SADƏLİYİN FƏLSƏFƏSİ - - Ziyadxan Əliyev

SADƏLİYİN FƏLSƏFƏSİ - Ziyadxan Əliyev

Milli rəngkarlığımızın həm keçmiş SSRİ məkanında, həm də beynəlxalq miqyasda tanınmasında onun daxilində əsasən altmışıncı-yetmişinci illərdən başlayaraq böyük vüsət alan ideoloji və bədii üslub mübarizəsinin böyük rolu olub. Azərbaycanda bu prosesin təkanverici qüvvəsi sənət tariximizə “Abşeron məktəbi” adı ilə daxil olan rəssamlar qrupu olmuşdur. Qrupu müxtəlif yaşlı rəssamlar təşkil edirdilər. Onlardan biri də o zamanlar çox gənc olan Fərhad Xəlilov idi.
Bir vaxtlar “Abşeronçu“ kimi tanınmaq və təqdim olunmaq rəsmi ideoloji mühitdə qınaq kimi qəbul edilsə də, Moskvada təhsil alıb Bakıya qayıdan Fərhad Xəlilov yenidən özünü ideya-əqidə dostlarının yanında görməkdən məmnunluq duymaqla, yeni maraqlı əsərlər yaratmağa nail olmuşdur. Bu mənada gənc rəssamın qoynunda boya-başa çatdığı Abşeron təbiəti ilə bağlı əsərlərinin “Abşeronçu”ların dünya baxışına, ifadə estetikasına müvafiq gəldiyini də yəqin ki, təbii saymaq olar. Onun “Qədim tut ağacı” (1967), “Mərdəkanda yağış” (1967), “Görədil” (1967), “Dənizə gedən yol” (1965), “Mərdəkanda həyət” (1967), “Axşam düşür” (1972) və “Buzovnada qürub çağı” (1973-1974) adlı əsərləri sonralar onun əldə edəcəyi ciddi bədii nəticələrin başlanğıcı idi, desək, yanılmarıq. Az sonra rəssamın mənzərələri bir qədər detal-ayrıntı yığcamlığı və bədii şərhin şərtiliyi ilə seçilməyə başlayır. “Buzovna” (1983), “Bulud və dəniz” (1983), “Biçin” (1984), “(1985), “Talada bahar” (1984)”, “Meşədə işıq” (1984), “Kənd küçəsi” (1989) və “Günəşli gün” (1989) əsərlərində bunun, həm də kompozisiyaların lakonik-səthi rəng həlli ilə ifadəsini görmək mümkündür. Gənc rəssamın ifadə manerasındakı bədii-texniki improvizələr, rəngləri mənalandırmaq istedadı, onları əski mənəvi qaynaqlarımızın estetikası ilə qovuşdurmaq bacarığı son nəticədə ona gerçəklikdə müşahidə etdiklərinin adi gözlə belə görünən təsviri əvəzinə, onun düşündürücü-fəlsəfi obrazını yaratmağa imkan vermişdir. Artıq bu əsərlərdə sonralar mütəxəssislər tərəfindən “fəlsəfi mənzərə” adlandırılacaq həyatı dərkin və onun bədii şərhinin reallıqla irreallığın qovşağından “boylanan” işartılarını görmək mümkündür.
Rəssamın “Qələbənin baharı” (1985), “Qarabağ” (1993), “Bahar” (1997), “Zəmi” (1998), “Yerin naxışları” (2000), “Sahildə yay fəsli” (1984-2002) və s. əsərlərində yuxarıda vurğuldığımız bədii-estetik məziyyətlərin başlanğıcı mövcuddur, desək, yanılmarıq.
Doğrudan da bu və sonrakı illərdə yaradacağı əsərləri ilə dahi sələfi Səttar Bəhlulzadənin Azərbaycan təsviri sənətinə gətirdiyi “fəlsəfi mənzərə”nin layiqli davamçısı olduğunu təsdiqləyən Fərhad Xəlilov rəssamlıq məkanına dünyaya fərdi və fərqli baxışı olan bir yaradıcının gəldiyini sərgilədi. Ən maraqlısı təcrübəli Səttar Bəhlulzadənin eyni - Abşeron motivlərində fəlsəfi tutumlu poetik-lirik çalarları, gənc Fərhad Xəlilovun isə sinəsi cadar-cadar olmuş torpağın bələndiyi sərtlikdə yadda qalan estetik qaynaqlar aşkarlaya bilməsi idi. Başqa sözlə desək, Səttarın yoxluğunda - bir qərinə sonra Fərhad Xəlilov da vəsf etməkdən usanmadığı Abşeron torpağında tamaşaçı düşüncələrini sınağa çəkəcək şərti-fəlsəfi qaynaqlar üzə çıxaracaqdı. Görünür bu həm də yaş və təcrübə ilə bağlı olan bir məsələ imiş.
Bu gün onun ərsəyə gətirdiklərində çoxlarına qəribə görünə biləcək bir ifadə sadəliyi də arxada qalan zaman kəsiyində rəssamın mütərəqqi dünya və milli bədii dəyərlərə analitik münasibətinin, bədii təfsirin görüntüləridir. Dəst-xəttində və bədii ifadə tutumunda dünyaya realist-gerçəkçi münasibətlə mücərrədçiliyin estetikasını ehtiva edən rəssam, bu iki təzadlı baxış-dəyərləndirmə arasında elə bir mərkəz-ortaq qovuşaq nöqtəsi tapmışdır ki, buradan görünənlər bilavasitə “Fərhad Xəlilov” baxışlarıdır. Əslində isə bu gün rəssamın tanınma nişanına çevrilən “sadəliyin fəlsəfəsi”, tutumuna görə milli rəssamlığımız üçün yeni olmaqla, həm də ənənə ilə müasurliyin vəhdətinin bədii görüntüsüdür.
Rəssamın hələ ötən əsrin altmışınci illərində formalaşan həyata özünəməxsus baxışı müstəqillik illərində bir qədər də dərinləşmiş, başqa sözlə desək, tamaşaçı üçün əsl fəlsəfi-düşündürücü qaynağa çevrilmişdir.
Bu yerdə deyək ki, müstəqillik qazanılan 1991-ci ildən dörd il əvvəl həmkarlarının tələbi ilə Azərbaycan Rəssamlar İttifaqının sədri vəzifəsinə seçilən Fərhad Xəlilov, bu işə razılıq verəndə özündən başqa qalanlarını da sovet dönəmində olduğu kimi ideologiyaya bağlı yox, müstəqil düşüncəli görmək istəyirdi. İdeologiyasızlıq dövründə mətbuata açıqlamasında da Fərhad Xəlilov bu məsələyə xüsusi önəm verdiyini vurğulamışdı: “Ən vacib şərt rəssamın azad olmasıdır. İndiki dövrdə ən böyük üstünlüyümüz də budur. Sovet hakimiyyəti dövründə dövlət yaradıcılıq ittifaqlarının işinə çox qarışırdı. Rəssam azad fikirli olmalıdır. O vaxt kommunist ideologiyası çox güclü olduğundan rəssamlar çox əziyyət çəkirdilər. Çünki, onların hər bir əsəri sərgidən qabaq və ya sərgi zamanı yoxlanılırdı. İndiki dövrdə dövlət bizə hər bir cəhətdən yardım etsə də, işimizə qarışmır. Rəssamlar ürəklərində nə varsa, onu azad şəkildə təsvir edə bilirlər”.
Həyatımızdakı çoxlarına adi görünən hadisə və süjetləri pafosdan uzaq bir tutumda təqdim etmələri ilə sover dönəmində hamıdan fərqlənməyə bacaran “abşeronçu”ların o vaxt gənc təmsilçisi olan Fərhad Xəlilov, tədricən əsərlərində analitik tendensiyaları gücləmdirməklə, təbiətə və onun nemətlərinə, eləcə də onu ram edən insanlara münasibətinin duyğulandırıcı-düşündürücü bədii-estetik tutumda ifadəsinə üstünlük vermişdir. Elə əsərlərinin artıq yetmişinci illərin sonunda fəlsəfı qata bələnməsi də bunun göstəricisi idi. Bunlarla kifayətlənməyən rəssamın bütövlüyü ilə seçilən əsərlərininin emosional gərginlik daşıyıcısına çevrilməsini əldə etməsi də yaradıcılığının yeni bədii məziyyətlərlə zənginləşməsini şərtləndirmişdi. Hiss olunur ki, müəllifin tətbiq etdiyi bədii vasitələr görüntüyə gətirilən mənzərələrin müəyyən ovqatın daşıyıcısına çevrilməsinə xidmət edir.
Rəssamın səksəninci-doxsanıncı illərdə ərsəyə gətirilən əsərlərində kompozisiyaların epik tutumu, rənglərinsə dekorativ-lakonik tutum daşıması daha qabarıqdır. Başqa sözlə desək, o, rəngi artıq məkanın və əşyanın mahiyyəti kimi təqdim edir. Odur ki, süjetlər geniş yayılmış nəqliçilikdən uzaq olmaqla, daha çox ayrıntıların anım-assosiasiya yaratmaq gücünə tapınır, təqdim olunan rəngin rəmzi mahiyyət daşıdığına və təbiətdəki ritmlərin ovsunlayıcılığına tamaşaçısını inandırır.
Bu gün çağdaş milli rəngkarlığımızın aparıcı simalarından sayılan Fərhad Xəlilov ətrafında baş verən “müasir” meyllərə biganəlik sərgiləməklə, həmişəki kimi əsərlərində rəngin rəmzi ifadəliliyini və kətan səthinin cəlbedici faktuta duyulanlığını qoruyub saxlamağa çalışır. Fərhad Xəlilov son işlərində kolorit zərifliyini monumentallıq və forma möhtəşəmliyi ilə qovuşdurmaqla, fəlsəfi-düşündürücü məzmunla bələməsi heç şübhəsiz onun yüksək sənətkarlığının göstəricisidir.
Müasir rəngkarlıq çox vaxt izahı çətinlik törədən üslub və dəst-xəttlər zənginliyi ilə təhlilçiləri sözün əsl mənasında çaş-baş etməkdədir, desək, yanılmarıq. Əslində bu qarışıqlıqdan “boylanan” üslub və bədii ifadə bolluğu öz-özlüyündə süjet, məcaz, özünüifadə və stilizə rəngarəngliyi ehtiva etdiyindən qızğın mükalimələr üçün yaxı səbəbdir. Amma bəzən onların məna-məzmun tutumunu açmaq və sözlə şərh etmək üçün zəngin süjetli əsərlərdən daha çox, zahirən sadə görünən, amma çox dərin rəngkarlıq məziyyətlərini üzvü şəkildə özünə hopduran tabloların mahiyyətinə nüfuz etmək çətin olur. Lap elə Fərhad Xəlilovun özündə sadəliyin fəlsəfəsini yaşadan əsərləri kimi...
Əgər bir çox hallarda Azərbaycan təbiətinin təsvirinə müraciət edənləri əsasən ekzotik motivlər cəlb edirdisə, Fərhad Xəlilov bütün bunların əksinə, o qədər də cəlbedici görünməyən motivləri görüntüyə almaqla, onlardakı mayasını doğma torpağa məhəbbət hissləri təşkil edən poeziyanı üzə çıxarmış və son nəticədə, adi motivləri estetik tutumu nəhayətsiz olan mənəvi qaynağa çevirə bilmişdir. Bununla da o, ümumi tutumu detal yiğcamlığından, ifadə lakonikliyindən və rənglərin mənalandırmasından keçən əsərlərində gözümüzdə adiləşən mənzərələrdəki sadəliyin fəlsəfəsini göstərməyə nail olmuşdur...
“Abşeron məktəbi”nin estetikası əsasında dəst-xəttini çox erkən tapan və ona davamlı şəkildə sadiq qalan Fərhad Xəlilov bu gün həm də sevimli mövzularına etibarını qoruyub saxlamaqdadır. O, hələ də usanmaq bilmədən qədim Abşeron mənzərələrini, onunla bağlı süjetləri, onun sərt və bərəkətli torpağının yetişdirdiyi nemətləri tərənnüm etməkdədir. Onun yaradıcılığına dərindən göz qoysaq, onda onun say etibarilə kifayət qədər zəngin olan tutumunda ifadə evolyusiyasını da görə bilərik. Əgər onun altmışıncı-yetmişinci illəri əhatə edən bədii irsində motiv sadəliyi və səmimiliyi mövcud idisə,əksinə, müstəqillik dövrü yaradıcılığında həmin mövzuların fəlsəfi şərtiliyə bələnmiş həm də ifadə sadəliyi mövcuddur. Odur ki, belə əsərlərində rəssam bir qayda olaraq suallıdır. Bu mənada belə əsərlərlə təmasda olan tamaşaçı da rənglərdə hifz olunan və ona ünvanlanan suallara cavab axtarmağa məcbur olur və son nəticədə, tamaşaçı - əsər arasında arzulanan bədii-mənəvi dialoq baş verir. Fərhad Xəlilovun rəngkarlığındakı bu keyfiyyətlər təsadüfi yaranmayıb. Əslində, bütün bunlar ömrünün 70-ci baharını qarşılmağa hazırlaşan rəssamın məntiqə tapınan yaradıcı mövqeyinin məhsuludur. O, elə az sənətkarlarımızdandır ki, onu nəyisə təsvir etməyə məcbur etmək çox çətindir. Bu mənada bilavasitə gördüklərinin harmoniyasını ifadə etmək zərurətindən yaranan əsərlərində rəssam bədii şərh tutumundan asılı olmayaraq çox səmimi və inandırıcıdır. İç dünyasının tələbatından ərsəyə gələn belə əsərlərin kənardan necə qəbul olunacağından da narahat deyildir. Bu kredoya o, bu günə kimi də sadiqdir...
P.S. Tanışlıq üçün deyək ki, Bakıda məşhur “Əzimzadə məktəbi”ndə, Moskvada isə Stroqanov adına Ali bədii-sənaye məktəbində və Poliqrafiya İnsitutunda ixtisas təhsili alan Fərhad Xəlilovun (1946) milli təsviri sənətimizin inkişafına verdiyi töhfələr rəsmi zaman-zaman öz təqdirini almışdır. O, Azərvaycan Respublikasının xalq rəssamı adına layiq görülmüş, “Şöhrət” ordeni ilə təltif olunmuşdur. Rusiya Rəssamlıq Akademiyasının fəxrü üzvü olan sənətkarın əsərləri nüfuzlu muzeyləri və məşhur şəxsi kolleksiyaları bəzəyir.

 


P.S. Yazı “Ədəbiyyat qəzeti”nin 9 yanvar tarixli sayında çap olunub.
Ziyadxan Əliyev
Azərbaycan Respublikasının əməkdar incəsənət xadimi,
sənətşünaslıq üzrə fəlsəfə doktoru 

 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !