Cəbhə bölgəsində tədbir keçirilib -

Cəbhə bölgəsində tədbir keçirilib

Silahlı Qüvvələrin birlik, birləşmə, hərbi hissələrində, eləcə də xüsusi təyinatlı təhsil müəssisələrində şəxsi heyətin döyüş ruhunun və mənəvi-psixoloji hazırlığının daha da yüksəldilməsi məqsədilə silsilə tədbirlər həyata keçirilir.
Vətən müdafiəçiləri keşiyində durduqları bölgənin tarixini, mədəniyyətini, coğrafiyasını, adət-ənənələrini, yetirdiyi böyük şəxsiyyətlərin həyat və fəaliyyətlərini dərindən öyrənir, ordu ilə xalqın qarşılıqlı əlaqələri genişlənir. Əsgər və zabitlərimiz yaxşı bilirlər ki, keşiyində durduqları diyarın tarixini dərindən öyrənmədən, onu tanımadan sevməyə, sevmədən isə qorumağa dəyməz.
Tovuz rayonunda, düşmənlə təmas xəttində yerləşən mövqelərimizdə Vətən, xalq, dövlət qarşısında əsgəri borcunu şərəflə yerinə yetirən hərbi qulluqçularımız yeni bir tədbirin iştirakçısı olublar.
"Sazları kökləyin "Misri" üstündə, cənnət Qarabağa səfərimiz var!" devizi altında keçirilən tədbirdə Müdafiə Nazirliyi Mənəvi-Psixoloji Hazırlıq və İctimaiyyətlə Əlaqələr İdarəsi rəisinin müavini, Əməkdar İncəsənət xadimi, polkovnik Abdulla Qurbani Tovuz rayonunun arxeoloji və memarlıq abidələrindən, folklor və etnoqrafiyasından, ümumiyyətlə, Azərbaycan tarixində tutduğu yerdən geniş söhbət açaraq döyüşçüləri maraqlandıran sualları cavablandırıb.
Qeyd olunub ki, Tovuz rayonu qədim insan məskənlərindəndir. Zəyəmçay hövzəsində tapılmış 300 min il yaşı olan süxurlar, qədim Hunan şəhərinin qalıqları olduğu ehtimal edilən Torpaqqala, 8-10 min il tarixə malik Köhnəqala və Göytəpə abidələri bu ərazilərin qədim tarixindən xəbər verir. Bir çox tədqiqatçıların gəldiyi nəticələrə görə Tovuz sözünün etimologiyası qədim türkcədə "dağ tayfalarıyıq" və yaxud "dağ üstə yerləşən qala" mənasını verir. Həqiqətən də Tovuz rayonu müdafiə tikililəri, qalalar, qalacıqlar, bürclər, müdafiə və müşahidə qüllələri ilə zəngindir.
Tovuz rayon Mədəniyyət və Turizm şöbəsinin müdiri Adil Həsənov şəxsi heyəti rayon ictimaiyyəti adından salamlayaraq onlara müqəddəs xidmətlərinə görə minnətdarlığını bildirib.
Ön səngərdə Tovuz aşıqları Muğdəd Yusifovun, Lətif Tağıyevin, Aşıq Əkbərin yadigarı Cahandar Cəfərovun ifa etdikləri "Döşəmə Koroğlu", "Qəhrəmanı", "Koroğlu bozuğu", "Göyçəgülü", "Yanıq Kərəmi", "Ruhani" əsgərlərdə xoş ovqat yaradıb. Balaca aşıq Amal Tovuzlu "Misri" havasını bir özgə şövqlə ifa edib. "Dəlilərim, bu gün dava günüdür, müxənnət ölkəsi talansın gərək!" misraları zirvələrdə əks-səda verib. Əsgərlər aşığın səsinə səs verərək Qarabağ uğrunda döyüşlərə hər an hazır olduqlarını bildiriblər.
Tovuz rayon ziyalıları adından çıxış edən təqaüdçü müəllim Firdovsi Əliyev Azərbaycan əsgəri ilə fəxr etdiklərini, aprel döyüşlərində qazanılan qələbədən, ordu quruculuğundakı son uğurlardan qürur duyduqlarını nəzərə çatdırıb.
Hərbi hissənin zabiti polkovnik-leytenant Murad Muradov şəxsi heyətin döyüş ruhunun və mənəvi psixoloji hazırlığının yüksəldilməsində xidmətlərinə görə Tovuz rayon Mədəniyyət və Turizm şöbəsinin kollektivinə hərbi hissə komandanlığı adından fəxri fərman təqdim edib.
Qonaqlara Müdafiə Nazirliyinin nəşri olan "Ruhumuzun qələbəsi naminə" və "Ordu xalqın, xalq ordunun dayağı" kitab-albomları hədiyyə edilib.

 

Şəxsi heyət üçün yaradılan şəraitlə tanışlıqdan sonra qonaqlar əsgərlərlə birlikdə nahar ediblər. 

 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !