ATU-da Logistika Təlim– Tədris Mərkəzi istifadəyə verilib. -

ATU-da Logistika Təlim– Tədris Mərkəzi istifadəyə verilib.

 Azərbaycan Texnologiya Universitetində (ATU) Bakı Beynəlxalq Dəniz Ticarəti Limanının dəstəyi ilə yaradılan Logistika Təlim–Tədris Mərkəzinin açılışı olub. Tədbirdə ATU-nun, Bakı Limanının, Şəmkir Aqroparkı Logistika Mərkəzinin rəhbər şəxsləri və ictimaiyyət nümayəndələri iştirak edib.
Açılış mərasiminə toplaşanları salamlayan ATU-nun rektoru, professor Akif Süleymanov bildirib ki, hazırda Azərbaycanda qeyri-neft sektorunun inkişaf etdirilməsi konsepsiyasında əsas istiqamətlərdən birini məhz logistika sahəsi təşkil edir. Cənab Prezident İlham Əliyev bu sahənin inkişafına böyük əhəmiyyət verir və daim diqqət mərkəzində saxlayır. Bunun nəticəsidir ki, ötən ilin dekabrında Azərbaycan Respublikasında logistika və ticarətin inkişafına dair Strateji Yol Xəritəsi cənab Prezident tərəfindən təsdiq edilərək qüvvəyə minib. Bakı Beynəlxalq Dəniz Ticarəti Limanının timsalında hazırda regionun ən nəhəng logistika terminalı yaradlır. Ölkəmizi Avrasiyanın əsas yükdaşıma və ticarət qovşağına çevirəcək bu layihə həm də Azərbaycanda logistika sektorunun inkişafı üçün lokomotiv kimi çıxış edəcək. Ötən ay Şəmkir Aqroparkının Logistika Mərkəzinin cənab Prezident tərəfindən istifadəyə verilməsi bu prosesin regionları da əhatə etdiyini göstərir. Professor Akif Süleymanov qeyd edib ki, sürətlə inkişaf etməkdə olan logistika sektoru üçün mütəxəssislərə olan tələbat da durmadan artır. ATU isə mütərəqqi və çevik bir ali təhsil müəssisəsi kimi bu çağırışa da cəld və həssas reaksiya verərək nəqliyyatda daşınmaların təşkili və idarə olunması ixtisasının bazasında yeni - logistika ixtisasını yaradıb.
Bakı Beynəlxalq Dəniz Ticarəti Limanı baş direktorunun müavini Fərid Əhmədov isə qeyd edib ki, təmsil etdiyi qurumun yeni mərkəzin yaradılmasına dəstək verməkdə məqsədi logistika ixtisası üzrə kadr hazırlığını daha keyfiyyətli həyata keçirməyə yardımçı olmaqdır. Məhz buna görə də yeni Logistika Təlim– Tədris Mərkəzi ən müasir tələblərə uyğun şəkildə təmir edilib, zəruri mebel, maddi-texniki avadanlıqlar və tədris vəsaitləri ilə təchiz olunub. Fərid Əhmədov bildirib ki, ölkədə logistika sektorunun ən aparıcı müəssisəsi olan Bakı Limanının bu sahə üzrə mütəxəssis hazırlığı məsələsində əməkdaşlıq etdiyi iki universitetdən biri ATU-dur. Liman logistika mühəndislərinin magistr pilləsində hazırlanması məsələsində ADA Universiteti, bakalavr pilləsində hazırlanması məsələsində isə ATU ilə əməkdaşlıq edir. Bu isə ATU-da keyfiyyətli təhsil mühitinin yaradılmasına verilən qiymət kimi qəbul edilə bilər.
Sonra ATU-nun rektoru, professor Akif Süleymanov, Bakı Beynəlxalq Dəniz Ticarəti Limanı baş direktorunun müavini Fərid Əhmədov və əməliyyatlar üzrə meneceri Yucin Seah Logistika Təlim–Tədris Mərkəzinin açılışını bildirən rəmzi lenti kəsiblər. Tədbir iştirakçıları yeni mərkəzdə yaradılan şəraitlə tanış olublar. Mərkəzin monitorunda ilk dəfə ATU və Bakı Beynəlxalq Dəniz Ticarəti Limanına həsr olunan videoçarxlar nümyiş etdirilib.

 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !