Azərbaycanda bir sıra Özbək ədəbiyyatının fəal tədqiqatçıları fəxri diplomlarla təltif edilib -

Azərbaycanda bir sıra Özbək ədəbiyyatının fəal tədqiqatçıları fəxri diplomlarla təltif edilib

Özbəkistan-Azərbaycan Dostluq Cəmiyyəti Azərbaycanda bir sıra Özbək ədəbiyyatının fəal tədqiqatçılarını fəxri diplomlarla təltif edib.


Özbəkistan-Azərbaycan Dostluq Cəmiyyətinin rəhbəri, Nizami adına Daşkənd Dövlət Pedaqoji Universitetinin rektoru, professor Şavkat Şaripov Azərbaycanda Özbək ədəbiyyatının bir sıra tədqiqatçılarını, iki xalq arasında dostluq münasibətlərinin, mədəni-ədəbi əlaqələrin möhkəmlənməsi sahəsində müstəsna xidmətlərinə görə Cəmiyyətin Fəxri diplomları ilə təltif edib.
Sözügedən mükafatla Bakı Dövlət Universitetinin türkologiya kafedrasının müdiri, professor, tərcüməçi Ramiz Əskər, AMEA-nın Nizami adına Ədəbiyyat İnstitutunun Azərbaycan-Türkmənistan-Özbəkistan üzrə ədəbi əlaqələr şöbəsinin müdiri, filologiya elmləri doktoru, professor Almaz Ülvi Binnətova, filologiya elmləri doktoru, professor Elman Quliyev, Bakı Avrasiya Universitetinin kafedra müdiri, dosent Elmira Məmmədova, Filologiya elmləri üzrə fəlsəfə doktoru Təranə Həşimova, dosent, ədəbiyyatşünas Səadət Şıxıyeva, AMEA-nın Nizami adına Ədəbiyyat İnstitutunun əməkdaşları - tərcüməçi alimlər Yaşar Qasımov, Akif Bağırov, İsmixan Osmanlı təltif ediliblər.
Fəxri Diplomda qeyd olunur ki, ədəbiyyat sahəsində xüsusi istedadları, Özbəkistan-Azərbaycan: qardaş xalqların mədəni-ədəbi əlaqələrinin möhkəmlənməsində müstəsna xidmətlərinə görə azərbaycanlı ədəbiyyatşünaslar Dostluq Cəmiyyətinin xüsusi mükafatına layiq görülür. Özbəkistan-Azərbaycan Dostluq Cəmiyyəti Nizami adına Daşkənd Dövlət Pedaqoji Universitetinin bazasında yaradılıb, Universitetin rektoru eyni zamanda Dostluq Cəmiyyətinin rəhbəri vəzifəsini həyata keçirir.
Qeyd edək ki, mükafatlandırma Özbəkistandakı Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin təşəbbüsü ilə həyata keçirilib.
Layihənin əsas məqsədinin elmi-ədəbi əlaqələrin inkişafına dəstək olmaq, bu istiqamətdə çalışan alimlərin, tərcüməçilərin əməyinin stimullaşdırılması, ədəbi əlaqələrə yeni – yeni töhvələr verməkdir.
Azərbaycan tərəfi də ötən ilin dekabr ayında Özbəkistanda Azərbaycan ədəbiyyatının fəal tədqiqatçılarını mükafatlandırıb. AMEA-nın vitze prezidenti, Nizami adına Ədəbiyyat İnstitutunun direktoru, akademik İsa Həbibbəylinin imzaladığı Fəxri Fərmanlarla iki ölkə arasında elmi-ədəbi əlaqələrin inkişafında xidmətlərinə görə tanınmış özbək ədəbiyyatşünas alimləri, tərcüməçiləri Azərbaycan tərəfinin xüsusi diplomları ilə təltif ediliblər.
 

 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !