ARGTMŞ Ümumdünya Qaçqınlar Günü ilə bağlı kampaniya həyata keçirdi. -

ARGTMŞ “Ümumdünya Qaçqınlar Günü” ilə bağlı kampaniya həyata keçirdi.

Azərbaycan Respublikası Gənclər Təşkilatları Milli Şurası (ARGTMŞ) 20 iyun Ümumdünya Qaçqınlar Günü münasibətilə ARGTMŞ-ın üzv təşkilatı olan Azərbaycan Qaçqın və Məcburi Köçkün Gənclər Təşkilatının iştirakçılığı ilə "Qaçqın olmaq nə deməkdir?” başlığı altında Avropa Şurasının “Nifrət Nitqinə Yox” Kampaniyası çərçivəsində xüsusi təbliğat materiallarıhazırlayıb.
Təbliğat materiallarının əsas məqsədi, Dağlıq Qarabağ və ətraf rayonlardan düşmənin amansızlıqlığı, Azərbaycana qarşı apardığı işğalçılıq siyasəti nəticəsində qaçqın düşmüş şəxslərin həyat hekayələrinin avropa ictimaiyyətinin diqqətinə çatdırmaq olub.
Eyni zamanda, kampaniya çərçivəsindəgənclər təşkilatlarının nümayəndələri üçün keçirilən “İnsan Hüquq və Azadlıqları” təlim kursu çərçivəsində “Qaçqın və Məcburi Köçkünlərin Hüququları” üzrə xüsusi təlim bloku tədris olunub.
Gənclər tərəfindən kampaniya çərçivəsində səsləndirilən bəzi fikirləri sizin nəzərinizə çatdırırıq:
Məmmədli Öycül: ““Məcburi köçkün” və ya “qaçqın” statusu böyük sərhəddir və sənin həyat səhifənin ləkəsidir. Bu statusu mən qazanmamışam, mənə veriblər. Əslən Kəlbəcərliyəm. Oranın havası, uca dağları, yaşıllığa bürünmüş meşəliklərini yalnız xəyalımda canlandıra bilmişəm. Zaman dəyişəcək... Torpaqlarımıza qayıdacağımıza inanıram.”
Əliyev Anar: “Mən valideynlərimin göz yaşı, həsrəti ilə böyümüşəm. Şuşadanam. Müharibə başlayanda 4 yaşım var idi. O zaman bizim yatağımız evimizin padvalı idi. Bunun səbəbinin nə olduğunu anlamırdım. İndi hər şeyi anlayıram. Dövlətimizə bizə göstərdiyi qayğı üçün minnətdarıq. Lakin, biz torpaqlarımızı istəyirik. Sülh istəyirik!”
Səfərli Nurlan: Zəngilandanam. “Ailəm qaçqın olduqdan sonra bizi böyütmək üçün çox əzablı yollardan keçiblər. Mən belə bir çətin vəziyyətdə yaşamışam. Yaxşı ki, dövlət bizdən də öz dəstəyini əsirgəmədi. Müəyyən şəraitlər yaratdı. Amma “Bərabərhüquqluyuqmu?” sualına cavab verəsi olsam, deyərdim ki, nə zaman ki, öz torpaqlarımıza geri qayıdacağıq o zaman hüquqlarımızı da bərabər olacaq. Ayrı-seçkiliyin olmadığı dünyada yaşamaq istəyirik!”
İbrahimov Cahandar: “Ağdamlıyam. Bu gün yaşadığım yerdə özümü qonaq kimi hiss edirəm. İlk vaxtlar çadır şəhərciyində yaşayırdıq. Soyuq, isti, qar, tufan bizim dostumuz olmuşdu. Oyuncaqlarsız bir uşaqlıq yaşamışam. Müharibəyə YOX deyirik, torpaqlarımıza qayıtmaq istəyirik!”
Nigar İbrahimova: “1990-cı il 20 iyulda Laçının Ərdəsəvi kəndində dünyaya gəlmişəm. 2 yaşımda doğma torpaqlarımızdan digərdin düşmüşük. İçimdə bu boşluğu həmişə hiss etmişəm. Xüsusən də uşaqlıq xatirələrimdə.Məktəb illərində yay tətilindən qayıdanda "Yay tətilini necə keçirdim" mövzusunda inşa yazmalı olurduq. Düzdür, dövlət həmişə bizlərə qayğı göstərib. Lakin bu içimdəki mənəvi boşluğu heç zaman doldurmayıb.”
Könül İbrahimova:“1997-ci ildə Sumqayıt şəhərində anadan olmuşam. Atam Qubadlı, anam Fizuli rayonundandır. Hal hazırda Sumqayıt Dövlət Universitetində təhsil alıram. Məcbüri köçgün olduğumuz üçün illik haqqı ödəmirik. Tək bununla deyil, bizlər üçün etdiyi bütün köməkliklərinə görə Prezidentimiz Cənab İlham Əliyevə öz minnətdarlığımızı bildiririk. Lakin “Qaçqın və Məvburi köçgün” statusu almaq mənə və ailəmə xoş deyil. Çünki yurd Yuvalarından çıxmaq asan deyil. Bizlər üçün o adı daşımaq belə çox çətindir. Mən torpaqlarımızın düşmən tapdağı altından qurtulacağına inanıram. İnşallah Qarabağımız düşmən tapdağından azad olunacaq.”
Gənclər tərəfindən səsləndirilən fikirlər Avropa Şurasına göndərilən posterlərdə öz əksini tapıb. Qeyd edək ki, hazırda Azərbaycanda 1 milyon 200 mindən çox qaçqın, məcburi köçkün və qaçqın statusu almaq niyyətində olan şəxs var.
Azərbaycan xalqı bir əsrdə dörd dəfə ermənilər tərəfindən soyqırımına məruz qalıb, sonuncu dəfə isə 250 min etnik azərbaycanlı Ermənistandakı tarixi torpaqlarından qovulub, Azərbaycana pənah gətirib. Eyni zamanda, 1990-cı ildə Orta Asiyadan didərgin salınmış 50 min nəfərədək Axısxa türkü də Azərbaycanda sığınacaq tapıb.
Azərbaycan dövləti öz yurdlarından didərgin düşən soydaşlarımızın problemlərinin həllini hər zaman bir nömrəli vəzifəsi hesab edib.Dövlət indiyədək məcburi köçkünlərə ümumilikdə 4,5 milyard dollarlıq vəsait xərcləyib. Dövlət Neft Fondunun hesabından ilk köçürmələr də məhz qaçqın və məcburi köçkünlərin həyat şəraitinin yaxşılaşdırılmasına yönəldilib. Bu vəsaitlə 67 qəsəbə salınıb, 100 min qaçqın və məcburi köçkün həmin qəsəbələrə köçürülüb.
Ermənistan silahlı qüvvələrinin hərbi təcavüzü nəticəsində Azərbaycan ərazisinin 20 faizi işğal olunub, Dağlıq Qarabağdan, ətraf rayonlardan, həmçinin Ermənistanla və ya Dağlıq Qarabağla həmsərhəd olan yaşayış məntəqələrindən 700 min nəfərədək azərbaycanlı öz daimi yaşayış yerindən məhrum olaraq respublikanın 62 şəhər və rayonunda məskunlaşıb. Hərbi təcavüz nəticəsində 20 min azərbaycanlı həlak olub, 100 min nəfər yaralanıb, 50 min insan müxtəlif dərəcəli xəsarət alıb.
Qeyd edək ki, ARGTMŞ “Qaçqın olmaq nə deməkdir?” təbliğat kampaniyasını Avropa Şurasının “Nifrət Nitqinə Yox Hərəkatı” kampaniyasıçərçivəsində həyata keçirilir. “Nifrət Nitqinə Yox” kampaniyası 47 ölkəni birləşdirən Avropa Şurası tərəfindən Gənclər Sektorunda 2012-2017-cü illər üzrə prioritet kampaniyalardan biridir.“Nifrət Nitqinə Yox " kampaniyası bərabərliyi, ləyaqəti, insan hüquqlarını və müxtəlifliyi müdafiə edir və dəstəkləyir. Kampaniyanın məqsədi gəncləri və gənclər təşkilatlarını bu cür insan haqları pozuntularını üzə çıxarmaq və belə hallara qarşı çıxış etmək üçün zəruri bacarıqlarla təmin etməklə irqçilik və ayrı-seçkilik məzmunlu nifrət nitqinin onlayn ifadəsinə qarşı mübarizə aparmaqdır.
 

 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !