GƏNC ALİMİN YENİ KİTABI İŞIQ ÜZÜ GÖRDÜ -

GƏNC ALİMİN YENİ KİTABI İŞIQ ÜZÜ GÖRDÜ

 AMEA Naxçıvan Bölməsinin Təbii Ehtiyatlar İnstitutunun İqtisadiyyat şöbəsinin böyük elmi işçisi, iqtisad üzrə fəlsəfə doktoru, dosent Cavadxan Qasımovun müəllifi olduğu növbəti Naxçıvan Muxtar Respublikası ölkənin milli iqtisadi quruculuq proseslərində adlı kitabı çap edilmişdir. Kitabda müəllifin ölkənin aparıcı mətbuat səhifələrində Naxçıvan Muxtar Respublikasının sosial-iqtisadi inkişafı haqqında dərc edilən məqalələrinin bir qismi yer almaqdadır.
Əsasları ötən əsrin 90-cı illərinin əvvəllərində xalqımızın ümummilli lideri böyük Heydər Əliyev tərəfindən məhz Naxçıvan Muxtar Respublikasından müəyyən edilən iqtisadi inkişafın və sosial dayanıqlığın ümumilikdə ölkəmizə və onun regionlarına bəxş etdiyi ən mühüm nailiyyətlər geniş tədqiqat obyektinə cəlb edilmişdir. Göstərilmişdir ki, müasir iqtisadi şəraitin perpsektivliyinin təmin edilməsi öz özülüyündə yeni əmək, məşğulluq, istehsal, istehlak münasibətlərinin yaranması, formalaşması və inkişafı üçün olduqca əhəmiyyətli zəmin yaratmışdır. Eyni zamanda qeyd edilmişdir ki, bu mexanizmlər milli iqtisadi inkişafa töhvə verəcək təsərrüfat subyektlərinin fəaliyyətinə stimullaşdırıcı təsir etməkdədir.
Ölkəmizin və onun səmərəli regional siyasətinin təkanverici qüvvəsi olan Naxçıvan Muxtar Respublikasının iqtisadi idarəetmə sahəsindəki yetkin və dolğun təcrübəsindən bəhs edilməklə, ərazilərin ixtisaslaşdırılmasına uyğun olaraq məhsuldar qüvvələrin yerləşdirilməsinə yer verilmişdir. Burada əmək ehtiyatlarından istifadə məsələləri, işsizliyin azaldılması, məşğulluq səviyyəsinin yüksəldilməsi, qeyri-neft sektorunun inkişaf mexanizmləri, iqtisadiyyatın sahə strukturunun əlaqəli inkişafı və bir çox aktual tədbirlərin həyata keçirilməsində dövlət siyasətinin səmrəliliyindən ətraflı söz açılmışdır.
Daha sonra, milli iqtisadi quruculuq proseslərində sənayeləşmə siyasətinin effektivliyindən, bunun gerçək ifadəsi olaraq, Sənaye Parklarının yaradılmasından, aqrar siyasətin səmərəli təşkili və idarə olunmasından, turizm sektorunun perspektivlərindən, bir sözlə, müəyyən edilən prioritetlər üzrə görülən işlərdən söz açılmış, bu istiqamətlər üzrə muxtar respublikanın verdiyi töhfələr göstərilmişdir. Bu baxımdan kitab Naxçıvan Muxtar Respublikasının müasir sosial-iqtisadi inkişaf mənzərəsinin təqdimatı üçün əhəmiyyətlidir.
Kitabda yer alan məqalələrdə muxtar respublikanın sosial-iqtisadi inkişaf göstəricilərinin təqdim edilməsində diaqramlar və təhlil nəticələrini ifadə edən digər şəkillərdən də istifadə edilmişdir.

 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !