Gürcüstan səfərindən qeydlər (Problem menyu) - - Kamran Nəzirli (+FOTOLAR)

Gürcüstan səfərindən qeydlər (Problem menyu) - Kamran Nəzirli (+FOTOLAR)

İnişil yayda dostumla Gürcüstana getmişdim. İki ailə və iki maşın. Balakən gömrük məntəqəsini keçib düz Batuma, ordan da Trabzona qədər maşın sürməli olduq, yorulmadıq. Yaşıllıq, səliqə-sahman, yol kənarlarındakı kafe-restoranların xidmət səviyyəsi... əlbəttə, ucuzluq... ürəyimizcə oldu. Mənim diqqətimi isə bir şey (ilk baxışdan xırda məsələ olsa da!) daha çox cəlb elədi: profilindən və müştəri kontingentindən asılı olmayaraq həm Gürcüstanın, həm də Türkiyənin restoran və kafelərində menyunun olması! Əlbəttə, bütün restoran və kafeləri deyə bilmərəm. Göz qabağında olan buydu ki, on gün müddətində hansı restoran və ya kafeyə getdiksə, bizə dərhal menyu təqdim elədilər. Tipik bir misal deyim: Tbilisiyə 20-30 kilometr qalmış yaşıl qəsəbənin kənarında xırda bir kafeyə döndük. Yamyaşıl ağaclarla əhatə olunmuş bu kafe bir ailəyə məxsus idi, kafenin yerləşdiyi həyət də onlarınkıydı; həyətin bir hissəsində klassik üslubda ağac materialından xırda kabinetlər, yemək otaqları düzəldiblər, bir hissəsində ev yerləşir, özləri yaşayırlar. Bizi gülərüzlə qarşılayan ev sahibi əvvəlcə menyu təqdim elədi. Çəhrayı üzlü səliqəli kitabçanın arasına iki vərəqdən ibarət menyunu görüncə məəttəl qaldıq; həm ingiliscə, həm də gürcü dilində idi. Kafenin profilinə uyğun yeməklərin siyahısı və qiymətləri yazılmışdı. Sizə deyim ki, xarici dövlətin ərazisində olsaq da, özümüzü çox rahat hiss elədik: yüksək səviyyəli xidmət bir yana, hesablaşma vaxtı gələndə, bizə bir qaimə yazıb verdilər; kafe sahibinin əlində xırda kassa aparatı da vardı. (Sonradan öyrənəcəkdim ki, burda vergidən yayınmaq barədə heç düşünmürlər də, hər şey dəqiq mexanizm kimi işləyir, hətta dəniz sahilində satılan bişmiş qarğıdalı, yaxud şar da alanda, yerindəcə xırda kassa aparatına vurulur, sənə çek verilir). Həm yeməklərdən, həm də hesabdan razı qaldıq. Mən onların mətbəxiylə də maraqlandım, məmnuniyyətlə razılıq verdilər; hələ bir ağ xalat da verib içəri dəvət elədilər, səliqə-sahmana mat qaldım. Getdiyimiz, gördüyümüz kafe və restoranların demək olar ki, hamısında etiket və sanitariya qaydalarına ciddi əməl olunur.
Bizdə necədir?
Bəri başdan deyim ki, Bakıda bir neçə bahalı restoranı çıxmaq şərtilə qalan bütün ictimai iaşə müəssisələrində, restoran və kafelərdə menyudan söhbət belə gedə bilməz. Hələ Azərbaycanın əyalətlərini, yol qıraqlarında və istirahət mərkəzlərində gözəl görüntülü, bahalı kabinet və yemək otaqları olan restoran və kafelərində mənzərə lap qanqaraldıcıdır. Antisanitariyanı heç demirəm!
Bu yaxınlarda dostumla (ailəvi) Qəbələdə oldum: düzü, çoxdan idi ki, yolum düşmürdü oralara. Səliqə-sahman, bər-bəzək, yaşıllıq... bir sözlə, hər şey çox gözəl təsir bağışladı bizə. Bircə...
Əvvəla, restoran və kafelərdə adama heç bir menyu təklif edilmir. Adam bilmir axırda səndən nə qədər pul çırpışdıracaqlar. Gəlirsən, oturub nahar eləmək istəyirsən, dərhal üzütüklü, əlləri kirli cavan bir oğlan qabağına qaçır, sənə oturmağa yer göstərir. Sonra durur başının üstündə, soruşur: "Məllim, nə yeyəcəksiz?". Soruşursan: "Nəyiniz var?"
O da başlayır saymağa: lülə, tikə, döymə, daşarası, qutab, dolma, toyuq kababı, dana basdırması...O qədər sayır ki, yorulursan. Elə özü də yorulur və yadından çıxır ki, nə sayıb (bəzən bir xörəyin adını iki dəfə təkrar edir). Menyu təbii ki, yoxdur. Sonra bir tikə yemək üçün oturduğuna da peşman olursan. Əvvəlcə "xolodnı" adıyla bir aləm şey gətirib düzür stolun üstünə - cürbəcür sular, kompotlar, limonadlar, turşular, salatlar və s... Deyir, dayı (daha müəllim demir), nəyi istəmirsiz, qaytara bilərəm. Nə isə, yemək mərasimi bitir, deyirsən, hesabı gətir. Gedir, on dəqiqədən sonra gəlib dodaqucu bir rəqəm pıçıldayır. Vəssalam. Sən də düz üç gün, üç gecə fikirləşirsən ki, axı, o qiymətə nə və nə qədər yeyib-içmisən...
Ağsu aşırımında "Axırıncı aşırım" deyilən bir restoran var - gözəldi, sözüm yox, mənzərə də göz oxşayır, di gəl, xidmət səviyyəsi də eynilə pis gündə, menyu təklif olunmur, axırda da elə bir qiymət oxuyurlar ki...belin bükülür, istirahətin də burnundan gəlir. Bax, belədir vəziyyət!
Xatırladım ki, menyu fransız sözü olsa da, ilk dəfə təxminən min il qabaq Çində meydana gəlib; kağızın vətəni sayılan qədim Çin həm də fərasətli və diribaş tacirlərin məskəni olub. İşgüzar zümrənin vaxtının dar, Çin mətbəxinin isə zəngin olması ucbatından menyu yaranıb ki, adamlar yeməklərin və onların qiymətlərinin ciblərinə uyğun olub-olmadığını dərhal müəyyən edə bilsinlər. Bu həm də bir mədəniyyətdir. İctimai iaşə müəssisələrində hazır çeşidli xörəklərin siyahı və qiymətlərinin göstərilməsinin nəyi pisdir? Ümumiyyətlə, mənim gəzdiyim və gördüyüm ölkələrdə menyuların tərtibinə və təqdimatına xüsusi önəm verilir. Bir çox hallarda menyular xüsusi zövqlə, həm də qəbul edilmiş etiket formalarında tərtib olunur, müştəriyə qabaqcadan təqdim edilir. Həm də təklif olunan xörəklərin çeşidiylə yanaşı burada hər bir yemək növünün, salatın, desertlərin, içkilərin tərkibi və qiymətləri barədə də məlumatlar olur. Bəzi menyularda isə hətta yemək növlərinin şəkilləri təsvir olunur. İndi məni bir sual düşündürür: görəsən, ilbəil xarici turistləri özünə cəlb edən Azərbaycanda menyu sistemini qaydaya salan bir qurum varmı? Bu işlərə nəzarət edirlərmi? Axı nə vaxta kimi bizdəki restoran və kafelərdə soyğunçuluqla məşğul olacaqlar? Məgər menyu təklif eləmək çətin işdi?

Şəkildə: Gürcüstanda və Türkiyənin Trabzon şəhərində bəzi kafe-restoranların görünüşü 

 

 

! © Müəllif hüquqları qorunur ! Məlumatdan istifadə etdikdə istinad mütləqdir ! Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir !!!  

ŞƏRHLƏR :

 

 

 

( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİ. Məzmun və qramatik səhvlərə görə redaksiya məsuliyyət daşımır 

 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !