AZƏRBAYCAN MİLLİ ELMLƏR AKADEMİYASI RƏYASƏT HEYƏTİ -

AZƏRBAYCAN MİLLİ ELMLƏR AKADEMİYASI RƏYASƏT HEYƏTİ

Akademik Akif Əlizadə: "Biotexnologiya, kök hüceyrələri, nüvə tibbi istiqamətləri üzrə laboratoriyaların yaradılması vacibdir"

 

 

Fevralın 16-da AMEA-nın Ümumi yığıncağı və Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Kollegiyasının "İnsan sağlamlığı Azərbaycan cəmiy¬yə¬tinin inkişa¬fı¬nın əsasıdır" mövzu¬su¬nda birgə elmi sessiyası keçirilib. Tədbirdə çıxış edən AMEA-nın prezidenti, akademik Akif Əlizadə qeyd edib ki, elmi tədqiqatların gələcək inkişafı bilavasitə unikal elmi cihazlardan istifadə ilə bağlıdır. Bunun tibb sahəsi üçün xüsusilə aktual olduğunu deyən akademik AMEA ilə Səhiyyə Nazirliyi institutları arasında cihaz və avadanlıqlardan istifadə sahəsində əməkdaşlıq əlaqələrinin gücləndirilməsinin zəruriliyini vurğulayıb.
Elmi nəticələrin təcrübəyə tətbiqi istiqamətində respublikada əlverişli şərait yaradıldığını vurğulayan akademik qeyd edib ki, birgə sessiyanın əsas qərarlarından biri startapların inkişafı üzrə müştərək layihələrin hazırlanması istiqamətində səylərin birləşdirilməsi olmalıdır. Akademik Akif Əlizadə bildirib ki, AMEA-da yaradılan Yüksək Texnologiyalar Parkı nəzəri biotibbi nəticələrin praktiki tətbiq sahələrini tapdığı və biznes layihələrin yer aldığı poliqona çevrilməlidir. Akademik biotexnologiya, kök hüceyrələri, nüvə tibbi istiqamətləri üzrə birgə laboratoriyaların yaradılmasının vacib olduğunu deyib.

 

 

 

                                                                                      ***

 

Azərbaycanda ən yüksək uzunömürlülük indeksləri dağlıq və dağətəyi
ərazilərdə müşahidə olunur

 

 

AMEA-nın Ümumi yığıncağı və Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Kollegiyasının "İnsan sağlamlığı Azərbaycan cəmiy¬yə¬tinin inkişa¬fı¬nın əsasıdır" mövzusu¬nda birgə elmi sessiyasında çıxış edən AMEA-nın Fiziologiya İnstitutunun direktoru, biologiya üzrə elmlər doktoru Ulduz Həşimova bildirib ki, statistik məlumatların təhlili ölkədə uzunömürlülüyün coğrafiyasını müəyyən etməyə və müvafiq xəritənin tərtibinə imkan verib.
Araşdırmanın nəticələrini diqqətə çatdıran alim Azərbaycanda uzunömürlülüyün demoqrafik aspektlərindən danışıb: "Uzunömürlülük ayrı-ayrı rayonlarda müxtəlif səviyyədə müşahidə olunur. Rayonlararası fərqlər kifayət dərəcədə qabarıq olaraq ən aşağı 3,4 faizdən ən yuxarı 53,8 faizə qədər diapazonda dəyişir. Ölkə üzrə ən aşağı uzunömürlülük indeksləri Abşeron iqtisadi zonası, cənub-şərq və cənub-qərb bölgələrinin bəzi rayonlarında qeydə alınır. Ən yüksək göstərici əsasən ölkənin dağlıq və dağətəyi ərazilərində müşahidə olunur. Şəhərlərdə uzunömürlülük indeksi rayonlar ilə müqayisədə daha aşağıdır. Coğrafi cəhətdən yaxın rayonlarda isə bu göstəricilər oxşardır".

 

                                                                                    ***


Azərbaycan uzunömürlülüyün populyasiya fenomeni olan ölkələrdəndir

 


 

"Azərbaycan dünyada uzunömürlülüyün populyasiya fenomeni kimi təmsil olunduğu nadir regionlarındandır".
Bu sözləri AMEA-nın Fiziologiya İnstitutunun direktoru, biologiya üzrə elmlər doktoru Ulduz Həşimova AMEA-nın Ümumi yığıncağı və Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Kollegiyasının "İnsan sağlamlığı Azərbaycan cəmiy¬yə¬tinin inkişafının əsasıdır" mövzusunda birgə elmi sessiyasında çıxışı zamanı deyib. Alim bildirib ki, uzunömürlü insanların ölkənin ayrı-ayrı ərazilərində kompakt şəkildə yaşaması müasir beynəlxalq təcrübəyə əsaslanan herontoloji tədqiqatların aparılmasına geniş imkanlar açır.
U.Haşımova vurğulayıb ki, dünya əhalisinin getdikcə qocalması fenomeni, sağlam və ya "fizioloji qocalma" haqqında biliklərin genişləndirilməsinə və dərinləşdirilməsinə imkan yaradan kompleks tədqiqatların aktuallığını ön plana çəkir.
Uzunömürlülük fenomeninin kompleks tədqiqi üçün unikal imkanların olduğunu deyən institut direktoru bildirib ki, herontologiya 2015-ci ildə AMEA-nın rəhbərliyi tərəfindən respublika elminin prioritet istiqamətlərindən biri kimi müəyyənləşdirilib. Tapşırığa əsasən, qocalmanın biologiyası ilə xüsusi tədqiqat proqramı hazırlanıb. U.Həşimova vurğulayıb ki, rəsmi demoqrafik məlumatların təhlili və yüksək uzunömürlülük indeksinə malik rayonlarda tibbi-bioloji tədqiqatların aparılması bu proqramın tərkib hissələridir.


 

 

 

 


 

 

 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !