Masallıda ilk regional İKT tədbiri keçirilib - + FOTO (AZpress.AZ - Əlihüseyn Şükürov, Masallı)

Masallıda ilk regional İKT tədbiri keçirilib + FOTO (AZpress.AZ - Əlihüseyn Şükürov, Masallı)

MASALLI. Azərbaycan Qadınlarının İKT Klubu – “FEMMES DIGITALES” azərbaycanlı qız və qadınlar arasında informasiya-kommunikasiya texnologiyaları sahəsinin təbliğatı sahəsindəki sistemli fəaliyyətini ölkənin regionlarında da həyata keçirməyə başlayıb. Belə ki, bu gün, noyabrın 6-da tarixində “ASAN xidmət”, Azərbaycan Respublikası Təhsil Nazirliyi və “Azər Türk Bank” ASC-nin dəstəyi və “FEMMES DIGITALES” klubunun təşkilatçılığı ilə Masallı rayonunda yerləşən “ASAN həyat” kompleksində, Heydər Əliyev İncəsənət Məktəbində rayonun xanım sakinləri üçün silsilə tədbirlər baş tutub.
"AZpress.AZ "-ın MASALLI müxbiri Əlihüseyn Ş Ü K Ü R O V bu günkü tədbirdə iştirak etmiş, material hazırlamışdır. Materialı təqdim edirik.
Qeyd edək ki, proqram çərçivəsində keçirilmiş konfransda ölkənin cənub zonasında yaşayan xanımlar arasında informasiya-kommunikasiya texnologiyaları sahəsinə marağın artırılması məqsədilə Klubun üzvləri olan ölkənin qabaqcıl şirkət və müəssisələrinin rəhbərləri və təmsilçiləri təqdimatlar edib, qızları və qadınları bu sahəyə həvəsləndirmək üçün öz uğur hekayələri ilə bölüşüblər. Tədbirdə çıxış edən “B.EST Solutions”, “MONT”, “Microsoft”, “Cybernet”, “Azər Türk Bank”, “Ultra Technologies” və digər təşkilatların nümayəndələri İKT-nin cəmiyyətin həyatının bütün sferalarındakı rolundan danışıb, bu sahədə təhsilin və karyeranın Azərbaycan xanımları üçün açdığı imkanlardan bəhs ediblər. Ölkədə müxtəlif sahələrdə həyata keçirilən innovativ İKT layihələri haqda məlumat verən natiqlər İKT sahəsində inkişaf etmək istəyən qadınlara “FEMMES DIGITALES” Klubunun verə biləcəyi dəstəyi də qeyd ediblər.
Daha sonra kompüter təhsili üzrə ixtisaslaşmış Azərbaycan Təhsil Nazirliyi Bakıdakı 9 nömrəli Peşə Liseyinin bazasında yaradılan İTSTEP Akademiyasının təqdimatında tədbirin praktiki hissəsinə start verilib. Praktiki məşğələlərdə iştirakçılar əyani vasitələrdən istifadə edərək müxtəlif robotların və avtomatlaşdırılmış sınaq mexanizmlərinin hazırlanması ilə tanış olmuş, bu sahədə başlanğıc biliklərə yiyələnmək imkanı əldə etmişlər.
Proqramın sonunda Masallı rayonunda orta ümumtəhsil müəssisələrində təhsil alan qızlar arasında “Breyn-Rinq” intellektual oyunu təşkil edilib. 4 orta məktəbdən olan 49 şagirddən ibarət komandalar arasında keçirilmiş oyunun nəticələrinə əsasən qalib gəlmiş komandaya sertifikat və müxtəlif hədiyyələr təqdim olunub.
Qeyd edək ki, tədbirin keçirilməsində əsas məqsəd İKT sahəsində xanımların iştirak səviyyəsinin yüksəldilməsi, regionda təhsil alan qızların gələcək karyera seçimində bu sahənin təbliği və potensial kadrların yetişdirilməsidir. Tədbir “FEMMES DIGITALES” klubunun Təhsil Nazirliyi ilə birgə Azərbaycanın orta ümumtəhsil müəssisələrində təhsil alan qızlar arasında İKT sahəsinin populyarlaşdırılması məqsədilə həyata keçirdiyi layihə çərçivəsində baş tutub.
Müzakirə ətrafında İlhamə Qasımova (ASAN Xidmət), Alya Həsənova (Təhsil Nazirliyi), Leyla Məmmədova (AzərTÜRK BANK), Jana Krimpe(Best Solutions, Asan imza), Səbinə Məmmədli (AzərTELEKOM), Səbinə Pərvizi (Microsoft), Şəhla Məmmədova (Subernet), Aytac Ağabəyli (BDU, tələbə), Samir Nuriyev ( Təhsil Nazirliyi) və başqaları çıxış edibər.
Tədbirdə Öncəqala kənd tam orta məktəbinin direktoru Elmira Hüseynova, C.Cabbarlı adına Ərkivan qəsəbə 1 nömrəli tam orta məktəbinin direktor əvəzi Məniyyə Yəhyayeva və Bədəlan kənd tam orta məktəbinin direktor müavini Məhbubə Şahbazova da fəal iştirak etmişlər.
Əməkdaşımız bildirir ki, sonra Masallı "Asan xidmət"inin İntellektual Mərkəzində Brain Ring oyunu keçirilib. Birinci, ikinci və üçüncü yer qalibləri müəyyən olunub və onlara kuboklar təqdim olunub.
Tədbir gün ərzində işgüzar şəraitdə başa çatıb.

Təqdim olunan fotolar Masallı rayonunda çıxan "YENİ HƏYAT" qəzetinin fotomüxbiri VƏKİL AĞAYEVİNDİR.

 


AZpress.AZ -ın
MASALLI
müxbiri.
Əlihüseyn Ş Ü K Ü R O V 

 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !