Tağıyevin ordenlərinin hamısı xeyriyyəçiliyə görə verilib - - Fərhad Cabbarov

“Tağıyevin ordenlərinin hamısı xeyriyyəçiliyə görə verilib” - Fərhad Cabbarov

Müsahimiz Milli Azərbaycan Tarixi Muzeyinin elmi katibi, tarix üzrə fəlsəfə doktoru Fərhad Cabbarovdur.

 

– Fərhad müəllim, Siz mütəmadi olaraq sosial şəbəkələrdə Hacı Zeynalabdin Tağıyevlə bağlı statuslar paylaşırsınız. Bu yaxınlarda isə onun evlərinin bərbad vəziyyətdə olduğunu bildirmişdiniz. Media da bu mövzunu dəstəklədi. İstərdim ki, söhbətimizə elə ondan başlayaq. Həyəcana təbili çalmanızın hansısa effekti oldumu?

 

 

– Əvvəla ondan başlamaq istəyirəm ki, 2018-ci il Hacı Zeynalabdin Tağıyevin yubileyidir. Düzdür, Tağıyevin təvəllüd tarixi bir qədər mübahisə doğurur, ancaq maraqlıdır ki, 1838-ci ildən hesablayanda 180, 1823-cü illə isə hesablayanda 195 il olur. Yəni istənilən halda yubileydir. İndi isə binalar məsələsinə qayıqad. Yalnız Bakıda iki bina – Mərdəkandakı bağ evi və kombinatın binası, Neftçalada isə balıq emalı müəssisəsinin binası qəzalı vəziyyətdədir. Beləliklə, söhbət bizim bildiyimiz 3 binadan gedir. Qeyd edim ki, bunların hər biri Azərbaycan tarixi üçün müstəsna əhəmiyyətə malik olan obyektlərdir. Hacı ömrünün son 4 ilini Mərdəkandakı bağ evində keçirib.

 

 

 – Və elə o bağda da 1924-cü ildə dünyasını dəyişib.

 

 

– Bəli. Bağ evi ilə bağlı maraqlı faktlar, tarixi mənbələr var. Biz indi qeyri-neft sektorunun yaradılmasından çox danışırıq, amma bu işin ilk pioneri Azərbaycanda H.Z.Tağıyev olub. 1897-ci ildə bu kişi öz neft biznesini satıb, Azərbaycanda toxuculuq fabriki açdırıb. Çox böyük əziyyət hesabına bu fabriki açıb. O vaxta kimi xammal Rusiyaya ucuz qiymətə gedir, emal olunduqdan sonra isə burada baha qiymətə satılırdı. Fabrikin işə başlaması ilə həm də minlərlə iş yeri açılıb. Başqa sözlə desək, bu bina iqtisadi tariximiz üçün də böyük məna kəsb edir. Lakin təəssüf ki, müəyyən səbəblərdən, xüsusilə yerli məmurların işə biganə yanaşması ucbatından bu binalar bərbad vəziyyətə düşüb. Demək olar ki, dağılmaq üzrədir. Sovet vaxtı Mərdəkandakı bağ evində dispanser yerləşib. Sonra mərhum ümummilli liderimiz Heydər Əliyevin evin bir hissəsini yaşamaq üçün Tağıyevin qohumlarına verib. Tağıyevin yaşadığı əsas bina isə dağılır. Açığını deyim ki, ora getməyə də ürəyim gəlmir. Bu vəziyyətdə binanı görmək istəmirəm. Amma şəkillərə əsasən deyə bilərəm ki, bina çox pis vəziyyətdədir. Binanı görənlər danışırlar ki, heç onu mühafizə edən də yoxdur. Yalnız bir yaşlı kişi var, qapı-darvaza isə açıqdır. Ən böyük problemlərdən biri də odur ki, indiyə kimi Azərbaycanda bu böyük insana heykəl qoyulmayıb.

 

 

 – Milli Azərbaycan Tarixi Muzeyinin fasadındakı büst istisna olmaqla?

 

 

– O sadəcə büstdür. Qəbrinin üstündə və H.Z.Tağıyev qəsəbəsində də yalnız büstü var. Çox təəssüf ki, bir dənə də heykəli yoxdur. Bir məsələ də qaldırmışıq ki, müsəlman şərqində ilk Müsəlman qız məktəbinin binasının (indiki Əlyazmalar İnstitutu – F.C.) üstündə xatirə lövhəsi yoxdur. Təsəvvür edin, bina məktəb üçün tikilib, 1918-ci ildə orada cümhuriyyət parlamenti yerləşib. Sonra isə Hüseyn Cavid həmin binada yaşayıb. Cümhuriyyət parlamentinin orada yerləşməsi, Əlyazmalar İnstitutu, Hüseyn Cavidin ev-muzeyinin olması haqqında lövhələr var, amma qız məktəbi olması haqqında məlumat yoxdur. Biz 2011-ci ildə bu məktəbin 110 illiyini qeyd edirdk. Böyük bir simpozium təşkil olunmuşdu – Türkiyə, Misir, Türkmənistan, Ukraynadan qonaqlar gəlmişdilər. Onlar da soruşurdu ki, bu binanın harasında yazılıb ki, burada məktəb yerləşib.

 

 

– Ən əsası isə bu lövhənin olmaması anlaşılmazdır.

 

 

– Mən məmur pillələrini bir-bir dəf etməmək üçün fikirləşdim ki, birbaşa dövlət başçısından bu xahişi edim. Dekabrın 18-də mən cənab prezidentə və birinci xanıma məktub ünvanlamışam və bu məsələlərin hamısını sadalamışam. Hələ 2004-cü ildə cənab prezident Tarix Muzeyinə gəlmişdi və göstəriş verdi ki, muzey əsaslı təmir və bərpa edilmək üçün bağlansın. 2007-ci ilə kimi təmir getdi və hətta bir dəfə də özü gəlib, nəzarət etdi. Muzeyin təmirdən sonrakı açılşında da şəxsən iştirak etdi. Prezident muzeyi gəzəndə də qeyd etdi ki, babası da H.Z.Tağıyevin vəsaiti hesabına təhsil alıb. Bu hadisəni Heydər Əliyev də Əziz Əliyevin 100 illik yubileyində danışmışdı. Əziz Əliyev İrəvandan teleqram göndərib ki, onun təhsil alması üçün 300 rubl lazımdır. Tağıyev də tanımadığı halda 300 rublu İrəvana, 16-17 yaşlı bir gəncə teleqrafla göndərir. Əziz Əliyev də bu vəsaiti aldıqdan sonra, Peterburqda Hərbi Tibb Akademiyasında oxuyub. Bundan başqa İlham Əliyev hələ SOCAR-ın birinci vitse-prezidenti vəzifəsində çalışarkən Tağıyevin qəbirüstü büstünün bərpa edilməsinə yardım göstərib. Mərdəkanda Tağıyevin bağçılıq məktəbinin də yenidən təmir edilməsində və açılışında iştirak edib. Hətta açılış mərasimində qeyd edib: “Mən Tağıyevi indiki sahibkarlara nümunə göstərirəm ki, sosial məsuliyyətli olmaq lazımdır”. Mən də prezidentin Tağıyevə bu münasibətini görüb, qərara gəldim ki, birbaşa onun özünə müraciət edim. Bildiyimə görə, artıq bu məktuba reaksiya var. Mədəniyyət Nazirliyindən Tağıyevin heykəli ilə bağlı mənə zəng vurmuşdular ki, bu məsələyə baxılır. Təvəllüd məsləsi ilə maraqlanırdılar ki, müxtəlif versiyalardan hansına istinad olunmalıdır.

 

 – Yəni bayaq söylədiyiniz iki rəqəmdən hansına?

 

 – Bəli, mən onlara dedim ki, danışmaq uzun çəkər, mənim bir məqaləm var, onu göndərdim. Düzdür, mənə də elə gəlir ki, Hacı öz yaşını, təvəllüd ilini dəqiq bilmirdi. Onun təvəllüdü ilə bağlı 1949-cu ilə aid olan ən birinci sənəddə 1838-ci il yazılıb. Nəriman Nərimanov 1900-cü ildə Tağıyevə həsr etdiyi kitabında onun 1838-ci ildə anadan olduğunu yazıb. O kitab çap olunub, Tağıyev də görüb. Tutaq ki, lap Nərimanov səhv edib, 1903-cü ildə tərcümeyi-halı yenidən çap ediləndə, orada da 1838-ci il yazılıb. Bu qədər səhv ola bilməz axı. Hərdən 1823-cü ilə dair şeyxülislam tərəfindən verilən şəhadətnamənin olması deyilir. Mən isə deyirəm ki, şeyxülislamın verdiyi şəhadətnaməyə istinad etmək olmaz. Çünki bu sənəd 1899-cu ildə verilib. Görünür, hansısa səbəbdən, Hacı yaşını çoxaltmaq istəyib. 1898-ci ildə onun qızı Leyla doğulub. Leylanın şəhadətnaməsində şeyxülislam yazıb ki, bu, 1841-ci il təvəllüddlüdür. Altından da şüyxülislam və axund qol çəkib.

 

 

– Həm də Hacının şəklinə baxanda da onu əldən düşmüş 100 yaşlı qocaya oxşatmaq mümkün deyil.

 

 

 – Tağıyev 1896-cı ildə ikinci dəfə ailə həyatı qurub. 1823-cü il təvəllüdlü olsaydı, onun 73 yaşı olmalıydı. Hələ evlənəndən sonra beş uşağı da anadan olub. Ona görə də məqaləmi nazirliyə göndərdim. Ümid edirəm ki, məktubda qaldırılan digər məsələlər də həllini tapar.

 

 

– Bəs adi insanlar nə etməlidir? Biz Tağıyev şəxsiyyətinin miqyası ilə bağlı ilk bilgiləri Manaf Süleymanovun “Eşitdiklərim, oxuduqlarım və gördüklərim” kitabından almışıq. Amma o kitab sovet dövründə çıxmışdı. Hacı Zeynalabdin haqqında geniş oxucu auditoriyasına ünvanlanan maraqlı kitab varmı?

 

 

 

 

– Əvvəlcə sualınızın birinci hissəsinə cavab verəcəm. Mən sosial şəbəkədə paylaşımları iki dildə etmişdim. Onun yenidən paylanılmasının sayı artıq 2 mini keçib. Türkiyədə yaşayan bir azərbaycanlı yazmışdı ki, həmin ölkədəki azərbaycanlılar pul yığıb, Mərdəkandakı evi təmir etdirmək istəyirlər. Hesab nömrəsinin açılıb-açılmamasını soruşurdular. Düzdür, indi orada əmlak məsələsi var və biz özbaşına gedib, oraya müdaxilə edə bilmərik.

 

 

– Yeri gəlmişkən, bina kimin balansındadır?

 

 

– Açığı, heç mən özüm də bilmirəm. Çünki qurumlar bir-birinin üstünə atır. Dispanser olduğu üçün Səhiyyə Nazirliyinə baxır, binanın o biri hissəsi Mədəniyyət Nazirliyinin, başqa bir hissəsi isə Əmlak Komitəsinin tabeçiliyindədir. Sözsüz ki, belə pərakəndəliyin nəticəsi yaxşı ola bilməz. Hansısa qurum məsuliyyəti öz üzərinə götürməlidir. Siz Manaf Süleymanovun kitabını xatırlatdınız. Sovet dövründə ilk dəfə həmin kitabda Tağıyev, Nağıyev, Əsədullayev haqqında həmin kitabda pozitiv məqamlar əks olunub. Lakin çox təəssüflər olsun ki, bəzi müəlliflər M.Süleymanovun kitabından tarixi mənbə kimi istifadə edirlər. Halbuki kitabın mahiyyəti onun adında öz əksini tapıb. Biz tarixi mənbələrlə müqayisə etdikdə o kitabda da kifayət qədər səhvlər olduğunu görürük. Məsələn, “Şollar” su kəmərinin çəkilməsi. Bu kəməri heç vaxt Tağıyev təkbaşına çəkdirə bilməzdi. Onun 16 milyon rubl kapitalı var idi, “Şollar”ın çəkilməsi isə 11 milyon rublu keçmişdi. Belə çıxr ki bütün pulunu bu su kəmərinə qoyub? Kəməri dövlət çəkib, Tağıyev isə bu layihənin Dumada lobbiçisi idi. Lindeyin bura gətirəlməsinin ən birinci səbəbkarı Tağıyevdir.

 

 

– Yəqin ki, bu işə ianələr də verib.

 

 

– Sözsüz. Amma su kəmərinin çəkilməsi bir milyonçunun bacara biləcəyi iş deyildi. Yaxud da deyirlər ki, Tağıyev Azərbaycanda ilk rüşvət verən insandır. Guya qızlar məktəbinin açılmasına hökumət icazə vermirdi, o da çarın xanımına brilyant üzük göndərib, icazə alıb. Mənim 2011-ci ildə “Tağıyevin qız məktəbi” adlı kitabım çıxıb. Həmin kitabdakı birinci sənəddə qeyd olunur ki, Qafqaz təhsil idarəsi 1896-cı ildə Tağıyevə müraciət edib ki, imperatorun tacqoyma mərasimi olacaq, təklif edirlər ki, bir qız məktəbi açdırsın. Hökumət bunu təklif edirsə, niyə rüşvət istəsin ki. Amma o məktəbi çar hökuməti özünün gördüyü kimi təsəvvür edirdi. Tağıyev isə bildirdi ki, o, layihəni necə verirsə məhz elə olmalıdır. Məktəbin hamisi odursa, müəllimlərin seçilməsi, predmetlərin müəyyənləşdirilməsini özü etmək istəyirdi. Hətta çar məmuru yazır ki, Tağıyev fikrində israr etdiyindən, o, nə edəcəyini bilmir. Axırda da yazır ki, Tağıyevə güzəştə getməyə məcbur olub. Çünki pulu Tağıyev verirdi. 2010-cu ildə bizim muzey tərəfindən kitab-albom buraxılmışdı. 2011-ci ildə Tağıyevin qız məktəbi ilə bağlı sənədlər toplusunu mən çap etdirmişəm. 2013-cü ildə “Müasirləri Tağıyev haqqında” adlı bir kitab çıxıb. Həmin bu xatirələr kitabı elə tez yayıldı ki, ötən il yenidən nəşr edildi. İndi isə yeni kitab çapa hazırlayıram. Çünki ötən dövr ərzində Moskvada, Sankt-Peterburqda arxivlərdən onun həyatı və iş fəaliyyəti ilə bağlı yeni materiallar tapmışam. Çox təəssüf ki, indi bizdə kitab oxuyan çox azdır. İndi bəzi saytlarda, sosial şəbəkələrdə Tağıyev haqqında olduqca təhqiramiz yazılar çap olunur.

 

 – Mənim yadıma gəlir ki, bir müddət öncə, Hüseyn Ərəblinskini guya Tağıyevin öldürtdürməsi ilə bağlı bir məqalə yayılmışdı.

 

 

– O yazı ilə bağlı mən bir məqalə hazırladım və saytların əksəriyyəti onu dərc etdirdi. Amma həmin yazını dərc edən sayt mənim cavab məqaləmi çap etmədi. Sonra şəkillər çap edirlər ki, guya Tağıyevin ailəsinin şəklidir. Axı Tağıyevin həm həyat yoldaşının, həm də uşaqlarının şəkilləri var. Baxıb, sonra müqayisə etsinlər. Bir şəkil var, Tağıyev dayanıb, yanında bir qadın və uşaqlar var. Yazırlar ki, Tağıyevin ikinci xanımıdır. Axı o qadın azərbaycanlı da deyil. Bir avropalı siması var. Halbuki təbliğat gedir. Və bu təbliğatın da önündə bizim Tarix Muzeyi durub. Muzey Tağıyevin evində yerləşdiyindən, onun həyat və fəaliyyəti ilə bağlı bütün tədqiqatlar orada cəmlənib. Bizdə 2013-cü ildən “Tağıyev klubu” fəaliyyət göstərir. Bu il klubun fəaliyyətini daha da genişləndirmək istəyirik. Artıq insanlar bizə gəlməyəcək, özümüz müəssisələrə gedəcəyik. İlk növbədə məktəblərə, universitetlərə.

 

 

 – Nəfis tərtibatlı “Tağıyev ensiklopediyası”nın çap edilməsi və yaxud insanları düşünməyə başqa vadar edən layihələr varmı?

 

 

– Dediyim kitab “Görkəmli azərbaycanlılar” seriyası ilə nəşr olunacaq. Yəni elmi ictimaiyyət üçün yox, geniş oxucu dairəsi üçün. “Teas Press” nəşriyyatı bu kitabı buraxacaq, sifariş onlardan gəlib. Dediyiniz “Tağıyev ensiklopediyası” da mənim beynimdə çoxdan var və hesab edirəm ki, çox vacib məsələdir. Həm də hesab edirəm ki, həmin ensiklopediya xarici dillərdə, xüsusilə rus dilində olmalıdır. Məndə Tağıyevin mühasibat kitabları var, çox maraqlıdır. Məsələn, Nizaminin məzarının bərpası üçün pul ayrılıb. Bu, demək olar ki, heç kəsin bilmədiyi bir məsələdir. Rusiyanın elə şəhərlərinə yardım göndərib ki, heç o şəhərlərin adlarını rusların özləri də tanımayacaq. Birində məscid, digərində kilsə tikintisi, başqa birində kiminsə oxuması üçün pul göndərib. Bu insan təkcə Azərbaycanda deyil, bütün Rusiya ərazisində, eləcə də hökumət tərəfindən nüfuz sahibi kimi qəbul olunub.

 

 – Sankt-Peterburqdakı tatar məscidinə də ianələr ayırıb.

 

 – Bəli, mən orada olmuşam. Məscidin ən əsas sponsorları Buxara əmiri və Hacı Zeynalabdin Tağıyev olub. Bu yaxnlarda 1905-ci ilin sentyabrına dair arxivdən bir qeyd tapmışam. Əlimərdan bəy Topçubaşov, Əhməd bəy Ağayev və o dövrün bir neçə məşhur şəxsi Tağıyevdən 50 min rubl pul götürüblər. Həmin dövrdə erməni qırğınları gedirdi. Deməli, bu qəbz elə-belə verilməyib. Ə.Ağayev “Difai”nin yaradıcısı idi.

 

 – O dövrün qiymətləri ilə 50 min rubl astronomik məbləğ idi.

 

 

– Əlbəttə. Təsəvvür edin ki, məktəbin tikintisi üçün Tağıyev toxunulmaz fond kimi banka 25 min rubl qoymuşdu. 50 min rubl isə onun iki mislidir. 1905-ci ilin avqustunda Şuşada qırğınlar başlamışdı. O vaxt Rusiya hökuməti birmənalı olaraq ermənilərin tərəfini tuturdu, bizimkiləri isə tərk-silah edirdi. Həmin vaxtdan etibarən “Difai” ortaya çıxmağa, bizimkilər silah almağa başladılar. Yəni 50 min rublun verilməsi həmin dövrə təsadüf edir. Sonrakı dövrdə Tağıyevin sədri olduği xeyriyyə cəmiyyəti müsəlman əhalisini erməni qırğınından xilas etmək üçün Gəncəyə, Şuşaya, Naxçıvana külli miqdarda yardım etdi. Əslində mənim doktorluq mövzum 1905-ci il qırğınları ilə bağlıdır. Tağıyevlə bağlı araşdırmaları isə özümün vəfa borcum hesab edirəm. Çünki mən o kişinin evində işləyirəm. Hər halda o binanı bizim üçün tikib, qoyub.

 

 – Bəs Tağıyevin Azərbaycan Xalq Cemhuriyyəti ilə münasibətləri necə idi?

 

– Sözsüz ki, milli dövlət olduğuna görə Tağıyev hər cür kömək göstərirdi. İlk növbədə Bakı Universiteti açılanda elan etdi ki, passajdan gələn gəlirləri universitetə bağışlayır. Bu fakt parlament iclasında Soltan Məcid Qənizadənin çıxışında qeyd olunur ki, Tağıyev passajdan gələn gəlirlərdən universitetin xərcləri naminə imtina edir. Ordunun uniformasının tikilməsini Tağıyevin fabriki təmin edirdi. Bu yaxınlarda mən bir sənəd də tapdım. 1917-ci ildə “Müsavat” partiyasının quruıtayı gedəndə Tağıyev içəri daxil olub. Məmməd Əmin Rəsulzadə isə çıxış edirmiş. Qurultay iştirakçıları ayağa qalxıb Tağıyevi gurultulu alqışlarla qarşılayırlar. M.Ə.Rəsilzadə də hörmət əlaməti olaraq çıxışını dayandırıb, Tağıyev əyləşəndən sonra davam edib. Tağıyev də həmin qurultayda bildirir ki, mütləq güclü təşkilatlanmış partiya yaradılmalıdır. Onlar artıq başa düşürdülər ki, Rusiya imperiyasının sonudur və bu yol hökmən müstəqilliyə gedəcək. Ancaq onu da deməliyəm ki, cümhuriyyət hökuməti ilə Tağıyevin münasibəti heç də hamar olmayıb. Xüsusilə iqtisadi məsələlərə tərəflərin fərqli baxışları var idi. 1919-cu ildə Tağıyevin Nəsib bəy Yusifbəyliyə böyük bir məktubu var. Məktubda hökumətin iqtisadi siyasətini tənqid edir. İlk növbədə də hökumətin qadağa sistemini. O vaxt malın fabrikdən alınıb-satılması ilə bağlı qiymətlər nəzərdə tutulmuşdu. Tağıyevi və digər iş adamlarını bu qane etmirdi. Bildirirdilər ki, bu, bazar qanunlarına uyğun deyil. Yazırdı ki, onlar bununla iqtisadiyyatı uçuruma aparırlar. Sonra hökumət xariclə müqavilə bağlanmasında sənədləşmənin hökumətin bürokratik aparatından keçməini şərt kimi qoyurdu. Tağıyev isə hesab edirdi ki, bu vaxtın uzadılması ilə nəticələnəcək. Əslində onun bu fikrində də rasionallıq var idi. Ancaq onu da deməliyik ki, hökumət bu addımları iqtisadi durğunluq şəraitində atırdı. Tağıyevin məktunda bir maraqlı məsələ də var idi. O, yazırdı: “Əgər dövlət iqtisadi cəhətdən möhkəmlənməsə, özündən güclü qonşuların əsarəti altına düşə bilər”. Həqiqətən də cümhuriyyətin iqtisadi vəziyyəti pis idi. Pusiya ilə iqtisadi əlaqələr pozulmuşdu, neft isə satılmırdı, anbarlarda saxlanılırdı. Ona görə də bolşeviklər hakimiyyətə gələndən sonra elə aprelin 29-da ilk neft partiyasını Volqaya göndərdilər. Tağıyev 1918-ci ilin mart soyqırımı zamanı müsəlman əhaıiyə böyük yardım göstərmişdi, Qafqaz İslam Ordusunun komandanı Nuru paşa ilə yaxşı münasibətləri vardı. Hətta iki türk şəhidini Mərdəkandakı məktəb binasının önündə iri bir ağacın altında dəfn etdirmişdi ki, ağac nişanə olsun. İndi həmin məzarlar yaxşı təmir edilib. Muzeyin yerləşdiyi Tağıyevin evi yalnız yaşayış binası deyildi, həm də ictimai əhəmiyyət kəsb edirdi. Bakıda otellər olduğu halda, Bakıya gələn mötəbər qonaqlar həmişə onun evində qalırdılar – İran hökmdarı Müzəffərəddin şah, Buxara əmiri, Mendeleyev və s. Cümhuriyyət dövründə ABŞ və Böyük Britaniya missiyalarını Nəsib bəy Yusifbəyli bu binada qəbul etmişdi.

 

 

– Fərhad müəllim, Siz o dövrü tədqiq etmisiniz, bu dövrü də bilirsiniz. Bizdə xeyriyyəçilik potensialı kiçikdir, yoxsa auditoriya xeyriyyəçiləri bu yoldan döndərəcək qədər aqressivdir?

 

 

– İndiki sahibkarlarımız o dövrdəki sahibkarlardan qat-qat dövlətlidilər. O dövrün sahibkarları əvəzini gözləmədən xeyriyyəçilik edirdilər. Tutaq ki, məktəb tikdirmək, 35 uşaqdan 25-ni öz hesabına oxutmaq, kapitalını bu məqsədlə banka qoymaq (yeri gəlmişkən, sonradan ermənilər bu pulu da oğurladılar – F.C.) onlara nə verirdi? İndi gəlin, müğənnilərə sponsorluq edən iş adamlarına müraciət edək ki, kömək edin, “Tağıyev ensiklopediyası” buraxaq. Dərhal soruşacaqlar ki, bu, onların nəyinə lazımdır. O dövrdə sahibkarları xeyriyyəçiliyə təşviq etmək üçün müvafiq qanunvericilik bazası var idi. Üstəlik onlar buna həvəsləndirilirdilər. Məsələn, Tağıyevin ordenlərinin hamısı xeyriyyəçiliyə görə verilib. Ən birinci mükafatı da 1874-cü ildə Bakıya öz vəsaiti hesabına su kəməri çəkdirdiyinə görə verilib (Bu “Şollar” su kəməi deyildi – F.C.). Üstəlik xüsusi titul qazanırdılar və o, irsən keçirdi. Hesab edirəm ki, xeyriyyəçiliyi indiki dövrdə də təşviq etmək lazımdır. İndi hətta yardım edənlər də xahiş edirlər ki, onların adları çəkilməsin. 2010-cu ildə bayaq adını çəkdiyim albomu buraxanda neçə şirkətə müraciət etdik, heç birindən cavab ala bilmədik. O dövrdə millət xeyriyyəçilərə üz tuturdu, indi isə xeyriyyəçilər azdır deyə, dövlətə müraciət edir.

 

 

Fuad Babayev, Gündüz Nəsibov, 1905.az 

 

 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !