Qazaxda məskunlaşan 300-dən çox məcburi köçkün ailəsi yeni salınmış qəsəbəyə köçüb - FOTO

Qazaxda məskunlaşan 300-dən çox məcburi köçkün ailəsi yeni salınmış qəsəbəyə köçüb FOTO

Cəbhə bölgəsində yerləşən Qazax rayonunda sözün həqiqi mənasında, yüksək əhval-ruhiyyə, xoş ovqat yaşanır. Dövlətimizin başçısının müdrikliyinə qəlbən inanan, Milli Ordumuzun şücaətinə arxalanan qazaxlılar böyük sevinc içərisindədirlər. Bu sevincdən artıq neçə illərdir ki, məcburi köçkün kimi rayon ərazisindəki müxtəlif obyektlərdə müvəqqəti məskunlaşan soydaşlarımıza da pay düşür. Belə ki, onlar bu günlərdə Qazaxbəyli kəndində salınmış 304 ailəlik müasir tipli qəsəbədəki rahat mənzillərə köçüblər.

Rayon icra hakimiyyətindən AZƏRTAC-a bildiriblər ki, layihəyə uyğun olaraq, ərazidə 10 dördmərtəbəli bina tikilib. Binalarda 52 birotaqlı, 156 ikiotaqlı, 88 üçotaqlı, 8 dördotaqlı mənzillər var. Ərazidə bundan əlavə, 220 şagird yerlik məktəb binası, 50 yerlik uşaq bağçası, tibb məntəqəsi, ATS binası və klub-icma mərkəzi üçün də binalar tikilib. Yaşayış kompleksi qaz, su, müasir istilik sistemi və elektrik ilə tam təchiz olunub və 3,6 hektarı əhatə edən ərazidə yaşıllaşdırma işləri aparılıb. Kompleksin tikintisi 2015-ci ilin aprelində başlanılıb və dekabrda tam başa çatdırılıb.

Yeni məhəlləyə köçürülən məcburi köçkünlər yaradılan bu şəraitə görə Prezident İlham Əliyevə dərin minnətdarlıqlarını bildirirlər. Onlar dövlətimizin başçısının müdrik, qətiyyətli siyasəti nəticəsində işğal altındakı bütün torpaqlarımızın tezliklə azad ediləcəyinə inandıqlarını söyləyirlər. 

 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !