Turizm şirkətləri Musiqili Teatrla birlikdə - (+FOTOLAR)

Turizm şirkətləri Musiqili Teatrla birlikdə (+FOTOLAR)

Azərbaycan Dövlət Musiqili Teatrı turizm şirkətləri ilə əməkdaşlıq barədə ötən il
start verdiyi layihəni bu il də uğurla davam etdirir.
Qurumun mətbuat xidmətindən verilən məlumata görə, Teatrın rəhbərliyi ilə
ölkədə fəaliyyət göstərən bir sıra turizm şirkətlərinin nümayəndələri "dəyirmi masa"
arxasında görüş keçirib.
Səmimi şəraitdə keçən görüşdə Mədəniyyət və Turizm Nazirliyi Turizm Sənayesi
ilə İş Sektorunun müdiri Bəxtiyar Qılıncov, Turizm Sənayesi ilə İş Sektorunun
məsləhətçisi Rüstəm Mehdizadə ilə yanaşı, "Baku Travel-Tourism”, "ALDE Tour”,
"Aristokrat Travel”, "E&C Travel", “Zdtravel”, “Zenit tour”, “İntravel” və digər turizm
şirkətlərinin nümayəndələri də iştirak ediblər. 
Azərbaycan Dövlət Musiqili Teatrının direktoru, Əməkdar incəsənət xadimi,
sənətşünaslıq üzrə fəlsəfə doktoru Əliqismət Lalayev qonaqları salamlayaraq belə işgüzar
münasibətlərin mədəni turizmin inkişafına daha böyük töfhələr verəcəyinə ümidvar
olduğunu bildirib: “Təklif edərdim ki, gələcəkdə təşkil edəcəyiniz ekskursiya turlarına
Musiqili Teatrın möhtəşəm binasını da əlavə edəsiniz. Əminəm ki, Musiqili Teatr öz
maraqlı tamaşaları və tarixi baxımdan qədimliyi ilə yanaşı, müasir üslubda yenidən
qurulan binası ilə də turistlərin diqqətini cəlb edəcək. Mədəniyyətimizin təbliği
baxımından bu istiqamətdə əməkdaşlığımızı genişləndirsək, daha uğurlu layihələrə imza
ata bilərik"
Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyi Turizm Sənayesi ilə İş
Sektorunun müdiri Bəxtiyar Qılıncov tərəflər arasında əməkdaşlığın gələcək inkişafı və
daha da genişlənməsi üçün bu mövzuda görüşlərin mütamadi keçirilməsinin vacibliyini
vurğulayıb və turizm sektorunun nümayəndələrinə öz tövsiyyələrini verib.
Sonda qonaqlar SSRİ Xalq artisti R.Hacıyevin "Qafqazlı qardaşqızı” ikihissəli
operettasını izləyiblər. Onlar Əməkdar incəsənət xadimi, rejissor Əli Usubovun
quruluşunda teatrın rus bölməsinin hazırladığı bu tamaşa haqqında xoş təəssüratlarını dilə
gətiriblər və gələcəkdə buranın xarici turistlərə tanıtımı baxımından məqsədyönlü
addımlar atacaqlarını bildiriblər. 

 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !