Əlyazmalar İnstitutunda Xocalı faciəsinə həsr edilmiş anım mərasimi keçirilib - (+FOTOLAR)

Əlyazmalar İnstitutunda Xocalı faciəsinə həsr edilmiş anım mərasimi keçirilib (+FOTOLAR)

AMEA-nın Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutunda Xocalı soyqırımının 26-cı ildönümünə həsr edilmiş geniş tədbir keçirilib. Tədbiri institutun elmi işlər üzrə direktor müavini, fil.ü.e.d. Aybəniz Əliyeva-Kəngərli açaraq qeyd edilən soyqırım aktı barədə ətraflı məlumat verdi. O, 2500 əliyalın insanın təpədən-dırnağa silahlanmış düşmənlə üz-üzə gəldiyini, 613 nəfərin şəhid olduğunu, 1275 insanın əsir düşdüyünü bildirərək bunun bəşəriyyət tarixindəki ən amansız soyqırım aktlarından olduğunu vurğuladı. A.Əliyeva-Kəngərli bu gün ölkəmizin hər yerində Xocalı faciəsinə həsr olunmuş tədbirlərin keçirildiyini bildirdivə Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin təşəbbüsü ilə Xocalı faciəsinin beynəlxalq aləmə çatdırılması istiqamətində görülən işlər barədə məlumat verdi. O, Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın təşkil etdiyi “Xocalıya ədalət” kampaniyasının artıq ciddi rezonans doğurduğunu, bir çox ölkələrin Xocalı faciəsini soyqırım aktı kimi tanımağa başladığını vurğuladı.
Əlyazmalar İnstitutunun elmi işlər üzrə direktor müavini, fil.ü.e.d. Paşa Kərimov çıxışına tarix boyu ermənilərin Azərbaycan xalqının başına gətirdiyi facilərdəndanışmaqla başladı. O, 1905-1906-cı illərdə, 1918-ci ildə ermənilərin əli ilə törədilən cinayətlərin arxasında rusların dayandığını bildirdi. P.Kərimov qeyd etdi ki, Azərbaycan xalqı heç vaxt intiqam, qisas hissi ilə yaşamayıb, amma hiyləgər və qəsbkar ermənilərlə münasibətdə ehtiyatlı olmalıyıq. O, fikrini Qarabağın erməni işğalından mütləq azad olacağına inandığını bəyan etməklə bitirdi.
İnstitutun elmi katibi, fil.ü.f.d. Əzizağa Nəcəfov Xocalı faciəsi zamanı son damla qanınadək vuruşmuş insanların şücaət və qəhrəmanlığından söhbət açdı. O, həmin hadisələrin artıq ədəbiyyatda öz əksini tapdığını, Xocalı qəhrəmanlarının, faciə qurbanlarının bədii obrazlarının yaradıldığını bildirdi. Ə.Nəcəfov nümunə olaraq mərhum xalq şairi Zəlimxan Yaqubun “Xocalım, ay Xocalım” şeirindən misallar gətirdi.

Sonra Əlyazmalar İnstitutunun aparıcı elmi işçisi, fi.ü.e.d. və hadisələrin canlı şahidi Raqub Kərimov hadisələrin xronologiyasına nəzər saldı. O, hələ fevralın 19-da ermənilərin Xocalını atəşə tutduğunu və əhalini öz yurd-yuvalarından çıxarmaq istədiyini bildirdi. Lakin xocalıların sona qədər mətanət və ləyaqətlə dayandığını qeyd etdi. Əlyazmalar İnstitutunun aparıcı elmi işçisi, fil.ü.f.d. Yusif Günaydın Xocalı qırğınını törədənlərin nə o dünyada, nə də bu dünyada bağışlanmayacaqlarını dedi.
Tədbirin sonunda Xocalıya həsr olunmuş “Ataya məktub” filmi nümayiş olundu. İnstitutun Kitabxana və elmi informasiya şöbəsinin təşkilatçılığı ilə hazırlanmış sərgidə Xocalı haqqında yeni əsərlər nümayiş etdirildi.

 

 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !