Masallıda 31 mart soyqırımı qurbanları anıldı - FOTO (AZpress.AZ - Əlihüseyn Şükürov, Masallı)

Masallıda 31 mart soyqırımı qurbanları anıldı FOTO (AZpress.AZ - Əlihüseyn Şükürov, Masallı)

31 mart 2016-cı il tarixdə Masallı rayon Qəhrəmanlar parkında 31 mart Azərbaycanlıların soyqırımı qurbanlarının anım mərasimi keçirilmişdir.
Mərasimdə Masallı Rayon İcra Hakimiyyətinin başçısı Rafil İsrafil oğlu HÜSEYNOV, hüquq-mühafizə orqanları rəhbərləri, rayonun veteranları, ağsaqqalları, ziyalıları, məktəblilər və minlərlə rayon sakini qəhrəmanların xatirəsinə ucaldılmış abidə önünə tər gül dəstələri düzərək xatirələrini ehtiramla yad etdilər .
Sonra anım mərasimi Masallı şəhər Heydər Əliyev Mərkəzində 31 mart Azərbaycanlıların soyqırımına həsr olunmuş elmi-praktiki konfransla davam etdirildi. Bu xəbəri bizə Masallı Rayon İcra Hakimiyyətinin saytına istinadən "Az.PRESS.az"ın Masallı müxbiri Əlihüseyn Şükürov yazır.
Tədbiri giriş sözü ilə Masallı Rayon İcra Hakimiyyətinin başçısı Rafil İsrafil oğlu HÜSEYNOV açaraq qeyd etmişdir ki, iki əsrdir mənfur erməni xisləti ilə üz-üzə qalmağımız, ermənilərin Azərbaycanlılara qarşı kütləvi qırğınların həmin vaxtdan bu günümüzə kimi davam etməkdə olmasıdır.
Tədbirdə Masallı rayonu Yeddioymaq kənd orta məktəbinin müəllimi Azər Eyvazov soyqırım gününün hərtərəfli təhlilini əks etdirən məruzə ilə çıxış etdi. Natiq bildirdi ki, Azərbaycanlılara qarşı əsrlərlə davam edən soyqırım nəticəsində yüzlərlə yaşayış məntəqəsi yerlə-yeksan edilib, minlərlə Azərbaycanlı qəddarlıqla qətlə yetirilib. Rusiya ilə İran arasında gedən iki müharibənin (1804-1813, 1826-1828) sonunda imzalanmış Gülüstan (12 oktyabr 1813-cü il) və Türkmənçay (10 fevral 1828-ci il) müqavilələri Azərbaycanın parçalanmasına gətirib çıxarmışdır. Azərbaycanın şimalı Rusiyanın, cənubu isə İranın idarəçiliyinə keçmişdir. 1905-1906-cı illərdə İrəvan və Gəncə quberniyalarının 200, Şuşa, Cəbrayıl və Zəngəzurun 75 azərbaycanlı kəndini ermənilər talan ediblər. 1918-ci ilin mart-aprel aylarında isə qanlı hadisələr zirvə nöqtəsinə çatıb. Azərbaycanlıların soyqırımı xüsusi qəddarlıqla Bakı, Şamaxı, Quba, Qarabağ, Zəngəzur, Naxçıvan, Lənkəran və digər ərazilərdə həyata keçirilib. 1918-ci ilin mart-aprelində Bakı, Şamaxı, Quba, Muğan və Lənkəranda ermənilər 30 mindən çox azərbaycanlını qətlə yetirmiş, 10 minlərlə insanı öz torpaqlarından qovmuşdur. Təkcə Bakıda 10 minə yaxın azərbaycanlı xüsusi qəddarlıqla öldürülüb, Şamaxıda 58 kənd dağıdılmış, 7 min nəfər (1653 qadın, 965 uşaq) məhv edilmişdir. Quba ərazisində 122, Qarabağın dağlıq hissəsində 150, Zəngəzurda 115, İrəvan quberniyasında 211, Qars əyalətində 92 kənd yerlə yeksan olunmuş, əhali üzərində yaş və cinsə məhəl qoymadan qətliam həyata keçirilmişdir. İrəvanda – azərbaycanlıların bu tarixi şəhərində və onun ətrafında qısa zaman ərzində 88 kənd dağıdılıb, 1920 ev yandırılıb, 131 min 970 nəfər isə öldürülüb.
Məruzə ətrafında müzakirələrdə Uşaq və Yeniyetmələr Yaradıcılıq evinin direktoru Əsmər Axundova, Qarabağ müharibəsi əlilləri, veteranları və şəhid ailələri ictimai birliyinin sədri Nahid Rəhimov, Masallı Dövlət Regional Kollecinin tələbəsi Turə Abuşova və başqaları çıxış edərək, erməni vandallarının cənub bölgəsində törətdiyi fəlakətlərdən danışdılar. Xüsusi vurğulandı ki, 26 mart 1998-ci ildə Azərbaycan Xalqının Ümummilli lideri Heydər Əliyevin "31 Mart Azərbaycanlıların Soyqırımı Günü" kimi qeyd olunması üçün imzaladığı xüsusi fərman bu faciəyə verilən tutarlı siyasi qiymətdir.

 


Ə.ŞÜKÜROV.
"Az.PRESS.az"-ın Masallı müxbiri.
Masallı.
 

 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !