Bir təqvim ilini 2017-ci ili də başa vurduq... - (+FOTO)

Bir təqvim ilini 2017-ci ili də başa vurduq... (+FOTO)

Bir təqvim ilini 2017-ci ili də başa vurduq...
Yola saldığımız 2017-ci ildə Azərbaycan və Özbəkistan inamla addımlayaraq, çoxsaylı nəhəng layihələr reallaşdırdı, dünya arenasında yeni parlayan ulduzlara çevrilir. Həm regionda, həm də islam dövlətləri arasında ölkələrimizin nüfuzu və təklifləri yüksək səviyyədə qəbul edilir.
Möhtərəm prezidentimiz cənab İlham Əliyevin apardığı uğurlu siyasət nəticəsində Azərbaycan tarixi İpək yolunun bərpası, Bakı-Tbilisi-Kars dəmiryolunun açılışı, iqtisadi sahədə olmaqla yanaşı, turizm sahəsində də yeni yeni imkanlar açır.
2017-ci ildə Bakıda və Daşkənddə humanitar sahədə, xüsusilə mədəniyyət, turizm sahəsində çoxsaylı layihələr həyata keçirildi. İslam həmrəyliyinə dair beynəlxalq tədbirlər, Səmərqənddə keçirilən “Şərq təranələri” Beynəlxalq Musiqi Festivalı, Beynəlxalq turizm sərgi və yarmarkaları, daha başqa qlobal tədbirlər ölkələrimizin nüfuzunun bariz göstəricisidir.
Xüsusi ilə mədəniyyət sahəsində - Özbəkistanın tarixi Səmərqənd şəhərində keçirilən və dünyanın 70-dən çox ölkəsinin qatıldığı “Şərq təranələri” Beynəlxalq Musiqi Festivalında azərbaycanlı tarzən Sahib Paşazadənin ən ali mükafata – qran pri mükafatına layiq görülməsi, musiqimizin necə zəngin olduğunu və Azərbaycan musiqisinə qardaş Özbəkistanda, dünyada marağın böyük olduğunu təsdiqlədi.
Bugün qardaş Özbəkistanda 40 minə yaxın azərbaycanlı soydaşlarımız yaşayır və onlar iki ölkə arasında dostluq körpüsü hesab edilir. Azərbaycanlılar daim Özbəkistanın ictimai-mədəni həyatında, rifahında yaxından iştirak etmiş, qardaş Özbəkistanın öz vətənləri olaraq sevirlər. Özbəkistanda ilk maarifçilərdən olan, tanınmış pedaqoq, naşir, ilk əlifba kitabının müəllifi Seyid Rza Əlizadə, Özbək ədəbiyyatının tanınmış simaları, Özbəkistanın Şekspiri adlandırılan Maqsud Şeyzadə, şair İxtiyar Rza, rəssamlıq və heykəltaraşlıq sahəsində öz sözünü demiş Yusif Hüseynov, uzun müddət Səmərqənd Rəssamlıq Akademiyasının rəhbəri olmuş Eynulla Əliyev, musiqi sahəsinin tanınmış opera rejissoru Firudin Səfərov, gənc vokalist Cəbrayıl İdrisov və adlarını çəkmədiyimiz başqa soydaşlarımız millətimizi fəxrlə təmsil edərək, Özbəkistan-Azərbaycan dostluğuna, qardaşlığına töhvələr vermiş və bugün də verirlər.
Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin adını daşıyan Azərbaycan Mədəniyyət Mərkəzi olaraq bizdə iki qardaş ölkə arasında əlaqələrin inkişafı istiqamətində çoxsaylı layihələr, tədbirlər həyata keçirərək bu işlərə dəstək oluruq.
Belə ki, 2017-ci ildə Mədəniyyət Mərkəzimiz tərəfindən Daşkənd və Səmərqənddə Azərbaycan mədəniyyəti həftəsi, mətbəx festivalları, konsert proqramları, moda sərgiləri təşkil edildi, Səmərqənd Dövlət Universitetinin nəzdində növbəti Azərbaycan ocağı yaradıldı, tanınmış soydaşımız Seyid Rza Əlizadənin adını daşıyan Özbəkistan-Azərbaycan Dostluq Mərkəzi digər Mərkəzlər kimi əlaqələrimizi fəal təbliğ edəcəkdir. İki ölkə arasında elmi, mədəni, ədəbi əlaqələrə həsr edilmiş konfranslar təşkil edildi. Mərkəzimizin layihəsi ilə Özbəkistanın xalq şairi Camal Kamalın Bakıda 80 illik yubileyi geniş qeyd etdik.
12 Özbək jurnalistin Azərbaycana “Mediatur”unu reallaşdırdıq. Onlar Azərbaycanın əldə etdiyi nailiyyətləri, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinə dair həqiqətləri geniş işıqlandırdılar. Mədəniyyət Mərkəzimizin layihəsi ilə hazırlanmış və iki xalq arasında dostluq əlaqələrinə dair “Əzəli dostluq riştələri” adlı sənədli filmi hər iki ölkə ictimaiyyətinə təqdim etdik, elmi-ədəbi əlaqələrə dair - Azərbaycan Milli Elmlər Akademiyasının İnstitutları ilə Özbəkistanın elm, təhsil müəssisələri arasında, habelə iki ölkənin turizm assosiasiyaları arasında əməkdaşlığa dair Memorandumlar imzalandı, ilk dəfə olaraq tələbə, doktorant mübadiləsini həyata keçirdik, çoxsaylı qarşılıqlı səfərlər təşkil olundu.
Özbəkistanda yaşayıb yaratmış azərbaycanlıların irsi, onların xatirəsinin əbədiləşdirilməsi Mərkəzimiz tərəfindən uğurla həyata keçirildi. Səmərqənd şəhərində Rəssamlıq Akademiyasının keçmiş rəhbəri, tanınmış heykəltaraş Eynulla Əliyevin yaşadığı evinin qarşısında onun barelyefinin açılışı olmuş, Mərkəzimizin təşkilatçılığı ilə Özbəkistanda ilk maarifçilərdən olan, tanınmış pedaqoq, naşir, Seyid Rza Əlizadənin yaradıcılığına və onun 130 illik yubileyinə həsr olunmuş Konfrans Daşkənddəki Xarici Dillər Universitetində təşkil edilib.
Mədəniyyət Mərkəzimizin layihəsi ilə dahi Azərbaycan şairi Nizami Gəncəvinin bütün əsərlərinin Özbək dilinə tərcüməsi istiqamətində xeyli işlər gördük. Artıq Nizami Gəncəvinin “Xəmsə”si Daşkənddə çap olundu, habelə şairin “Sirlər Xəzinəsi”, “Leyli və Məcnun”, “İqbalnamə” əsərləri ayrıca nəşr olunaraq ictimaiyyətə təqdim edildi.
Qarşıdan gələn 2018-ci ildə Özbəkistandakı Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin çoxsaylı layihələri və tədbirləri planlaşdırılır:
Cari il may ayında Daşkənddə Azərbaycan Demokratik Cümhuriyyətinin 100 iliyinə həsr olunmuş çoxsaylı tədbirlər planlaşdırılır, Özbəkistan Mədəniyyət və İncəsənət Universitetində dahi Azərbaycan bəstəkarı Qara Qarayevin adına “Azərbaycan Mədəniyyəti və Musiqi Mərkəzi”nin, Nəvai adına Daşkənd Dövlət Özbək dili və Ədəbiyyatı Universitetində Nizami Gəncəvi adına Azərbaycan-Özbəkistan Dostluq Mərkəzi, habelə Özbəkistanda ilk dəfə olaraq “Azərbaycan dili və ədəbiyyatı kafedrası”nın yaradılmasını nəzərdə tutmuşuq.
Özbəkistanın tarixi vilayəti olan Xivədə “Azərbaycan Mədəniyyəti həftəsi”nin keçirilməsini planlaşdırırıq.
Özbəkistanın ali məktəbləri ilə birgə Azərbaycan şairi və drammaturqu Hüseyn cavidin 135 illik yubileyi ilə əlaqədar “Hüseyn Cavid və Özbək ədəbiyyatı” beynəlxalq elmi konfransın təşkili, habelə onun Özbək dilinə tərcümə olunmuş “Seçilmiş əsərləri”nin Mədəniyyət Mərkəzimizin layihəsi ilə Özbəkistanda nəşrini planlaşdırırıq. Bundan başqa, Nizami Gəncəvinin “Şərəfnamə” əsərinin çapını nəzərdə tutmuşuq.
Mədəniyyət Mərkəzimizin növbəti layihəsi ilə Azərbaycan Demokratik Cümhuriyyətinin 100 ililyi münasibəti ilə “Azərbaycan-Özbək, Özbək-Azərbaycan” lüğətinin hazırlanmasına start vermişik.
Ötən il iki ölkə arasında turizim sahəsində əməkdaşlıq Mədəniyyət Mərkəzimizin əsas prioritetlərindən olmuşdur. Belə ki, ölkələrimiz arasında turizm əlaqələrinin inkişaf etdirilməsi sahəsində potensial böyükdür.
Mədəniyyət və Turizm Nazirliyinin dəstəyi ilə Özbəkistanda keçirilən bütün beynəlxalq tədbirlərdə, sərgilərdə Azərbaycana dair xüsusi stendlər, guşələr yaradılmış və qarşı tərəfdə Azərbaycanın turizm potensialı geniş təbliğ olunmuşdur.
Məhz aparılan təbliğati işlərinin nəticəsidir ki, Azərbaycana gələn özbək turistlərinin sayı ilbə il artmaqdadır. 2013-2014-cü ildə Azərbaycana gələn Özbəklərin sayı 14 minə yaxın təşkil edibsə, 2016-cı ildə bu rəqəm 19 mindən artıq olub. 2017-ci ildə isə bu göstəricinin bir qədər də artacağını gözləyirik.
Apardığımız monitorinq nəticəsində özbəklərin əksər hissəsi Azərbaycanın Bakı şəhərinə gəzinti, alış veriş, Naftalan şəhərinə isə müalicə məqsədi ilə səfər etmək istədikləri müəyyən edilib.
Özbəkistanda hər il aprel və noyabr ayında keçirilən ənənəvi Beynəlxalq Turizm Sərgi və Yarmarkalarında Azərbaycanın Mədəniyyət və Turizm Nazirliyinin, Səfirliyimizin dəstəyi ilə Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzi “Azərbaycan” stendini ziyarətçilərə təqdim edir.
Azərbaycan stendində ölkəmizin zəngin mədəniyyəti, turizm potensialı nümayiş etdirilib, Mədəniyyət və Turizm Nazirliyi tərəfindən Azərbaycanın turizminə dair göndərilmiş nəşrlər paylanılıb, “Baku Shopping Festival”ın təqdimatı keçirilib. Sözügedən ticarət Festivalı haqqında Mədəniyyət Mərkəzi tərəfindən hazırlanmış xüsusi bukletlər paylanılıb və videoçarx nümayiş etdirilib. Azərbaycanın turizm şirkətlərinin iştirakına və öz resurslarını təqdim etməyə şərait yaradılıb.
2018-ci ildə Mədəniyyət Mərkəzi olaraq Özbəkistanın turizm firmalarının nümayəndələrinin, habelə bir neçə aparıcı telekanalın təmsilçilərinin Azərbaycana “İnfotur”unun təşkilini planlaşdırırıq. Ölkəmizin turizm resurslarının təbliği və daha çox turist cəlb etmək məqsədi ilə qardaş ölkənin turizm şirkətlərinin təmsilçiləri və media nümayəndələrinin Bakı, Qəbələ, Lahıc, Şəki, Gəncə, Qusar, Nabran kimi turizm mərkəzləri ilə tanışlığını, habelə burada çəkilişlər aparmağı planlaşdırırıq.
Azərbaycan və Özbək ipəkçilik sənəti və bu istiqamətdə layihələrin həyata keçirilməsini nəzərdə tutmuşuq. Özbəkistanda ipəkçiliyin vətəni olan Margilan şəhərində hər il keçirilən ənənəvi İpək Festivalını bu il təşkilatçı kimi qoşulmaq və birgə Azərbaycan-Özbək ipəkçilərinin sərgisinin, habelə ipəkçilərin məhsullarının satış yarmarkasının təşkilini nəzərdə tutmuşuq.
Planlarımız çoxdur. İnanıram ki, dövlətimizin uğurlu siyasəti ilə qarşımıza qoyduğumuz məqsədlərə nail olacağıq, dostluğumuz və əməkdaşlığımız istiqamətində yeni-yeni nəaliyyətlər əldə edəcəyik.

 

Samir Abbasov

 

 

 

! © Müəllif hüquqları qorunur ! Məlumatdan istifadə etdikdə istinad mütləqdir ! Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir !!!  

ŞƏRHLƏR :

( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİ. Məzmun və qramatik səhvlərə görə redaksiya məsuliyyət daşımır )

 

 

 

..send- /..Samir Abbasov /..Azərbaycan-Özbəkistan /..Bakı-Tbilisi-Kars dəmiryolu /..Daşkənd /..Səmərqənd /..Beynəlxalq Musiqi Festivalı /..Sahib Paşazadə /..Seyid Rza Əlizadə /..Özbək ədəbiyyatı /..Şekspir /..Maqsud Şeyzadə /..İxtiyar Rza /..Yusif Hüseynov /...Eynulla Əliyev /..Firudin Səfərov /..Rəssamlıq Akademiyası /..Heydər Əliyev /..Mədəniyyət Mərkəzi /..Seyid Rza Əlizadə /..Özbəkistan-Azərbaycan Dostluq Mərkəzi /..İpək Festivalı /..Bakı /.. Qəbələ /..Lahıc /..Şəki /..Gəncə /..Qusar /..Nabran Nizami /..Gəncəvinin “Şərəfnamə” əsəri /..İqbalnamə /..Sirlər Xəzinəsi /..Leyli və Məcnun /..Nizami Gəncəvi

 

 

 


 

 

 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !