Rafael Hüseynov: - Qaçqın problemi vaxtında təsirli tədbirlərin görülməməsi nəticəsində yaranıb

Rafael Hüseynov: Qaçqın problemi vaxtında təsirli tədbirlərin görülməməsi nəticəsində yaranıb

Avropa Şurası Parlament Assambleyasının (AŞPA) üçüncü iş günündə müzakirələrə qatılan Azərbaycan nümayəndə heyətinin üzvü Rafael Hüseynov bu gün qaçqın probleminin qlobal şəkil almasının əsas səbəblərindən birinin illər öncə belə bəlalara qarşı dərhal kəsərli tədbirlər görülməməsi olduğunu söyləyib. O deyib: “Suriyada, yaxud Qərbi Balkanlardakı qaçqınların dərd yükünün çəkisi nə qədərdir, onların faciəsi nə rəngdədir, necə dadır? Nə qədər acınacaqlı olsa da indi dünyada və Avropada bu kədərli sualların dəqiq cavablarını elə öz acı təcrübələrinə, başlarına gələnlərə əsasən bilənlərin sayı yüz minlərlə deyil, milyonlarladır. Cənubi Qafqazda bu müdhiş insan faciəsinin ən sarsıdıcı mənzərələrini biz 20 ildən çoxdur ki, hər gün müşahidə edirik. Bu gün suriyalı qaçqınların və miqrantların üzləşdiyi müsibətlərlə bağlı ürək ağrıdan epizodlar yaddaşımızda ötən illərdə qitəmizin digər bölgələrində törədilmiş, yüzlərlə, minlərlə başqa oxşar qəmli səhnələri canlandırır”.

R.Hüseynov qeyd edib ki, bu gün baş verənlər dünən baş verənlərlə birbaşa əlaqədardır. Bu, bir zəncirdir, daha dəqiqi zəncirvari reaksiyadır ki, həlqələrinin hamısı bir-birinə bənd olub, davam etdikcə, ötürüldükcə daha da şiddətlənir. 3, 5, 10 və ya 20 il öncə qızışan münaqişələrin, yaranan qaçqın, məcburi köçkün, miqrant sellərinin qarşısını almaq, çarəsini tapmaq yolunda vaxtında daha kəsərli addımlar atılmış olsaydı, indi üzləşdiyimiz problemlər bəlkə heç yaranmazdı. Bizim ilk növbədə öz ortaq evimizi – Avropanı, eləcə də bütün insanların müştərək yuvası olan Yer kürəsini münaqişələrsiz, daha ədalətli, daha yaşamalı, insanların bərabərliyinin, haqlarının qorunmasına tam riayət edilən məkana çevirmək yolunda son 60-70 ildə bu qədər mübarizələr aparandan sonra əldə etdiyimiz nəticələr çox məyusedicidir. Daha yaxşı olmasına səy etdiyimiz halda niyə belə alındı, niyə cənnət qurmaq istəyərkən sıra-sıra cəhənnəmlər doğurduq?

Deputat Rafael Hüseynov müasir dövrdə Avropa Şurasının əslində bütün ölkələr və qitələrdə yaşanan bu qəbil humanitar faciələrin həllinə qatılmasının qanunauyğun bir hal olmasını vurğulayıb: “Bu gün burada biz zahirən coğrafi baxımdan Avropaya aidiyyəti olmayan Suriya qaçqınlarının məruz qaldığı vəziyyətə görə Avropanın daşıdığı məsuliyyət barədə düşünürük. Əslində bu nigaranlıq çox məntiqlidir. Bütün oxşar bəlaların həllinin ən ümdə vasitəsi yəqin elə həmin məsuliyyət hissinin hamı tərəfindən dərk edilməsidir. Bu kor dalandan çıxış yolu məsafəcə bizdən ən uzaq nöqtədə yaşanan faciələrin bizə bilavasitə bağlantısı olması həqiqətini anlayıb qəbul etməyimizdən keçir. Əgər bu haqda qayğılanmasaq, tədbirlər görməyə çalışmasaq, uzaq olmayan günlərin birində bütün belə bəlaların ikiqat sürətlə özümüzə qarşı yönələcəyi təhlükəsinə də hər an hazır olmalıyıq. Bu qənaət mənim içərimdə indi yox, bütün çılpaqlığı ilə 28 il əvvəl yaranıb”.

Assambleya üzvlərinin diqqətini Ermənistanın Azərbaycana qarşı təcavüzünə, Ermənistanda azərbaycanlılara qarşı aparılan etnik təmizləmə nəticəsində yaranmış qaçqın və məcburi köçkünlər ordusuna yönəldən R.Hüseynov deyib: “Ermənistanda ata-babalarının əsrlərcə yaşamış olduğu tarixi torpaqlardan azərbaycanlıların deportasiyası 1988-ci ilin qışında başlayıb. Şaxtalı, qarlı günlərdə qaçqın azərbaycanlılardan ibarət, miqdarı yüz minlərlə ölçülən nəhəng insan ordusu dağlardan aşaraq xilas olmağa çalışırdı. Bir çoxları elə o dağlarda soyuqdan donub öldü. Qəfilcə evsiz, geyimsiz, bütün var-yoxunu itirmiş 300 mindən artıq Azərbaycanlı həyatını sıfırdan başlamaq məcburiyyətində qaldı. O vaxt hansısa xarici jurnalist həmin azərbaycanlı qaçqınlardan birinin müsahibəsini lentə almışdı. Həmin qaçqın şəxsən özünün məruz qaldığı acılardan danışmırdı, ağlaya-ağlaya başqa bir dərdi bölüşürdü. Bildirirdi ki, erməni yaraqlıları kəndimizə silahlı basqın edəndə ayaqyalın-başıaçıq qaçmağa başladıq. Özümüzü o qədər itirmişdik ki, həyətdəki itin zəncirini açaraq onu sərbəst buraxmağı unutdum. İndi məni öz vəziyyətimizdən daha çox orada, boşalmış kimsəsiz yurdda köməksiz, ac-susuz qalmış, bağlı olduğu üçün canını qurtara bilməyən itin halı yandırır. İlk dəfə 28 il əvvəl qəhər içərisində dinlədiyim bu əhvalat, bu ibrətli və təsirli səhnə heç vaxt gözlərimin önündən getmir, həmişə ürəyimi göynədir. Bu, insanın heyvan, bir canlı qarşısında məsuliyyətinin örnəyidir”.

Qeyd olunub ki, Suriyada, Qərbi Balkanlarda, Cənubi Qafqazda və digər bütün nöqtələrdəki milliyətindən asılı olmayaraq bütün qaçqınların müşküllərinə, əzablarına, faciələrinə eyni həssaslıq, eyni səmimiyyət və eyni məsuliyyətlə yanaşılsaydı, indi həyat başqa cür olardı və bugünkü məruzələr yox, başqa daha vacib mövzular müzakirə olunardı. Heç olmazsa bundan sonra bu xeyirxah meyarlarla, daimi mərhəmət duyğusu ilə yaşanılsa, fəaliyyət göstərilsə, onda çox düyünlərin açılmasına ümidlər artar.AZƏRTAC 

 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !