Cəbhə bölgəsində "Azərbaycan xalqına qarşı 1918-ci il soyqırımıları" kitabının təqdimatı olub -

Cəbhə bölgəsində "Azərbaycan xalqına qarşı 1918-ci il soyqırımıları" kitabının təqdimatı olub

Müdafiə naziri general-polkovnik Zakir Həsənovun tapşırığına əsasən, Silahlı Qüvvələrdə 31 Mart - Azərbaycanlıların Soyqırımı Günü ilə əlaqədar silsilə tədbirlər keçirilir.
Cəbhə bölgəsindəki hərbi hissələrin birində Azərbaycan Milli Elmlər Akademiyası A.A.Bakıxanov adına Tarix İnstitutu və Azərbaycan Respublikası Hərbi Prokurorluğunun birgə layihəsi olan "Azərbaycan xalqına qarşı 1918-ci il soyqırımıları" kitabının təqdimatı olub.
Kitab haqqında ətraflı məlumat verən Müdafiə Nazirliyinin zabiti polkovnik Abdulla Qurbani bildirib ki, 31 Mart - Azərbaycanlıların Soyqırımı Günündə bu dəyərli tədqiqat əsəri soyqırımı qurbanlarının xatirəsinə hörmət və ehtiramın təcəssümü olmaqla yanaşı, həm də zaman-zaman havadarlarından hərtərəfli kömək alan erməni cəlladlarının Azərbaycan və Şərqi Anadolu torpaqlarında türk-müsəlman əhaliyə qarşı törədilmiş soyqırımının dünyaya çatdırılmasında mühüm əhəmiyyət kəsb edəcəkdir.
Qeyd olunub ki, kitabda ermənilərin 1905-1906-cı illərdə Cənubi Qafqazda, 1917-1920-ci illərdə Şərqi Anadolu, Naxçıvan və İrəvan bölgəsində, 1918-ci ilin mart-aprel aylarında Bakı, Şamaxı, Quba qəzalarında, eləcə də Qarabağ, Zəngəzur bölgələrində, İrəvan quberniyasında türk-müsəlman əhalisinə qarşı törədilmiş kütləvi qırğınlar haqqında arxiv materiallarına əsaslanan ətraflı məlumat verilir. Burada 1940-1990-cı illərdə Ermənistanın Azərbaycan xalqına qarşı yürütdüyü deportasiya, etnik təmizləmə, soyqırımı və işğalçılıq siyasəti barədə də kifayət qədər araşdırma materialları oxuculara təqdim edilir.
Ümumiyyətlə, kitab şəxsi heyətin döyüş və mənəvi-psixoloji hazırlığının, vətənpərvərlik və düşmənə nifrət hissinin yüksəldilməsində qiymətli vasitədir.
Polkovnik-leytenant Seymur Həbibullahov, mayor Namiq Cavadov və başqaları kitab barədə fikirlərini bölüşüb, dəyərli əsərdəki məlumatların bütün bölmələrdə şəxsi heyətə çatdırılmasının əhəmiyyətindən danışıblar. 

 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !