II AZƏRBAYCAN ELM FESTİVALI İŞİNİ ŞƏKİDƏ DAVAM ETDİRİB - + FOTO

II AZƏRBAYCAN ELM FESTİVALI İŞİNİ ŞƏKİDƏ DAVAM ETDİRİB + FOTO

Noyabrın 4-də II Azərbaycan Elm Festivalı işini Şəkidə davam etdirib.
Sabit Rəhman adına Şəki Dövlət Dram Teatrında keçirilən açılış mərasimindən öncə iştirakçılar festival çərçivəsində təşkil edilən sərgi ilə tanış olublar.
Tədbiri açan Şəki Şəhər İcra Hakimiyyətinin başçısı Elxan Usubov ikinci dəfə keçirilən Elm Festivalının respublikamız üçün böyük əhəmiyyət daşıdığını vurğulayaraq, tədbirin ölkəmizdə elm sahəsində əldə edilən uğurların təbliği baxımından mühüm rol oynadığını diqqətə çatdırıb. Bildirilib ki, elmin inkişafı ölkənin sosial-iqtisadi və mədəni inkişafı ilə sıx bağlıdır. Bu gün sosial-iqtisadi inkişafın yeni mərhələsində ölkənin intellektual gələcəyini təmin etməyin yolu elmin inkişafından asılıdır. Azərbaycanda elmin inkişafı daim dövlətin diqqət mərkəzindədir.
Şəkinin Azərbaycan elminin, mədəniyyətinin formalaşmasında mühüm rol oynadığını, tarixən bu şəhərin elm, təhsil və mədəniyyət mərkəzlərindən biri olduğunu vurğulayan Elxan Usubov Elm Festivalının növbəti mərhələsinin Şəkidə keçirilməsinin şəhərin elmi-ictimai həyatında əlamətdar hadisə olduğunu deyib. Qeyd edib ki, bu gün Şəkidə fəaliyyət göstərən AMEA-nın Regional Elmi Mərkəzi Şəki-Zaqatala iqtisadi zonasının elmi əsaslarla araşdırılmasında mühüm rol oynayır.
Şəkinin, həm də festivallar şəhəri kimi tanındığını vurğulayan şəhər icra hakimiyyətinin başçısı, hər il bu şəhərdə keçirilən müxtəlif festivalların xalqımıza xas zəngin tarixi-mədəni irsin təbliğində mühüm rol oynadığını diqqətə çatdırıb. Vurğulanıb ki, Şəki şəhəri, eyni zamanda 2016-cı il üçün “Türk dünyasının mədəniyyət paytaxtı” statusu çərçivəsində üzərinə düşən vəzifələrin öhdəsindən də layiqincə gəlir.
Tədbirdə çıxış edən AMEA-nın Yer Elmləri Bölməsinin akademik-katibi, akademik Fəxrəddin Qədirov bildirib ki, Elm Festivalı Prezident İlham Əliyevin “Azərbaycanı regionda aparıcı elm mərkəzinə çevirməliyik” çağırışına cavab olaraq cəmiyyətdə elmə marağın artırılması, elmin populyarlaşdırılması, yeni texnologiyaların nümayişi, elmin sənaye sektorları ilə təmasının gücləndirilməsi məqsədilə keçirilir. Festivalın Azərbaycanın dövlət müstəqilliyinin bərpa edilməsinin 25 illik yubileyi ilə bir vaxta təsadüf etdiyini vurğulayan akademik Fəxrəddin Qədirov, belə bir əlamətdar vaxtda elmimizin bayramı olan ikinci Azərbaycan Elm Festivalının keçirilməsinin respublikamızın müstəqillik yubileyinə dəyərli töhfə olduğunu deyib. Qeyd edib ki, müstəqilliyimizin 25 illik yubiley ilində keçirilən Elm Festivalı, eyni zamanda dövlət müstəqilliyinin elmimizə bəxş etdiyi nailiyyətlərin təqdimatıdır.
AMEA Tarix İnstitutunun direktoru, AMEA-nın müxbir üzvü, Yaqub Mahmudov ikinci Azərbaycan Elm Festivalının keçirildiyi məkanlardan biri olaraq məhz Azərbaycanın dövlətçilik tarixində mühüm rolu olan qədim Şəkinin seçilməsinə görə AMEA-nın rəhbərliyinə Şəki ictimaiyyəti, elm adamları adından minnətdarlığını bildirib.
AMEA Şəki Regional Elmi Mərkəzinin direktoru Yusif Şükürlü və digər çıxış edənlər də Elm Festivalının Şəkidə keçirilməsini bu diyarın elm və mədəniyyətinə olan yüksək ehtiram kimi qiymətləndiriblər.
Sonra Azərbaycan elminin qazandığı uğurlardan bəhs edən sənədli film nümayiş olunub.
Tədbirin bədii hissəsində Şəkinin musiqi kollektivləri və ABŞ-ın “Acidic Band” musiqi qrupu festival iştirakçıları qarşısında maraqlı konsert proqramı ilə çıxış ediblər.
Daha sonra Azərbaycan Dövlət Pedaqoji Universitetinin Şəki filialında elmi-populyar mühazirələr dinlənilib.
Tədbir çərçivəsində ekskursiyalar da təşkil olunub.
 

 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !