Mingəçevirdə 3 orta məktəb binası əsaslı təmir edilir - FOTO

Mingəçevirdə 3 orta məktəb binası əsaslı təmir edilir FOTO

Mingəçevir şəhərində 3 orta məktəb binasının əsaslı şəkildə təmiri işləri uğurla davam etdirilir.

AZƏRTAC xəbər verir ki, Mingəçevir Şəhər İcra Hakimiyyətinin sifarişi ilə hazırda şəhər 1, 7 və 9 saylı tam orta məktəblərin binasında əsaslı şəkildə yenidən qurma işləri görülür. Hər üç təhsil ocağının təmir-bərpasına ötən ilin oktyabrından başlanılıb. Ötən müddət ərzində 580 şagird yerlik 9 saylı tam orta məktəbin dam örtüyü, qapı və pəncərələri dəyişdirilib, ətrafı hasarlanıb. Təhsil ocağının həyətində qazanxana və transformator quraşdırılıb. Hazırda binada sanitar-texniki qovşaqlar, elektrik xətləri çəkilir. Məktəbin 12 sinif otağında, eləcə də kimya, biologiya, ingilis dili və fizika laboratoriyalarında döşəmələr yenilənir.

Analoji əsaslı təmir-tikinti işləri 780 şagird yerlik 1 saylı tam orta məktəbdə də uğurla həyata keçirilir. Şəhərin ilk təhsil ocaqlarından sayılan bu məktəbin hazırda 47 sinif otağında, fənn kabineti və laboratoriyalarında, idman və iclas zallarında nümunəvi şərait yaradılır. Elektrik və rabitə xətlərinin, sanitar-texniki qovşaqların yenidən qurulması işlərinin 60 faizi yerinə yetirilib. Hazırda içməli və ehtiyat su çənləri, transformator və qazanxana quraşdırılır, havalandırma və istilik sistemləri üçün xətlər çəkilir. Əsaslı təmir-bərpa və yenidənqurma tədbirləri 1187 şagird yerlik 7 saylı tam orta məktəbdə də sürətlə aparılır. Hazırda bu təhsil müəssisəsinin laboratoriyalarında döşəmələrə xüsusi materialdan örtük vurulur. Giriş hissəsi xüsusi memarlıq üslubunda yenidən qurulur, ətrafları hasarlanır. Cari ilin sentyabr ayında istifadəyə verilməsi nəzərdə tutulan bu təhsil ocaqları zəruri məktəb avadanlıqları və mebel dəstləri ilə təmin olunacaq. Bu məktəblər istifadəyə verildikdə ümumilikdə 2547 nəfər şagirdin tədris şəraiti yaxşılaşacaq.

Qeyd edək ki, son illər Mingəçevir şəhərində 4 müasir məktəb binası inşa olunub, 400 şagird yerlik əlavə korpus tikilib, 9 tədris müəssisəsi isə əsaslı şəkildə təmir olunub. Nəticədə ümumilikdə 11136 nəfər şagirdin tədris şəraiti yaxşılaşdırılıb. Həmçinin

2015-ci ildə Mingəçevirdə 400 abituriyent tələbə adını qazanıb ki, onlardan 42 nəfəri 600-dən yuxarı bal toplayıb. 

 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !