İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzi AMEA Yüksək Texnologiyalar Parkı ilə əməkdaşlıq edəcək - + FOTO

İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzi AMEA Yüksək Texnologiyalar Parkı ilə əməkdaşlıq edəcək + FOTO

2 avqust 2017-ci ildə İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin icraçı direktoru Vüsal Qasımlı AMEA Yüksək Texnologiyalar Parkı ilə tanış olub. Texnoparkın ərazisini ziyarət edən qonağa burada yaradılan şərait, potensial rezidentlərinin fəaliyyəti, eyni zamanda Texnologiyaların və İnnovasiya Məhsullarının Transferi Mərkəzi barədə ətraflı məlumat verilib. AMEA Təcrübə-Sənaye Zavodu və "Millers-Oils Azərbaycan" MMC-nin yağ istehsal sahələrinə baxış keçirilib. Qonaqlar AMEA YTP-nin mərkəzləşdirilmiş analitik laboratoriyası, pilotsuz uçan aparatların istehsal sahələri və radio ekoloji monitorinq sistemi ilə yaxından tanış olublar.
AMEA Yüksək Texnologiyalar Parkının direktoru Vüqar Babayev rəhbərlik etdiyi texnoparkın fəaliyyətinin genişləndirilməsi məqsədilə planlı şəkildə addımladıqlarını bildirib. Biliklərin kommersiyalaşdırılması, istedadlı gənclərin biznes ideyalarının dəstəklənməsini həyata keçirmək üçün yaxın vaxtlarda Biznes İnkubasiya Mərkəzinin açılacağını, bununla da ölkədə startapların inkişaf etdiriləcəyini qeyd edib. İqtisadiyyatın davamlı inkişafı və rəqabət qabiliyyətinin artırılması, müasir elmi və texnoloji nailiyyətlərə əsaslanan innovasiya və yüksək texnologiya sahələrinin genişləndirilməsi məqsədilə birgə əməkdaşlığın vacibliyini qeyd edib.
İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin icraçı direktoru Vüsal Qasımlı ölkədə innovativ layihələrin dəstəklənməsi, elmin kommersiyalaşdırılması istiqamətində görülən işlərdən danışıb. Azərbaycan elminin dünyada baş verən elmi-texnoloji proseslərdə aparıcı mövqe tutması üçün yüksək texnologiyalar və innovasiya siyasətinə diqqətin artırılmasının əhəmiyyətli olduğunu bildirib. Bu sahədə AMEA YTP ilə əməkdaşlığın mühim əhəmiyyət kəsb etdiyini deyərək gələcəkdə bu istiqamətdə bir sıra işlərin görüləcəyini qeyd edib.
 

 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !