Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun hesabat konfransı keçirildi - +FOTO ( AZpressAZ - Minə Türksoy, Rüstəm İsmayılov )

Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun hesabat konfransı keçirildi +FOTO ( AZpressAZ - Minə Türksoy, Rüstəm İsmayılov )

 

Fevralın 3-də Gənclər Günü münasibətilə Bakı Konqres Mərkəzində Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun hesabat konfransı keçirilib.

 

AZƏRTAC xəbər verir ki, tədbirdə Prezident Administrasiyasının gənclər siyasəti və idman məsələləri şöbəsinin müdiri Yusuf Məmmədəliyev, Gənclər Fondunun Müşahidə Şurasının üzvləri, Milli Məclisin deputatları, gənclər təşkilatlarının nümayəndələri iştirak ediblər.

Tədbirdə əvvəlcə Azərbaycan Respublikasının dövlət himni səsləndirilib.

Gənclər Fondunun icraçı direktoru Fərhad Hacıyev çıxış edərək bildirib ki, ümummilli lider Heydər Əliyev gənclərə həmişə yüksək qayğı göstərərək, bu sahədə qarşıya qoyulan vəzifələrin yerinə yetirilməsini dövlət siyasətinin mühüm istiqamətlərindən biri kimi müəyyənləşdirib. Məhz Ulu Öndərimiz Azərbaycanda dövlət gənclər siyasətinin təməlini qoyub və bu gün Azərbaycan Prezidenti İlham Əliyev bu siyasəti uğurla davam etdirir. Bunun nəticəsində gənclərimiz ölkə həyatının bütün sahələrində yüksək fəallıq nümayiş etdirirlər.

F.Hacıyev dövlətimizin başçısının Sərəncamı ilə Fondun yaradılmasını gənclərin həyatında yeni mərhələnin başlanması kimi dəyərləndirib. Bildirib ki, fəaliyyətə başladığı dövrdən etibarən Fondun gördüyü işlərə nəzər salanda uğurlu və dinamik inkişaf prosesinin şahidi oluruq. Fondun bu günə qədər elan etdiyi on qrant müsabiqəsi çərçivəsində fərdi gənclər və gənclər təşkilatları tərəfindən təqdim olunan layihələrin 3909-u maliyyələşdirilib və uğurlu nəticələr əldə edilib. Fəaliyyət göstərdiyi altı il ərzində Fondun saytına müxtəlif ölkələrdən dörd milyonadək baxış olub. Bu müddətdə Fonda 8897 müraciət daxil olub. Onlardan 1799-u ötən il qeydə alınıb.

Tədbirdə ötən il Fondun maliyyə dəstəyi ilə Bakıda 394, Gəncədə 36, Sumqayıtda 25, digər şəhər və rayonlarda isə ümumilikdə 787 tədbirin keçirildiyi vurğulanıb. Bildirilib ki, bu tədbirlər on minlərlə gənci əhatə edib. Bununla yanaşı, Fond 62 gəncin beynəlxalq tədbirlərdə iştirakla bağlı müraciətlərini müsbət cavablandırıb və bunun üçün şərait yaradıb.

Prezident Administrasiyasının gənclər siyasəti və idman məsələləri şöbəsinin müdiri Yusuf Məmmədəliyev çıxış edərək bildirib ki, ümummilli lider Heydər Əliyevin təşəbbüsü ilə 1996-cı ildə Azərbaycan gənclərinin I Forumunun keçirilməsi ölkəmizin gənclər siyasətində mühüm dönüş nöqtəsi olub. Ulu öndər Heydər Əliyevin təşəbbüsü ilə bu Forumun keçirilməsi və bir il sonra Azərbaycan Gəncləri Gününün təsis olunması ölkəmizdə vacib siyasi xəttin təməlini qoyub.

Diqqətə çatdırılıb ki, hər il Azərbaycan Gəncləri Gününün geniş qeyd olunması, silsilə tədbirlərin keçirilməsi aidiyyəti dövlət qurumlarının, gənclər təşkilatlarının və ümumilikdə gənclərin bir araya gələrək il ərzində görülən işlərin, qarşıda duran vəzifələrin, gələcək planların müzakirəsi üçün gözəl fürsət yaradır.

Bugünkü tədbirin gənclərlə bağlı layihələrin müzakirəsi, onların keyfiyyətinin artırılması üçün ideya mübadiləsinin aparılması baxımından mühüm platforma olduğunu bildirən Y.Məmmədəliyev deyib ki, nəinki bölgədə, hətta inkişaf etmiş bəzi ölkələrdə belə bənzəri olmayan Gənclər Fondu fərdi gənclərin, gənclər təşkilatlarının inkişafı üçün resursların düzgün bölünməsini təmin edən, onların imkanlarını daha da genişləndirən, potensiallarını reallaşdırmağa şərait yaradan qurumdur. Fond fəaliyyət göstərdiyi altı il ərzində ölkəmizin gənclər siyasətinin həyata keçirilməsinə, bu sahədə qarşıda duran əsas vəzifələrin reallaşdırılmasına mühüm töhfə verir.

Qeyd olunub ki, Fondun fəaliyyətinin səmərəliliyi bilavasitə bu qurumdan faydalanan gənclərdən asılıdır. Gənclərin və gənclər təşkilatlarının reallaşdırdığı layihələrin keyfiyyətli və davamlı olması Fondun gənclər siyasətinə töhfəsi baxımından əhəmiyyətlidir. Gənclərimiz əmin olmalıdırlar ki, onlara xidmət edən dövlət qurumları daim gənclərin fikirlərini dinləyir və yeni təkliflərə açıqdırlar. Sevindirici haldır ki, cəmiyyətdə gənclərin mövqeyi və fəallığı getdikcə artır. Azərbaycan gəncləri beynəlxalq tədbirlərdə fəal iştirak edirlər. Bu gün bizim istedadlı gənclərimiz çoxdur. Çalışmalıyıq ki, hər bir istedadlı gənc Fondun imkanları və xidmətləri haqqında məlumatlı olsun və onun resurslarından faydalana bilsin.

“Azərbaycanın inkişafı və rifahı naminə fəallıq nümayiş etdirən gənclərimiz Vətənə, xalqımızın milli mənəvi dəyərlərinə bağlıdırlar. Ölkə rəhbərliyi gənclərə güvənir və daim onları dəstəkləyir. Çünki məhz sağlam ruhlu gənclər Azərbaycanın gələcəyidir”, - deyən Y.Məmmədəliyev Azərbaycan Gəncləri Günü münasibətilə təbriklərini çatdıraraq, gənclərə uğurlar arzulayıb.

Gənclər və idman nazirinin müavini İntiqam Babayev Azərbaycanda gənclərə göstərilən dövlət qayğısından danışıb, gənclərimizin beynəlxalq arenada qazandıqları nailiyyətlər barədə məlumat verib. Gənclər Fonduna təqdim olunan layihələrin şəffaf şəkildə maliyyələşdirildiyini diqqətə çatdıran nazir müavini deyib ki, Azərbaycanda gənclərin inkişafı, onların fəaliyyəti üçün hər cür şərait yaradılır. Bu diqqət və qayğının əsasını ümummilli lider Heydər Əliyev qoyub. Hazırda bu siyasət dövlətimizin başçısı İlham Əliyev tərəfindən uğurla davam və inkişaf etdirilir. Artıq yeni hədəflərimiz var. Azərbaycan gəncləri ölkəmizi beynəlxalq aləmdə uğurla təmsil edirlər. Ölkədə yalnız gənclər sahəsində deyil, bütün sahələrdə zəruri iş aparılır. Azərbaycanda demokratik vətəndaş cəmiyyəti mövcuddur və gənclərimizin bu əlverişli şəraitdən yararlanmaları üçün hər cür imkan yaradılıb.

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri yanında Gənclər Fondunun icraçı direktoru Məmməd Babayev və Yeni Azərbaycan Partiyası Gənclər Birliyinin sədri Seymur Orucov ölkə gənclərinin beynəlxalq arenaya inteqrasiyasının vacibliyini, bu istiqamətdə görülən işlərin əhəmiyyətini yüksək qiymətləndirib, əldə olunan nailiyyətlərin respublikamızda aparılan uğurlu gənclər siyasətinin tərkib hissəsi olduğunu qeyd ediblər. Vurğulanıb ki, ölkəmizdə gənclərin inkişafı, onların fəallıqlarının artırılması, məşğulluqlarının təmin edilməsi, istedadlarının müəyyənləşdirilməsi, beynəlxalq platformaya çıxış imkanlarının və əlaqələrinin genişləndirilməsi istiqamətində ardıcıl və sistemli Dövlət proqramları həyata keçirilir. Bütün bu tədbirlər bölgələrdə yaşayan gəncləri də əhatə edir.

Layihələri Fond tərəfindən maliyyələşdirilən bir qrup gənc çıxışlarında yaradılan imkana görə minnətdarlıqlarını bildiriblər.

Sonra uğurlu layihələrin müəlliflərinə mükafatlar təqdim olunub.

Açılış çıxışlarından sonra konfrans işini Gənclər Fondunun növbəti qrant müsabiqələrinin kateqoriyaları və əsas istiqamətlərinə, Gənclər evlərinin fəaliyyətinin genişləndirilməsinə, eləcə də Fonda təqdim olunacaq hesabat formalarının hazırlanmasına və layihələrin icrasına dair müzakirələrlə davam etdirib.

 

 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !