Şamil Qazıyevin 110 illik yubileyinə həsr olunan elmi konfrans keçirilib - (+FOTOLAR)

Şamil Qazıyevin 110 illik yubileyinə həsr olunan elmi konfrans keçirilib (+FOTOLAR)

AZpress.AZ xəbər verir ki, AMEA Naxçıvan Bölməsində görkəmli rəssam Şamil Qazıyevin anadan olmasının 110 illiyinə həsr olunan elmi konfrans keçirilib.
Tədbir Naxçıvan Dövlət Universiteti, Naxçıvan Müəllimlər İnstitutu və Naxçıvan Muxtar Respublikası Rəssamlar Birliyinin birgə təşkilatçılığı ilə baş tutub.
Konfransda bölmənin sədri, akademik İsmayıl Hacıyev Naxçıvan Muxtar Respublikası Ali Məclis Sədri cənab Vasif Talıbovun “Görkəmli rəssam Şamil Qazıyevin 110 illik yubileyinin keçirilməsi haqqında” imzaladığı 1 fevral 2018-ci il tarixli Sərəncama əsasən muxtar respublikada Şamil Qazıyevə həsr olunan silsilə tədbirlərin keçirildiyini diqqətə çatdırıb. O, Naxçıvanın keçmiş tarixini, mədəniyyətini, adət-ənənələrini əsərlərində tərənnüm edən vətənpərvər rəssamın həyat və fəaliyyəti haqqında ətraflı məlumat verib. Bildirib ki, Şamil Qazıyev Naxçıvanda ilk dəfə açılmış Rəssamlıq Məktəbinin təşkilatçısı və direktoru olub. 1948-ci ildə Bakı şəhərinə köçən sənətkar ömrünün sonunadək “Azərbaycan gəncləri” qəzetində rəssam vəzifəsində çalışıb. Şamil Qazıyev Naxçıvanın füsunkar təbiətinin gözəlliklərini, etnoqrafiyasını və bu diyarda çalışan zəhmətkeş insanların simalarını kətan üzərinə köçürərək əbədiləşdirib.
“Görkəmli rəssamın təsviri sənətin müxtəlif növ və janrlarında yaratdığı çoxlu sayda boyakarlıq və qrafika əsərləri vardır”-deyən İsmayıl Hacıyev bildirib ki, onun Naxçıvan Dövlət Tarix Muzeyinin fondunda qorunub saxlanılan “Naxçıvançay”, “Qızlar bulağı”, “Naxçıvan gün batan vaxtı”, “Köhnə qala”, “Köhnə həyət”, “Köhnə dəyirman”, “İnqilaba qədərki Naxçıvan”, “Naxçıvanda köhnə həyət”, “Çörəkbişirənlər”, “Xırmanda”, “Biçin”, “Qalayçılar”, “Naxçıvan hamamı”, “Qədim İmamzadə, “Qaçqınlar”, “Əlincə qalası” və digər əsərləri XX əsr Azərbaycan boyakarlıq sənətinin qiymətli inciləri hesab olunur. Bu əsərlər Azərbaycanın tarixi-etnoqrafiyasını əks etdirir.
Diqqətə çatdırılıb ki, Şamil Qazıyevin əsərləri təkcə Naxçıvandakı muzeylərdə deyil, eyni zamanda Azərbaycanın və digər ölkələrin muzey və qalereyalarında qorunub saxlanılır.
Akademik Naxçıvan Muxtar Respublikası Ali Məclis Sədri tərəfindən belə bir sərəncamın verilməsini Naxçıvan mədəniyyətinə, incəsənətinə böyük qayğı və diqqətin nəticəsi olduğunu vurğulayıb.
Daha sonra Naxçıvan Muxtar Respublikası Ali Məclis Aparatının Humanitar siyasət məsələləri və ictimai təşkilatlarla iş şöbəsinin müdiri Rəhman Məmmədov çıxış edərək bildirilib ki, ömrünün 50 ilini təsviri sənətə və teatr sahəsinə həsr edən rəssamın “Xırmanda”, “Qalayçılar”, “Qaçqınlar”, “Örtülü bazar”, “Çörəkbişirənlər”, “Köhnə Naxçıvan”, “Qədim İmamzadə”, “Köhnə qala” kimi müxtəlif rəsm əsərləri tariximiz, mədəniyyətimiz, adət-ənənələrimizin öyrənilməsində mühüm mənbədir. Onun əsərlərində Naxçıvanın tarixi keçmişi dolğun şəkildə əks olunub.
Rəhman Məmmədov qeyd edib ki, Naxçıvan Muxtar Respublikası Ali Məclis Sədri cənab Vasif Talıbovun himayəsi və qayğısı ilə 2010-cu ildə rəssamın müxtəlif janrlarda işlədiyi 56 rəsm əsəri daxil edilən albom-kataloqu hazırlanaraq nəşr edilməsi, elmi konfransın keçirilməsi, onun əsərlərindən ibarət sərginin nümayişi, rəssamın yaradıcılığı ilə bağlı tədqiqat işlərinin aparılması, Naxçıvan mövzusunda yaratdığı əsərlərə həsr olunan ustad dərslərin keçirilməsi Şamil Qazıyev irsinin öyrənilməsi baxımından əhəmiyyətlidir.
Tədbirdə bölmənin Əlyazmalar Fondunun direktoru, filologiya üzrə elmlər doktoru Fərman Xəlilov “Görkəmli rəssam Şamil Qazıyevin həyat və yaradıcılığı”, Naxçıvan Muxtar Respublikası Rəssamlar Birliyinin sədri Ülviyyə Həmzəyeva “Şamil Qazıyev yaradıcılığına dövlət qayğısı”, Naxçıvan Dövlət Universitetinin dosenti, pedaqogika üzrə fəlsəfə doktoru Mahir Xəlilov “Şamil Qazıyevin əsərlərində milli motivlər” və Naxçıvan Müəllimlər İnstitutunun baş müəllimi Nizami Aliyev “Şamil Qazıyev yaradıcılığında məişət janrı” mövzusunda məruzələrlə çıxış ediblər. Vurğulanıb ki, Şamil Qazıyevin əsərlərində millilik və müasirlik ön plana çəkilib və vətənpərvərlik ruhu daha qabarıq təsvir olunub. Rəssamın Naxçıvanın qədim tarixi keçmişini tərənnüm edən gözəl və diqqətə layiq qiymətli sənət əsərlərin təbliği, elmi və bədii cəhətdən tədqiqi gələcək nəsillərin estetik dünya görüşlərinin formalaşmasında və qədim adət və ənənələrimizin öyrənilməsi baxımından olduqca vacibdir.
Qeyd olunub ki, “Görkəmli rəssam Şamil Qazıyevin 110 illik yubileyinin keçirilməsi haqqında” Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin imzaladığı 1 fevral 2018-ci il tarixli Sərəncam görkəmli rəssamın həyat və yaradıcılığının, dəyərli sənət irsinin tədqiqi və təbliği baxımından əhəmiyyətli rol oynayacaq.
Sonda görkəmli rəssam Şamil Qazıyevin qızı Natella Qazıyeva ailəsi adından atasının xatirəsinə göstərilən ehtirama görə Ali Məclis Sədri Vasif Talıbova, tədbirin təşkilatçılarına və iştirakçılarına minnətdarlığını bildirib.

 

 

! © Müəllif hüquqları qorunur ! Məlumatdan istifadə etdikdə istinad mütləqdir ! Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir !!!  

ŞƏRHLƏR :

 

 

( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİ. Məzmun və qramatik səhvlərə görə redaksiya məsuliyyət daşımır )

 

 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !