Mingəçevir: sənaye məhsullarının çeşidi və istehsalın həcmi artırılır - FOTO

Mingəçevir: sənaye məhsullarının çeşidi və istehsalın həcmi artırılır FOTO

Prezident İlham Əliyevin tapşırığına əsasən ölkəmizdə sənaye potensialının gücləndirilməsi, müəssisələrin istehsal gücünün artırılması, yerli tələbata uyğun müxtəlif çeşidli məhsulların istehsalı məqsədilə mühüm addımlar atılır.

Son vaxtlar Mingəçevirdə sənaye sahələrinin genişləndirilməsi istiqamətində görülən tədbirlər istehsalın artırılmasına və yeni iş yerlərinin açılmasına hesablanıb. Belə müəssisələrdən biri olan “Mingəçevir İzolit” ASC-də elektrotexnika və energetika sənayesi üçün 25-ə yaxın çeşiddə məhsul istehsal edilir.

“Mingəçevir İzolit” ASC-nin sədri İsmayıl Məmmədov AZƏRTAC-a bildirib ki, rəhbərlik etdiyi müəssisə 1963-cü ildə fəaliyyətə başlayıb və 2008-ci ildə tam özəlləşdirilib. On altı hektar ərazisi olan və əsasən elektrik-izolyasiya sahəsi üçün müxtəlif təyinatlı məmulatlar, neft-qaz sənayesi və su-kanalizasiya sistemi üçün şüşə-plastik, içməli su və təbii qaz xətlərinin çəkilişi üçün polietilen borular istehsal edən zavodda yenidənqurma işləri aparılıb, Türkiyə, Makedoniya və Çindən gətirilmiş müasir avadanlıqlar quraşdırılıb.

Hazırda 90 nəfərin çalışdığı müəssisədə kanalizasiya və drenaj xətləri üçün şüşə plastikdən kompozit borular, bacalar, aşınmaya davamlı izolyasiya xarakterli müxtəlif ölçülü nərdivanlar, ayaqaltılar, məhəccərlər də istehsal olunur.

İsmayıl Məmmədovun sözlərinə görə, müəssisənin aylıq istehsal gücü plastik boru üzrə 650 ton, kompozit boru və profillər üzrə 170 tondur. Zavod bir ayda 3 milyon manatlıq məhsul istehsal edir. O, hazırda zavodun istehsal gücünün cəmi 5 faizindən istifadə edildiyini bildirib. İsmayıl Məmmədov regionların 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramının icrasının ikinci ilinin yekunlarına həsr olunmuş konfransda çıxış edən Prezident İlham Əliyevin tövsiyə və tapşırıqlarına uyğun olaraq işlərində dönüş yaratmağa çalışdıqlarını, yerli bazar üçün rəqabət qabiliyyətli çox çeşidli məhsullar istehsal etməyi və işçilərin sayını artırmağı qarşıya məqsəd qoyduqlarını bildirib.

Sahibkar bildirib ki, əsasən daxili bazar üçün məhsul istehsal edən müəssisə yaxın vaxtlarda yeni avadanlıqların quraşdırılması hesabına məhsul çeşidini daha da artırmağı planlaşdırır. ASC-nin məhsullarının yaxın gələcəkdə xarici ölkələrə də ixracı nəzərdə tutulur.

Mingəçevirdə fəaliyyət göstərən “Azərkabel” zavodu da məhsul istehsalını artırmağı hədəfləyib. Əsasən açıq naqillərin, məişət naqillərinin və SİP kabellərin istehsal olunduğu bu müəssisənin yeni inkişaf planı hazırlanıb. Əsas məqsəd isə daxili bazarda ixrac şəbəkəsini genişləndirmək və məhsul çeşidini artırmaqdır.

Bundan əlavə, dövlətimizin başçısının müvafiq Sərəncamına əsasən, energetiklər şəhərindəki köhnə toxuculuq fabrikinin 14,5 hektarlıq ərazisində Mingəçevir Sənaye Parkının yaradılması üçün hazırlıq işləri görülür. Gələn ay söküntü işləri yekunlaşdıqdan sonra layihənin icrasına başlanılacaq. 

 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !