Qara Qarayevin anadan olmasının 100 illik yubileyi münasibəti ilə konsert keçirildi - + FOTO (AZpress.AZ – Rüstəm İsmayılov)

Qara Qarayevin anadan olmasının 100 illik yubileyi münasibəti ilə konsert keçirildi + FOTO (AZpress.AZ – Rüstəm İsmayılov)

5 fevral saat 15:00-da Qara Qarayev adına Mərkəzi İncəsənət Məktəbində görkəmli bəstəkar, akademik, SSRİ xalq artisti Qara Qarayevin anadan olmasının 100 illik yubileyi münasibəti ilə konsert keçirildi. Konsertin təşkilatçısı və aparıcısı məktəbin müəllimi, musiqişünas Leyla Həsənova idi. Tədbir zamanı aparıcı böyük bəstəkarın həyat və yaradıcılığı haqqında ətraflı mühazirə söyləyərək Q.Qarayevin həyat və yaradıcılığını işıqlandıracaq slayd şou və video çarxlar göstərildi. Eləcə də Bəstəkarlar İttifaqının katibi, professor Zemfira Qafarova çıxış edərək böyük bəstəkar Q.Qarayevin Azərbaycan musiqisinin inkişafında əvəzsiz xidmətlərindən danışdı, onun pedaqoq kimi fəaliyyətindən və insani keyfiyyətlərindən söhbət açdı. Musiqişünas Zemfira Qafarova, həmçinin Q.Qarayevlə bağlı xatirələrini bölüşdü.

 

Konsert zəngin və rəngarəng proqramla tamaşaçılara təqdim olundu.

 

“İpək yolu” kamera orkestri (bədii rəhbər, Respublikanın əməkdar artisti Vaxtanq İmanov), Respublikanın xalq artisti Rasim Abdullayevin rəhbərliyi altında simli kvintet (Aleksey Miltıx,Eyyub Əliyev, Kamal Paşa-zadə, Orxan Hüseynov) respublikanın əməkdar artistləri Əziz Qarayusifli, İlqar Hacıyev, Nadir Məlikov, BMA-nın baş müəllimi Fəridə Sultanova , həmçinin Q.Qarayev adına Mərkəzi İncəsənət məktəbinin qabaqcıl müəllimləri Nurlan Cəfərli (tar), Vəfa Əhmədova (fortepiano), İranə Əliyeva (fortepiano), Mətanət Nurullayeva (fortepiano), Nuray Bayramova (fortepiano), Qəmər Mahmudova (fortepiano), Vəfa Babayeva(skripka), Elmira Kələşova(violençel) , Regina Məcidova (vokal), “Modern folk” instrumental ansamblı /Nəbi Quliyev, Elnur Məmmədov, Becan Hüseynov, Abdulla Mərdiyev, Azər Nəzərov, Sevinc Kərimova/ Q.Qarayevin müxtəlif janrda bəstələdiyi əsərlərindən ibarət rəngarəng nömrələr təqdim etdilər.

 

Konsertdə Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyinin, eləcə də musiqi ictimaiyyətinin görkəmli nümayəndələri, UMM və UİM-nin direktorları iştirak edirdilər.

 

 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !