Çin-Rusiya İnnovasiya Texnoparkı AMEA Yüksək Texnologiyalar Parkı ilə əməkdaşlıq edəcək - + FOTO

Çin-Rusiya İnnovasiya Texnoparkı AMEA Yüksək Texnologiyalar Parkı ilə əməkdaşlıq edəcək + FOTO

Bakıda səfərdə olan Çin-Rusiya İnnovasiya Texnoparkının rəhbərliyi AMEA Yüksək Texnologiyalar Parkında olublar. Texnoparkın direktoru Vüqar Babayevlə görüş zamanı iki qurum arasında əməkdaşlıq perspektivləri müzakirə olunub. AMEA Yüksək Texnologiyalar Parkının direktoru Vüqar Babayev milli innovasiya sistemini genişləndirmək üçün uğurlu layihələrin həyata keçirilməsinin və bu sahəyə investisiya axınının gücləndirilməsinin zəruriliyini vurğulayıb. Qeyd edib ki, elm, texnologiya və innovasiya vasitəsilə milli iqtisadi inkişafa töhfə vermək məqsədilə beynəlxalq əlaqələrin genişlənməsi innovasiya siyasətinin həyata keçirilməsi üçün infrastrukturun yaradılmasında mühüm rol oynayır. Çin-Rusiya İnnovasiya Texnoparkının baş direktoru Çjan Jençjuna yeni texnologiyalar sahəsində Çin-Rusiya regionu üzrə ilk hökumətlərarası və dövlətlərarası təşkilat olan texnoparkın post-sovet ölkələri ilə böyük əməkdaşlıq təcrübəsinə malik olduğunu bildirib. Qeyd edib ki, texnoparkın ərazisində yeni materialların hazırlanması, biofarmasevtik, elektron və mexaniki sistemlərin inteqrasiyası, yüksək keyfiyyətli kənd təsərrüfatı məhsulların istehsalı ilə məşğul olan 350 rezident fəaliyyət göstərir. İnnovasiya fəaliyyətinin həyata keçirilməsi üzrə böyük bazası olan texnopark Çində rezidentlərə birgə uğurlu innovativ inkişaf təklif edir. Görüş zamanı AMEA YTP ilə Çin-Rusiya İnnovasiya Texnoparkı arasında əməkdaşlıq memorandumu imzalanıb. Sənədə əsasən tərəflər birgə elmi-texniki proqramlar, innovativ layihələr həyata keçirəcək, innovasiya və sənaye infrastrukturunun inkişafı sahəsində informasiya mübadiləsi aparacaqlar. Həmçinin innovasiya və texnologiyalar sahəsində birgə laboratoriyaların, elmi-texniki və innovasiya mərkəzlərinin yaradılması, qarşılıqlı səfərlərin təşkili nəzərədə tutulub.


Çin-Rusiya İnnovasiya Texnoparkının rəhbərliyi səfər çərçivəsində Bakıda bir sıra görüşlər həyata keçirəcəklər. 

 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !