ADU-da 31 Mart - Azərbaycanlıların Soyqırımı Günü nə həsr olunan dəyirmi masa keçirildi -

ADU-da “31 Mart - Azərbaycanlıların Soyqırımı Günü”nə həsr olunan dəyirmi masa keçirildi

31 mart 2016-cı il tarixində Azərbaycan Dillər Universitetində (ADU) universitetin Tələbə Gənclər Təşkilatının (TGT) təşkilatçılığı ilə “31 Mart - Azərbaycanlıların Soyqırımı Günü”nə həsr olunan dəyirmi masa keçirildi. Dəyirmi masada ADU-nun Tərbiyə işləri üzrə prorektoru, professor Ələddin Əliyev, Pedaqoji (ingilis dili-alman dili) fakültənin dekanı, professor Fikrət Cahangirov və universitetin tələbələri iştirak edirdi.
Professor Ələddin Əliyev erməni daşnaklarının azərbaycanlılara qarşı həyata keçirdiyi soyqırımının Stepan Şaumyanın rəhbərliyi ilə baş tutduğunu söylədi, günahsız xalqa qarşı çevrilmiş qanlı hadisə nəticəsində törədilən vəhşi əməllərin sivil cəmiyyətə yad olduğunu sözlərinə əlavə etdi. Erməni quldurlarının Azərbaycan xalqına qarşı törətdiyi əməllərin təkcə mart hadisələri ilə yekunlaşmadığını deyən Ələddin Əliyev tarix boyu onların xalqımıza, dövlətimizin maraqlarına zidd olan işğalçı siyasət yeritdiklərini vurğuladı. O, martın 30-dan başlayan kütləvi qırğınlar nəticəsində 20 minə yaxın günahsız insanın, o cümlədən çoxlu sayda qoca, qadın və uşağın qətl edildiyini, şəhərin tarixi memarlıq abidələrinin məhv edildiyini diqqətə çatdırdı, vəhşi əməllərin Bakı şəhəri ilə yanaşı bölgələrimizdə də törədildiyini bildirdi. Dövlətimizin həm iqtisadi, həm də hərbi qüdrətinin Ermənistandan qat-qat güclü olduğunu deyən Ələddin Əliyev ölkə rəhbərliyinin bu istiqamətdə düşünülmüş siyasət yeritdiyini ifadə etdi. O, törədilmiş qanlı olaya Ümummilli lider Heydər Əliyev tərəfindən imzalanan “Azərbaycanlıların soyqırımı haqqında” müvafiq fərmanla dövlət səviyyəsində hüquqi qiymətin verildiyini və həmin gündən 31 Mart tarixinin Azərbaycanlıların Soyqırımı günü kimi qeyd olunduğunu tədbir iştirakçılarının diqqətinə çatdırdı. Çıxışının sonunda Ələddin Əliyev tələbələrə Azərbaycan gerçəklərinin dünya ictimaiyyətinə çatdırılması prosesində fəal olmağı, gəncliyin onlara verdiyi potensialdan geniş istifadə etməyi tövsiyə etdi.
Dəyirmi masa iştirakçıları soyqırımının məhz ildönüm günü deyil, həmişə xatırlamasının vacibliyindən, təbliğat işinin yetərli səviyyədə təşkil edilməsindən danışdılar, bu istiqamətdə təkliflər səsləndirdilər.
 

 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !