nın yaradılması qərara alınıb. Park innovasiya məhsulunun və yüksək texnologiyaların hazırlanması, işlənilməsi və ya təkmilləşdirilməsi məqsədi ilə elmi tədqiqatların və təcrübə-konstruktor işlərinin aparılması, onların nəticələrinin tətbiqi üzrə işləri həyata keçirəcək.

Tikintinin aparılması məqsədilə sənədləşmə işləri görülür. Parkın tikintisi üçün ayrılmış ərazidə abadlıq və tikintiyə hazırlıq işləri aparılır, habelə infrastrukturun qurulması məqsədilə baş plan hazırlanır. İlkin təsərrüfat binasının layihəsi hazırlanıb təsdiq edilib və layihə əsasında yaxın müddətdə tikinti işlərinə başlanılması nəzərdə tutulur. 

 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !