AXC-nin Azərbaycan elminin inkişafında müstəsna xidmətləri olmuşdur -

AXC-nin Azərbaycan elminin inkişafında müstəsna xidmətləri olmuşdur

Şərqin ilk demokratik respublikası olan Azərbaycan Xalq Cümhuriyyətinin (AXC) yaranmasından 100 il ötür.
Həm ulu öndər Heydər Əliyev hakimiyyətdə olduğu müddətdə, həm də ölkə Prezidenti İlham Əliyev hər zaman AXC-nin yubileylərinin yüksək səviyyədə qeyd olunmasına xüsusi diqqət göstərmiş, müvafiq sənədlər imzalamışlar. 2008-ci ildə dövlət başçısının sərəncamı ilə Azərbaycan Xalq Cümhuriyyətinin 90 illik yubileyi təntənəli şəkildə qeyd olunmuşdur.
Cari ildə isə milli dövlətçilik tarixində xüsusi yer tutan Azərbaycan Xalq Cümhuriyyətinin 100 yaşının tamam olması münasibətilə dövlət başçısı 2018-ci ilin Azərbaycan Respublikasında “Azərbaycan Xalq Cümhuriyyəti İli” elan edilməsi haqqında Sərəncam imzalayaraq, bu əlamətdar hadisənin dövlət səviyyəsində layiqincə qeyd edilməsini qarşıya məqsəd kimi qoydu.
28 may 1918-ci il – hər bir azərbaycanlının ölkəmizin tarixinə dair unutmamalı olduğu əlamətdar günlərdən biridir. Məhz həmin gün Tiflis şəhərində Azərbaycan Xalq Cümhuriyyəti elan edilmiş, ilk paytaxt isə qədim Gəncə şəhəri olmuşdur.
AXC 1920-ci il aprelin 28-nə qədər – cəmi 23 ay mövcud olmasına baxmayaraq, bu qısa müddətdə bir çox taleyüklü məsələlər həll olunmuşdur. Məhz cümhuriyyət dövründə ilk dəfə qadınlara seçki hüququ verilmiş və qadın-kişi bərabərliyi təmin edilmişdir. İki il ərzində, həmçinin milli ordu quruculuğu, milli valyutanın buraxılması, milli bankın yaradılması, demokratikləşmə, azad seçkilər, Azərbaycanın bütövlüyünün təmin olunması, iqtisadi islahatların aparılması və digər sahələrdə məqsədyönlü tədbirlər həyata keçirilmişdir.


1918-ci il dekabrın 7-si müsəlman şərqində ilk parlamentin birinci iclasının açılışı olmuş və parlamenti açan Azərbaycan Milli Şurasının sədri M.Ə.Rəsulzadə böyük təbrik nitqi söyləmişdir. Ə.Topçubaşov Parlamentin sədri, Həsənbəy Ağayev isə sədrin birinci müavini seçilmişlər.
Azərbaycan Xalq Cümhuriyyətinin öz dövlətçilik atributlarını qəbul etməsi, dövlət və hərbi quruculuq, iqtisadiyyat və mədəniyyət, təhsil və səhiyyə sahələrində atdığı addımlar xalqımızın tarixində həlledici rol oynamışdır.
Xalq Cümhuriyyəti hökumətinin dövlət quruculuğundakı mühüm addımlarından biri də Dövlət rəmzlərinin qəbul edilməsi idi. 1918-ci il iyunun 24-də üzərində aypara və səkkizgüşəli ulduz olan al bayraq barədə qərar qəbul edilmişdir. Noyabrın 9-da isə həmin bayraq, üzərində aypara və səkkizguşəli ulduz olan üç rəngli (mavi, yaşıl və qırmızı) bayraqla əvəz olunmuşdur.
AXC-nin Azərbaycan elminin, onun intellektual dəyərlərinin milli sərvət kimi qəbul edilməsində də mühüm xidmətləri olmuşdur. Dövrün çətinliklərinə, xarici təhdidlərə, maliyyə və kadr çatışmazlığına baxmayaraq, milli hökumət ölkədə təhsil və mədəniyyətin inkişafı istiqamətində ciddi tədbirlər həyata keçirmişdir.
Cümhuriyyət dövründə Azərbaycanda yaradılmış ilk ali təhsil ocağının xalqımızın maariflənməsində, elmimizin inkişafında böyük rolu olmuşdur. Milli şüurun formalaşdırılması və böyük çətinliklə əldə olunmuş müstəqilliyin qorunub saxlanılması üçün savadlı kadrların yetişdirilməsinin, elmin inkişafının vacibliyini dərk edən cümhuriyyətçilər universitet yaratmaq qərarına gəlmişlər.
Beləliklə, 1919-ci il sentyabr ayının 1-də Azərbaycan parlamenti ictimai fikir tariximizdə, elmin, təhsilin inkişafında əvəzedilməz xidmətlər göstərəcək ilk ali məktəbin – Bakı Dövlət Universitetinin (BDU) təsis edilməsi haqqında qanun qəbul etmişdir. Bu, cümhuriyyətin mühüm nailiyyətlərindən və xalqımızın tarixində ən əlamətdar hadisələrdən biri idi.
BDU-nun fəaliyyətə başlamasında başda M.Ə.Rəsulzadə olmaqla, Azərbaycanın maarifpərvər ziyalıları böyük rol oynamışlar. Qərara görə, universitetdə 4 fakültə fəaliyyət göstərirdi: Şərq şöbəsi ilə birlikdə Tarix-filologiya, Fizika-riyaziyyat, Hüquq və tibb fakültələri. Universitetin ilk rektoru isə tanınmış rus alimi, Kazan Universitetinin professoru Vasili İvanoviç Razumovski olmuşdur.
1919-cu il noyabrın 15-də universitetdə birinci dərs günü elan edilmişdi. Bu xəbər xalq, o cümlədən ziyalılar, ictimai-siyasi xadimlər arasında böyük sevinclə qarşılanmışdı. Noyabrın 17-də “Azərbaycan” qəzetində “Darülfünunun açılması” adlı mə¬qa¬lədə yazılırdı: “Dün Azərbaycan Darülfünu¬nu ilk dəfə olaraq açıldı və ilk gündür ki, məş¬ğuliyyətə başladı”.
1920-ci ilin əvvəllərində respublikada elmi tədqiqatlar, əsasən, Bakı Dövlət Universitetində mərkəzləşmişdi. 1920-1922-ci illərdə burada humanitar, tibb və təbiyyat bölmələrindən ibarət elmi assosiasiya təşkil edilmiş və fəaliyyət göstərmişdir. Assosiasiya müxtəlif elm sahələri üzrə problemlərin tədqiqi, elmi kadrların hazırlanması və inkişafı işinə hərtərəfli yardım göstərməyi qarşısına məqsəd qoymuşdu.
BDU Azərbaycan elminə minlərlə alim, ziyalı və görkəmli şəxslər bəxş etmiş, sonralar ölkəmizdə fəaliyyətə başlayan neçə-neçə ali məkəbin yoluna işıq salmışdır.
Azərbaycan Milli Elmlər Akademiyasının çoxillik elmi nailiyyətlərinin əldə edilməsində də məhz BDU-da təhsil alıb yetişmiş yüzlərlə alim və ziyalılarımızın böyük rolu olmuşdur. Hazırda AMEA ilə BDU birgə əməkdaşlıq çərçivəsində dünya təhsili və elminə inteqrasiyanı sürətləndirmək üçün gərgin səylərini davam etdirirlər. AMEA elmin tamamilə yeni inkişaf yolunu istiqamət götürərək prioritet sahələrdə tədqiqatlar aparır, yüksəkixtisaslı kadrların yetişdirilməsi yönündə ciddi tədbirlər həyata keçirir. Azərbaycanın milli sərvəti olan AMEA nəhəng bir təşkilat kimi fundamental tədqiqatların əsas mərkəzi hesab edilir.

 

Nərgiz Qəhrəmanova - Azərbaycan Jurnalistlər Birliyinin üzvü, AMEA Rəyasət Heyəti aparatının İctimaiyyətlə əlaqələr və elmin populyarlaşdırılması idarəsinin Elektron informasiya şöbəsinin rəis müavini, dissertant

 

 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !