21 738 144 $ - - Ermənistanın təcavüzü nəticəsində Xocalıya dəymiş zərər (Faiq İsmayılov) (+FOTOLAR)

21 738 144 $ - Ermənistanın təcavüzü nəticəsində Xocalıya dəymiş zərər (Faiq İsmayılov) (+FOTOLAR)

Ermənistan Respublikasının silahlı təcavüzü nəticəsində Xocalıya dəymiş zərər

 


Xocalının qədim Tarixi - Azərbaycan torpaqları müasir sivilizasiyanın inkişafa başladığı ən qədim yaşayış məskənidir. Azərbaycan xalqı zəngin və özünəməxsus mədəniyyət, o cümlədən dövlətçilik ənənələri yaratmışdır. Yerli və xarici alimlər, etnoqraflar tədqiqatlarında bildirmişlər ki, Azərbaycan tarixinin öyrənilməsində Xocalı mədəniyyətinin tədqiqi mühüm əhəmiyyətə malikdir. Xocalı başdan-başa tarixi-memarlıq abidələri diyarıdır. Buna misal olaraq miladdan əvvəl XIII-VII əsrlərə aid Xocalı-Gədəbəy mədəniyyət abidələrini, son Tunc və ilk Dəmir dövrlərinə aid Nekropolu, Kurqan çölünü, eramızın IV-VII əsrlərinə aid kilsələri, XIV əsrə aid Xocalıda Hacı Əli günbəzini, 1356-cı ildə inşa olunmuş dairəvi türbəni, XVIII əsrdə tikilmiş Əsgəran qalasını və onlarca başqalarını göstərmək olar.

 

Azərbaycanda Kiçik Qafqaz dağ və dağətəyi rayonlarında, Kür-Araz çayları arasında son Tunc və ilk Dəmir dövrlərinə aid arxeoloji mədəniyyət Xocalı-Gədəbəy mədəniyyəti abidələri adlandırılır. Xocalı-Gədəbəy mədəniyyət abidələri emalatxanalar, qəbirlər və ibadətgahlardan ibarətdir. Mədəniyyətin yayıldığı ərazidə misəritmə kürələri, mis və tunc məmulatları hazırlayan emalatxanaların qalıqları, çaxmaq daşından alət və silahların istehsal tullantıları aşkar edilmişdir. Buradan Neolit dövründə yaşayan insanlara aid əmək alətləri də tapılmışdır. Torpaq, daş qutu qəbirlər və kurqanlarda ölülər bükülü, uzadılmış, oturdulmuş vəziyyətdə dəfn olunmuşdur. Qəbirlərin keramikası demək olar ki, eynidir. Qəbirlərdən tunc, qılınc, təbərzin, toppuz, ox, yaba, xəncər, nizə ucluğu, bardak, qazan, cilov, bilərzik, üzük, sümükdən hazırlanmış bəzək əşyaları, gildən və daşdan hazırlanmış müxtəlif məmulatlar aşkar edilmişdir.

 

Bu faktlar sübüt edir ki, Xocalı Azərbaycanın ən qədim yaşayış məskənlərindən biridir. Keçmiş SSRİ-nin tanınmış etnoqraf alimləri və yerli etnoqraflar qədim dövrə aid abidələri daha çox Xocalı və Xankəndi yaxınlığında apardıqları tədqiqatlar zamanı tapmışlar. Onlar arxeoloji qazıntılar zamanı kurqanlara, qəbir daşlarına və müxtəlif yaşayış məskənlərinə rast gəliblər. Qədim Xocalı qəbiristanlığındakı 11 saylı kurqandan tapılan muncuqlar, üzərində eramızdan əvvəl 1307-1275-ci illərdə Assuriya çarı Adadnirariyə aid mixi yazılar, eləcə də müxtəlif çeşidli bəzək əşyaları, saxsı qablar, şüşə muncuqlar yerli sakinlərin Şərq ölkələri ilə geniş iqtisadi-mədəni əlaqələrindən xəbər verir. Azərbaycanın Kiçik Qafqaz dağ və dağətəyi ərazilərində eramızdan əvvəl XIII-VII əsrlərdə yayılmış arxeoloji mədəniyyət ilk dəfə Xocalı yaşayış məskənində və Gədəbəy rayonunda tətbiq olunduğundan bu abidələr Xocalı-Gədəbəy mədəniyyəti nümunələri adlandırılır. Alimlər sübut ediblər ki, Xocalı-Gədəbəy mədəniyyəti son Tunc və erkən Dəmir dövrlərinin xarakterik xüsusiyyətlərini özündə cəmləşdirir. Qəbirlərdən tunc, qılınc, nizə ucluğu, silahlar, ox, yaba, təbərzin, toppuz, bilərzik, sümükdən hazırlanmış bəzək əşyaları, gildən və daşdan hazırlanmış müxtəlif əşyalar aşkar edilmişdir. Aparılan toponimik araşdırmalar göstərir ki, xalqımızın uzaq keçmişindən tutmuş bu gününədək olan məşğuliyyəti Xocalı toponimiyasında da öz əksini tapmışdır.

 

İ.M.Dyakonov, M.Kalankatlı və M.Xorenli öz əsərlərində Qafqaz Albaniyasının Xocalı rayonu ərazisinə aid Qarqar düzünü Qafqaz tayfalarından olan Qarqarların adı ilə bağlayırlar. Onlar alban əlifbasının qarqarların dili əsasında tərtib olunduğu ehtimalını da irəli sürüblər. Hazırda Qarqar Xocalıda yerləşən dağ silsiləsidir. Qafqaz Albaniyası dövrünü tədqiq edən alimlərdən K.V.Trever III əsrdə Albaniyada Qarqar düzü adlı yerin olduğunu söyləyib. Adı Qafqaz Albaniyasının Qarqar tayfasından götürülmüş Qarqar çayı Şuşa, Xocalı, Ağdam, Ağcabədi rayonları ərazisində, Kür çayının hövzəsindədir. Ətraf rayonlar bu çaydan suvarmada geniş istifadə edirdi. Qarqar düzü və Qarqar dağ silsiləsi adlanan ərazi də Xocalı rayonunun ərazisində yerləşən dağ silsiləsidir və Qafqaz tayfalarından olan qarqarların adı ilə bağlıdır. Qarqarlar, utilər, albanlar və digər türkdilli xalqlarla birgə Qarabağın qədim sakinləri hesab olunurlar. Yunan coğrafiyaşünas alimi Strabon qarqarların Şimali Qafqazda yaşadıqlarını göstərmişdir. Heç bir alim və tədqiqatçı, hətta tarixin atası hesab olunan Heredot, coğrafiyaşünas Strabon, M.Kalankatlı belə Qarabağ ərazisində erməni toponimini, mədəniyyətini, yaşayış tərzini xatırladan mənbə göstərməyiblər. M.Xorenli və M.Kalankatlı alban əlifbasının qarqarların dili əsasında tərtib olunduğunu etiraf etmişlər. Hətta şərqşünas V.V.Bartold XVIII-XIX əsrə aid mənbələrdə Orta Qazaxıstanda və Tyan-Şanda Qarqar adlı toponimlərin olduğunu deyib. Tarix boyu Azərbaycan xalqının yaratdığı Manna, Midiya, Albaniya və Atropatena dövlətlərinin formalaşmasında və inkişafında Qarqar boylarının böyük rolu olmuşdur.

 

Xocalı rayonu ərazisindəki Əsgəran qalası XVIII əsrdə Qarqar çayının sağ və sol sahillərində Qarabağ xanı Pənahəli xan tərəfindən tikilib. İki istehkamdan ibarət qala çay daşından inşa olunmuşdur. Yeri gəlmişkən, 1810-cu ildə Rusiya ilə İran arasında sülh danışıqları Əsgəran qalasında aparılmışdır. Əsgəran sözünün mənası "Qədim Aran" deməkdir. Tarixi faktlar sübut edir ki, Xocalı rayonu ərazisi Azərbaycanın ən qədim, qocaman diyarlarından biridir. Aparılan araşdırmalar göstərir ki, xalqımızın uzaq keçmişindən tutmuş bu gününədək olan məşğuliyyəti, sənətkarlığı, dini baxışları, mədəniyyəti Xocalı toponimiyasında öz əksini tapmışdır.

 

 

 

Xocalı rayonu üzrə dövlət qeydiyyatında olan tarix və mədəniyyət abidələrinə vurulan zərərin ümumi cəmi: 4 887 500 000$- təşkil edir

 

Xocalı rayon əhalisinin məruz qaldığı zərər və itkilər:

 

Azərbaycan Respublikası Ali Sovetinin 26 noyabr 1991-ci il tarixli, 279-XII nömrəli Qanununa əsasən DQMV ləğv edilərək Xocalı şəhəri və Əsgəran rayonlarının bazası əsasında Xocalı rayonu yaradılmışdır. Xocalı rayonu şimaldan Ağdam, şimal-şəqdən indi artıq ləğv olunmuş Ağdərə rayonu, qərbdən Kəlbəcər və Laçın rayonları, cənubdan Şuşa, cənub-qərbdə isə Xocavənd rayonu ilə həmsərhəddir.

 

Xocalı şəhəri Xankəndindən 10 km cənub-şərqdə, Ağdam-Şuşa və Əsgəran-Xankəndi yollarının arasında yerləşirdi. Şəhərin əhəmiyyətini artıran səbəblərdən biri də Dağlıq Qarabağ bölgəsinin yeganə hava limanının məhz burada yerləşməsi idi. Hazırda Xocalıdan keçən Əsgəran-Xankəndi yolu və Xocalıda yerləşən hava limanı Ermənistan silahlı qüvvələrinin işğalı altındadır.

 

Xocalı rayonunun ərazisi 926 kv km-dir. Xocalı rayonunun mərkəzi Xocalı şəhəri olmaqla ərazisi 1064,5 kv.m, Bakıdan məsafəsi 372 kilometrdir. İşğal dövründə rayonun əhalisi 23,7 min nəfər olmuşdur ki, onlardan 11.900 nəfəri azərbaycanlı idi. Ərazi vahidləri 1 şəhər, 2 qəsəbə, 51 kənddən ibarət idi. Hazırda Xocalı rayonu üzrə 1 şəhər inzibati ərazi vahidi, 73 kənd inzibati ərazi dairəsi mövcuddur.

 

İşğal nəticəsində 800 ədəd 1 mərtəbəli, 830 ədəd 2 mərtəbəli fərdi yaşayış evi, eləcə də yardımçı binalar, iri və xırda buynuzlu mal-qara, ev quşları, 980 yeşik arı ailəsi, ev və məişət əşyaları, meyvə ağacları və sair əmlak talan edilmiş, yandırılmış və məhv edilmişdir. Ermənistan Respublikasının silahlı təcavüzü nəticəsində Xocalı rayonunun inzibati yaşayış ərazilərindəki təsərrüfat subyektlərinə, insan faktoruna, fərdi şəxslərin mülkiyyətinə dəyən zərər
21738 144 $ . olduğu müəyyənləşdirilmişdir.

 


Faiq İsmayılov.
AMEA Hüquq və İnsan Haqları İnstitunun əməkdaşı.

 

 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !