Müasir Azərbaycan musiqisi kontekstində Aqşin Əlizadənin üslub axtarışları - - dissertasiyasının müdafiəsi + FOTOLAR (AZpress.AZ – Rüstəm İsmayılov)

“Müasir Azərbaycan musiqisi kontekstində Aqşin Əlizadənin üslub axtarışları” - dissertasiyasının müdafiəsi + FOTOLAR (AZpress.AZ – Rüstəm İsmayılov)

 23 fevral 2018-ci il tarixində Ü.Hacıbəyli adına Bakı Musiqi Akademiyasında Azərbaycanın sayılıb – seçilən ziyalı nəslindən olan Növrəslilər ailəsinin nümayəndəsi Aybəniz Firudin qızı Növrəslinin “Müasir Azərbaycan musiqisi kontekstində Aqşin Əlizadənin üslub axtarışları” mövzusunda 6213.01-Musiqi sənəti ixtisası əsasında sənətşünaslıq üzrə fəlsəfə doktoru elmi dərəcəsi almaq üçün təqdim olunmuş dissertasiyasının müdafiəsi keçirilmişdir. Aybəniz Növrəsli 1987-ci ildə Bakı şəhərində anadan olmuşdur. 2004-cü ildə Bülbül adına Orta İxtisas Musiqi Məktəbinin “Tarixi –nəzəriyyə” şöbəsini bitirmiş, elə həmin ildə Ü.Hacıbəyli adına Bakı Musiqi Akademiyasına daxil olmuşdur. 2008-ci ildə bakalavr (Diplom işi: N.Mirişlinin “Mərasim” simfoniya –konserti), 2010-cu ildə magistr pillələrini (Diplom işi: “XX əsr Azərbaycan bəstəkarlarının fortepiano yaradıcılığında orijinal tapıntılar axtarışı”) Azərbaycan Respublikasının Əməkdar müəllimi, professor Ülviyyə İmanovanın sinfi üzrə fərqlənmə diplomu ilə bitirmişdir. Hal – hazırda Ü.Hacıbəyli adına Bakı Musiqi Akademiyasının “Musiqi tarixi” kafedrasında baş müəllim vəzifəsində çalışır. 2004-2006-cı illərdə təhsil aldığı müəssisənin mətbuat (PRESS) xidmətində çalışmış, mütəmadi olaraq keçirilən tədbirlərin iştirakçısı və təşkilatçısı olmuşdur. 2008 -2010 –cu illərdə Bakı Musiqi Akademiyası tələbələrinin təşəbbüsü ilə yaradılmış Azərbaycan Gənc Musiqiçilər Birliyinə rəhbər seçilmişdir. Rəhbərlik müddətində bir sıra tədbirlərin keçirilməsinə idarəçilik etmişdir. Müxtəlif illərdə Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyinin təşkili ilə Festivalların təşkilat komitəsinin işçi qrupuna dəfələrlə daxil edilmişdir 2009 -2011 –ci illərdə Azərbaycan Bəstəkarlar İttifaqında Baş Məsləhətçi vəzifəsində çalışmışdır. 2011-ci ildə Azərbaycan Televiziya və Radio Qapalı Səhmdar Cəmiyyəti tərəfindən görkəmli bəstəkar Aqşın Əlizadə haqqında çəkilən “Portret” filminə ssenari müəllifi olaraq dəvət almışdır. Film elə həmin ildə də ekran üzü görmüşdür. 2012-ci ildə keçirilən musiqişünas Elmira Abbasovanın adını daşıyan müsabiqənin qalibi, I yerin sahibi olmuşdur. 2013-cü ildə çapdan çıxan, dahi bəstəkar Qara Qarayevin 95 illiyinə ithaf olunan “Müasir musiqi haqqında esselər” adlı toplunun ərsəyə gəlməsində yaxından iştirak etmiş, həmçinin topluya daxil olan məqalələrin bir neçəsinin tərcüməçisidir. Qeyd etmək lazımdır ki, adı çəkilən toplu musiqişünaslıq tarixində müasir musiqiyə aid çap olunan ilk və hələlik yeganə məqalələr məcmusudur. Mütəmadi olaraq yerli və xarici mətbuat səhifələrində məqalələri çap olunur, Beynəlxalq və Respublika konfranslarının daimi iştirakçısıdır. Müdafiə şurasının sədri, Bakı Musiqi Akademiyasının rektoru, Azərbaycan Respublikasının Xalq artisti, professor Fərhad Bədəlbəylinin idarəsi ilə keçirilən prosesinin nəticəsi olaraq Aybəniz Firudin qızı Növrəslinin təqdim etdiyi dissertasiya işinin Azərbaycan Respublikası yanında Ali Attestasiya Komissiyasının tələblərinə cavab verdiyi və onun müəllifinin sənətşünaslıq üzrə fəlsəfə doktoru elmi dərəcəsi almağa layiq olduğu yekdilliklə təsdiqlənmişdir. Müdafiədə görkəmli elm xadimləri iştirak edərək dissertasiya işini yüksək dəyərləndirmiş, müəllifin gənc alimlər sırasında layiqli yer tutacağını dilə gətirmiş, təqdim olunan işi Azərbaycan elminin uğuru hesab etmişlər. Eyni zamanda dissertasiyanın kitab şəklində işıq üzü görməsi arzu olunmuşdur.

 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !