Kaspi qəzeti öz yubileyini möhtəşəm şəkildə qeyd etdi! - + FOTO (AZpress.AZ - Minə Türksoy, Rüstəm İsmayılov )

“ Kaspi “ qəzeti öz yubileyini möhtəşəm şəkildə qeyd etdi! + FOTO (AZpress.AZ - Minə Türksoy, Rüstəm İsmayılov )

Bakıda rus dilində çıxan burjua qəzetləri içərisində "Kaspi" qəzeti daha uzun ömür sürmüş, müxtəlif dövrlərdə cəmiyyətin həyatını öz baxışları nöqteyi-nəzərindən əks etdirmişdir. Qəzetin 1881-ci ildən 1919 -cu ilədək müddətdə 10 min 65 nömrəsi çıxmışdır.


Qəzetin ilk redaktoru Viktor Vasilyeviç Kuzmin idi. Qəzetin ilk 28 nömrəsi həftədə iki dəfə, sonra bir müddət həftədə 3 dəfə çıxırdı. 1884-cü ilin yanvarından isə gündəlik olmuşdur. 1881-ci ildən 1887-ci ilədək qəzeti V.V.Kuzmin redaktə etmişdir. Əvvəllər qəzet 400-420 nüsxə tirajla çıxırdısa, 1887-ci ildə bu rəqəm 1.000-ə qalxmışdır. Elə bu ildən etibarən qəzet müntəzəm çıxmağa başlamışdır.
1887-ci ilin yanvarında V.V.Kuzmin xəstələndiyi üçün müvəqqəti redaktorluq ehtiyatda olan podpolkovnik Evlampi İvanoviç Starsevə tapşırılır. O, may ayınadək redaktorluq edir, polis departamenti Starsev haqqında pis xasiyyətnamə verdiyi üçün onun redaktorluğunu təsdiq etmək mümkün olmur. Sonra bir müddət qəzetə yerli gimnaziyanın müəllimi V.P.Liçkus – Xomotov (1887-1888), bir müddət "Qafqaz" qəzetinin əməkdaşı Pyotr Trofimoviç Qordiyevski (1888-1889) redaktorluq edir. 1889-cu ildə qəzetin 82-ci nömrəsindən sonra onun redaktoru vəzifəsində Nikolay Aleksandroviç Sokalinskini görürük. N.Sokalinski "Kaspi" qəzetinə 8 il redaktorluq etmişdir (1889-1897). Onun fəaliyyəti dövründə qəzetə müvəqqəti olaraq S.K.Mixaylov (1890 ), M.A.Şahtaxtinski (1891 – iyun-avqust), M.A.Uspenski (1892), K.M.Karyagin (1894-1897, müxtəlif illərdə) redaktorluq etmişlər. 1897-ci ildə qəzetin tirajı 2.400-ə qalxmışdır.


1897-ci ildə N.Sokolinskinin ölümündən sonra "Kaspi" qəzeti redaksiyasında bəzi dəyişikliklər baş verir. Qəzetin naşirliyini Hacı Zeynalabdin Tağıyev öz üzərinə götürür və redaksiyanı Nikolayevski (indiki Kommunist) küçəsindəki binaya köçürür. Redaktorluq vəzifəsi Əlimərdanbəy Topçubaşova tapşırılır. O, qəzeti 24 iyun 1898-ci ildən 1907-ci ilin oktyabrınadək redaktə edib. Ondan sonra qısa bir müddətdə qəzetin redaktorluğuna Əlibəy Hüseynzadə təyin olunub.


1907 -ci ilin axırlarından 1919-cu ilədək qəzetin başında A.Veynberq dayanıb. Bu müddətdə qəzet təkcə Qafqazda deyil, Rusiyanın bir sıra şəhərlərində, xarici ölkələrdə də yayılırdı.


“Kaspi" qəzeti Bakı burjuaziyasının təşəbbüsü ilə, onun mənafeyini müdafiə etmək üçün yaradılmışdı. Təsadüfi deyil ki, qəzet ilk nömrəsindən başlayaraq, süqutu dövrünədək müxtəlif dövrlərdə burjuaziyanın mənafeyini özünəməxsus formalarda, üslubda müdafiə etmişdir.


Qəzetdə H.Zərdabi, N.Nərimanov, S.M.Qənizadə, M.A.Şahtaxtinski və başqaları kimi publisistlər də çıxış edirdilər. Onların qaldırdıqları məsələlər qəzetin ümumi məsləki ilə daban-dabana zidd idi.

Müxtəlif vaxtlarda "Kaspi" qəzetinin səhifələrində Azərbaycanın məşhur maarifçi-demokratları M.Mahmudbəyov, F.Köçərli, rus müəlliflərindən N.Kozerenko, E.Bondarenko və başqaları iştirak etmişlər. 1902-ci ildə C.Məmmədquluzadə Dəlmə bağları haqqındakı ilk məqaləsini "Kaspi" qəzetinə göndərmişdir.


Məşhur müəllim və ictimai xadim M.Sidqi qəzetlə sıx əlaqə saxlayırdı.


Lənkəran ibtidai məktəbinin müəllimi Teymurbəy Bayraməlibəyov şifahi xalq ədəbiyyatını toplayıb qəzetdə dərc etdirirdi. Mahmudbəy Mahmudbəyov xalq dastanlarını təhlil edib rus oxucularına çatdırırdı.


AZpress.AZ İnformasiya Agentliyinin Məlumatına əsasən bildiririk ki, 9 noyabr 2016-cı il tarixində Kaspi qəzeti özünün 135 - ci yubileyini BƏM –də qeyd etmişdir, tədbirdə Azərbaycan Prezidentinin İctimai-siyasi məsələlər üzrə köməkçisi Əli Həsənov, Milli Məclisin deputatları, kütləvi informasiya vasitələrinin təmsilçiləri, ziyalılar iştirak ediblər. Əvvəlcə qəzetin tarixinə həsr olunmuş film göstərilib.”Kaspi” qəzetinin təsisçisi Sona Vəliyeva qəzetin yaranma tarixi və keçdiyi inkişaf yolu haqqında danışıb. S.Vəliyeva bildirib ki, Azərbaycan milli mətbuatının 140 ildən artıq keçdiyi tarixi inkişaf prosesində "Kaspi” qəzeti geniş bir dövrü əhatə edir. Kaspi qəzetinin Azərbaycan tarixində Mədəniyyətində milli mətbuatın inkişafında rolu müstəsnadır. Xalqın tarixini illərdən bəri qoruyub dövrümüzə qədər gələn bəlkədə yeganə mətbuat orqanıdır.S.Vəliyeva bildirib ki, “Kaspi” media aləminə gəlişi ilə sələfinin ənənələrinə sadiq qalaraq milli bir qəzet olmağı, digər tərəfdən də dünyanın ən mütərəqqi mətbuatının inkişaf prinsiplərindən bəhrələnərək daim yenilik və müasirliyi öz fəaliyyətində əks etdirməyi qarşısına əsas məqsəd qoydu.


Prezident Administrasiyası ictimai-siyasi məsələlər şöbəsinin müdir müavini Vüqar Əliyev “Kaspi” qəzetinin tarixindən danışıb, onun keçdiyi yola nəzər salıb. O, qəzetin 1999-cu ildə fəaliyyətini bərpa etməsini mətbuat tariximiz üçün vacib hadisələrdən biri kimi dəyərləndirib, “Kaspi”nin Azərbaycan mətbuat tarixini çiynində daşıyan orqanlardan biri olduğunu vurğulayıb.


Daha sonra çıxış edən Milli Məclisin deputatı, Mətbuat Şurasının sədri Əflatun Amaşov qeyd edib ki, “Kaspi” qəzeti xalqımızın ictimai-siyasi həyatında mühüm rol oynayan nəşrlərdən biridir, qəzet öz ətrafında o dövrün ziyalılarını birləşdirdi, o dövr üçün xalqın problemlərini gündəmə gətirdi.
Kaspi qəzetini təbrikə gələn Kaspi məktəbinin şagirdləri isə olduqca kreativ və maraqlı çıxışları ilə hər kəsi heyran etmişdirlər.


Tədbirdə “Kaspi” qəzetinə Mətbuat Şurasının diplomu təqdim edilib, inkişafında göstərdikləri fəal əməkdaşlar mükafatlandırılıb. Rəsmi hissədən sonra sənətçilərimizin təbrikləri tədbirə öz rəngini qatmışdır.


AZpress.AZ - Minə Türksoy.
AZpress.AZ - Rüstəm İsmayılov

 

 

! © Müəllif hüquqları qorunur ! Məlumatdan istifadə etdikdə istinad mütləqdir ! Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir !!!

 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !