Yasamal rayonunda Azərbaycan Gəncləri Günü qeyd olunub -

Yasamal rayonunda Azərbaycan Gəncləri Günü qeyd olunub

Fevralın 1-də Yasamal rayonundakı Heydər Əliyev Mərkəzində 2 Fevral – Azərbaycan Gəncləri Günü münasibətilə tədbir keçirilib.

Tədbirdə ali və orta ixtisas məktəblərinin tələbələri, şagirdlər, idarə, müəssisə və təşkilatlarda çalışan gənclər, siyasi partiyaların, ictimai təşkilatların və QHT-lərin nümayəndələri iştirak ediblər.

Tədbir iştirakçıları əvvəlcə Azərbaycanda dövlət gənclər siyasətinin banisi olan ulu öndər Heydər Əliyevin xatirəsini dərin ehtiramla yad edib, dahi şəxsiyyətin abidəsi önünə gül dəstələri düzüblər.

Sonra rayon gənclərinin rəsm işlərindən ibarət sərgiyə baxış olub.

Yasamal rayon gənclər və idman idarəsinin rəisi İlham Səfərov tədbir iştirakçılarını Azərbaycan Gəncləri Günü münasibətilə təbrik edərək, ölkəmizdə uğurla həyata keçirilən gənclər siyasətindən danışıb. O, hesabat məruzəsi ilə çıxış edərək rayonda bu sahədə görülən işlər barədə məlumat verib. Azərbaycan Gəncləri Günü münasibətilə idarə tərəfindən keçirilən tədbirlərin rayon gənclərinin böyük marağına səbəb olduğu diqqətə çatdırılıb.

Bakı Dövlət Universitetinin tələbəsi Nigar İbrahimova, Azərbaycan Milli Elmlər Akademiyasının Gənc Alim və Mütəxəssislər Şurasının sədri Famin Salmanov, Bakı 3 saylı “ASAN xidmət” mərkəzinin əməkdaşı Türkan Hacıyeva çıxışlarında ölkə gənclərinə göstərilən yüksək diqqət və qayğıdan danışıblar.

Milli Məclisin deputatı Elşad Həsənov gənclər sahəsinin ölkəmizdə dövlət siyasətinin prioritet istiqamətlərindən biri olduğunu vurğulayıb. O, gənclər siyasəti haqqında qanun layihəsinin hazırlandığını və martda Milli Məclisin müzakirəsinə çıxarılacağını bildirib. Deputat Azərbaycanda gənclərlə bağlı mühüm layihələrin, dövlət proqramlarının icra edilməsinin onlara göstərilən yüksək diqqət və qayğının göstəricisi kimi dəyərləndirib.

Bakı Şəhər Gənclər və İdman Baş İdarəsinin rəisi Raqif Abbasov bu gün Azərbaycan gənclərinin vətənpərvər olduqlarını, ölkəmizin ictimai-siyasi həyatında fəal iştirak etdiklərini deyib. Bildirib ki, bu gün qarlı-şaxtalı havada səngərlərdə Vətənimizin keşiyini çəkən, ölkəmizin haqq səsini dünyaya bəyan edən, mötəbər beynəlxalq yarışlarda uğurlar qazanaraq üçrəngli bayrağımızı yüksəyə qaldıran şəxslər məhz Azərbaycan gəncləridir. Gənclərimizin savadlı, bilikli olmalarının, onların informasiya-kommunikasiya texnologiyalarını, habelə xarici dilləri mükəmməl bilmələrinin zəruriliyini vurğulayan R.Abbasov bunun üçün Azərbaycan dövləti tərəfindən hər cür şəraitin yaradıldığını qeyd edib. Bu gün Azərbaycanın sürətli inkişafını, əldə etdiyi uğurları gözü götürməyən qüvvələrin olduğunu bildirən Baş İdarənin rəisi deyib ki, bunun üçün gənclərimiz fəallıqlarını daha da artırmalıdırlar.

Yeni Azərbaycan Partiyası Yasamal rayon təşkilatının sədri Tağı Əhmədov əlamətdar gün münasibətilə tədbir iştirakçılarına təbriklərini çatdıraraq bugünkü gənclərin müstəqil Azərbaycan Respublikasında dünyaya gəldikləri üçün xoşbəxt olduqlarını xüsusi vurğulayıb. Qeyd edib ki, bizdən əvvəlki nəsillər, ata-babalarımız əsrlər boyu müstəqillik arzusu ilə yaşasalar da, bu xoş günü görmək onlara qismət olmayıb. T.Əhmədov müasir müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu, ümummilli lider Heydər Əliyevin hakimiyyətə qayıdışından sonra atdığı ilk addımlardan birinin məhz ölkə gəncləri ilə bağlı olduğunu diqqətə çatdırıb.

Yasamal Rayon İcra Hakimiyyətinin başçısı İbrahim Mehdiyev bildirib ki, ulu öndər Heydər Əliyev fəaliyyətinin bütün dövrlərində gənclərə yüksək diqqət və qayğı göstərib. Azərbaycan Prezidenti İlham Əliyevin bu diqqət və qayğını uğurla davam etdirməsi nəticəsində gənclərimiz dünyanın ən nüfuzlu universitetlərində təhsil alır, yüksək ixtisaslı mütəxəssislər kimi yetişərək ölkəmizin inkişafında mühüm rol oynayırlar.

Sonra ölkəmizin, o cümlədən rayonun ictimai-siyasi həyatında fəallığı ilə seçilən, habelə bir sıra müsabiqələrin qalibləri olan bir qrup gənc Yasamal rayon gənclər və idman idarəsinin fəxri fərmanları və xatirə hədiyyələri ilə təltif ediliblər. 

 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !