Bakıda 2018 Hərəkatı nın təsis konfransı keçirilib - +FOTOLAR (AZpress.AZ, Rüstəm İsmayılov)

Bakıda “2018 Hərəkatı”nın təsis konfransı keçirilib +FOTOLAR (AZpress.AZ, Rüstəm İsmayılov)

 AZpress.AZ xəbər saytının məlumatına görə, Martın 19-da “Holiday Inn Baku” otelində “2018 Hərəkatı”nın təsis konfransı keçirilib.İctimai-siyasi xadimlərin, ədəbiyyat və mədəniyyət
nümayəndələrinin, millət vəkillərinin iştirak etdiyi tədbir Azərbaycan
Respublikasının Dövlət Himni ilə açıq elan olunub.

İştirakçılar Azərbaycan Xalq Cümhuriyyətinin tarixinə həsr olunan film

izləyiblər. Tədbiri giriş nitqi ilə “Odlar Yurdu” Gənclər İctimai
Birliyinin sədri, “2018 Hərəkatı”nın üzvü Nigar Ələsgərova açaraq,
hərəkatın məqsədi, gələcək planları və s. haqqında məlumat verib. O,
hərəkatın əsas məqsədinin ölkənin ictimai-siyasi, iqtisadi,
elmi-mədəni və digər sahələrində tanınan nüfuzlu simaları bir dəyər
ətrafında toplayaraq, müxtəlif istiqamətlərdə - xüsusilə dövlət və
dövlətçilik istiqamətində beynəlxalq və yerli layihələrə imza atmaq
olduğunu bildirib.

Qeyd olunub ki, 2018-ci il Azərbaycan üçün bir çox mühüm hadisələrlə
yadda qalacaq əhəmiyyətli ildir. Belə ki, bu il Azərbaycan Xalq
Cümhuriyyətinin yaranmasının 100-cü ildönümü tamam olur. Azərbaycan
Xalq Cümhuriyyətinin yaranmasının 100-cü ildönümünün dövlət
səviyyəsində layiqincə qeyd edilməsi məqsədilə Prezident İlham Əliyev
2017-ci il 16 may tarixli sərəncam imzalayıb.

Sərəncama əsaslanaraq, ölkənin ictimai-siyasi, iqtisadi, elmi-mədəni
və digər sahələrində tanınan 100 nəfər nüfuzlu simaların təşəbbüsü ilə
“2018 Hərəkatı” təsis olunub.

Millət vəkillər Adil Əliyev “2018 Hərəkatı”nın elan olunmasını yüksək
qiymətləndirib. O, bildirib ki, 2018-ci il Xalq Cümhuriyyətinin elan
olunmasının 100 illiyi və prezident seçkilərinin keçirilməsi ilə
əlamətdardır: “2018 Hərəkatı”nın üzvləri dövləti xalqı sevən,
dövlətçilik mövqeyindən çıxış edən dəyərli insanlardır. Milli
məsələlər olanda biz bütün şəxsi maraqları, narazılıqları kənara
qoymalıyıq. "2018 Hərəkatı" milli maraqlarımızdan çıxış edən bir
təşkilatdır. Ayrı-ayrılıqda uğura imza atmaq çətin olur. Amma güc bir
yerdə olanda böyük uğurlara imza atılır. İnanıram ki, bu təşkilat
yaranandan sonra hərəkatın ətrafında toplaşan insanların sayı çox
olacaq. Hesab edirəm ki, bütün üzvlər bizim milli məsələlərimizdə daha
aktiv, ölkəmizdə keçirilən prezident seçkilərindən daha fəal olacaq".

Millət vəkili Jalə Əliyeva Xalq Cümhuriyyətinin tarixi varisi olan
müasir Azərbaycanın bütün sahələrdə inkişaf etdiyini diqqətə çatdırıb.
O, "2018 Hərəkatı" Azərbaycan dövlətinin maraqlarından çıxış edərək
böyük uğurlara imza atacağına inandığını bildirib: "Mən "2018
Hərəkatı"nın yaranmasını məmnuniyyətlə qarşıladım. Bu hərəkatı yaradan
insanlara diqqət etsək, görərik ki, onlar harda varsa, orda
Azərbaycanımızın bütövlüyü hədəfdir. Onlar hər zaman Azərbaycanın
inkişafının, onun rəhbərinin yanında olublar. Böyük bir
qədirbilənlikdir ki, hərəkatın elan olunması cümhuriyyətimizin 100
illiyinin ölkə rəhbəri tərəfindən sərəncamla qeyd olunması tarixi ilə
üst-üstə düşür. Bu, tariximizə, soyumuza hörmət və ehtiramdır".

Millət vəkili Qənirə Paşayeva hərəkatın yaranması münasibəti ilə
təşəbbüskarları təbrik edib. Azərbaycan Xalq Cümhuriyyətinin tarixi,
onun qoyub getdiyi mənəvi dəyərlər haqqında geniş bəhs edən Q.
Paşayeva hərəkatın uğurlu layihələrə imza atacağına əminliyini ifadə
edib: "Bu təşkilatın missiyalarından biri də bizim dövlətçilik
tariximizi, qürur yerimiz olan şəxsiyyətlərimizi təbliğ etmək, onları
gənc nəsilə daha yaxından tanıtmaqdır. Bu hərəkatın içində çoxlu sayda
aydın, ziyalı insan var. Onların bir məqsədi, bir məramı var: biz
xalqımız, dövlətimiz üçün nə edə bilərik? Bu, böyük amaldır. 2018-ci
il bizim həyatımızda seçki ilidir. Mən düşünürəm ki, aydınlar,
ziyalılar olaraq biz cənab prezidentimizin yanında olacağıq. Çünki Ali
Baş Komandanımız dövlətimizin inkişafı istiqamətində, dünyada
dövlətimizin haqq etdiyi yerə gəlib çatması istiqamətində çox böyük
işlər görüb və bu işləri görməkdə davam edir".

Milli QHT Forumunun idarə heyətinin üzvü Əkbər Qoşalı və başqaları
təşkilatın mənəvi dəyərlər, ictimai-mədəni hadisələr fonunda
müvəffəqiyyət qazanan işlərə imza atacağına inamlarını vurğulayıblar.

Sonda çıxış edən “2018 Hərəkatı”nın ideya müəllifi və təşkilatçısı
Xəyal Rza tədbir iştirakçılarına və üzvlərə təşəkkürünü bildirib. O,
uzun və möhtəşəm yola çıxdığını qonaqların diqqətinə çatdırıb.

Təsis konfransında aprelin 11-də ölkəmizdə keçiriləcək prezident
seçkilərində prezident İlham Əliyevin namizədliyinin dəstəklənməsi
məqsədilə müraciət oxunub.

Mərasim bədii hissə ilə yekunlaşıb.

 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !