RƏYASƏT HEYƏTİNİN NÖVBƏTİ İCLASI KEÇİRİLİB -

RƏYASƏT HEYƏTİNİN NÖVBƏTİ İCLASI KEÇİRİLİB

Aprelin 5-də Azərbaycan Milli Elmlər Akademiyası Rəyasət Heyətinin növbəti iclası keçirilib. İlk olaraq AMEA-nın prezidenti, akademik Akif Əlizadə gündəlikdə yer alan məsələlər haqqında məlumat verib.
Sonra akad. Z.Bünyadov adına Şərqşünaslıq İnstitutunun elmi işlər üzrə direktor müavini, akademik Şahin Mustafayev "Azərbaycanın orta əsrlər tarixinə dair osmanlı arxiv mənbələri (təhrir dəftərləri): əhəmiyyəti və tədqiqat perspektivləri" mövzusunda məruzə ilə çıxış edib. Alim bildirib ki, dünyanın müxtəlif əlyazma fond və kitabxanalarındakı tariximizə dair yazılı mənbələrin tədqiq edilməsi müasir Azərbaycan mediyevistikasının qarşısında duran ən mühüm vəzifələrdən biridir. Ş.Mustafayev vurğulayıb ki, ötən əsrin ortalarından etibarən ABŞ, Fransa, İngiltərə, Macarıstan, Bolqarıstan, Yunanıstan, Serbiya, Rumıniya, Türkiyə, Gürcüstan və başqa ölkələrdə təhrir dəftərlərinin tədqiqi və nəşri geniş vüsət alıb. Məruzəçi vaxtı ilə əraziləri Osmanlı imperiyasına daxil olan ölkələrin sosial-iqtisadi tarixinin öyrənilməsi baxımından bu növ arxiv mənbələrin unikal xarakter daşıdığını əlavə edib.
Akademik Azərbaycanın tarixi ərazilərinə aid XVI əsrin sonu və XVIII əsrin 20-ci illərində tərtib olunmuş və Türkiyənin arxivlərində saxlanan bir sıra təhrir dəftərləri ölkəmizin orta əsrlərdə sosial-iqtisadi tarixini araşdırmaq üçün mühüm mənbə olduğunu diqqətə çatdırıb. Natiq ölkəmizdə Osmanlı tarixi araşdırmaları, o cümlədən Osmanlı təhrir dəftərlərinin sistemli şəkildə ilk tədqiqi və nəşrinin akademik Ziya Bünyadovun adı ilə bağlı olduğunu söyləyib. Qeyd edib ki, onun təşəbbüsü ilə ötən əsrin 80-ci illərindən etibarən Şərqşünaslıq İnstitutunun alimləri tərəfindən bu sahədə ardıcıl işlər aparılıb, İrəvan, Naxçıvan, Gəncə-Qarabağ, Borçalı-Qazax, Lori, Ərdəbil bölgələrinə aid bir sıra təhrir dəftərləri tərcümə, nəşr və tədqiq edilib.
Məruzə dinlənildikdən sonra müzakirə olunub, suallar cavablandırılıb. Rəyasət Heyətinin qərarı ilə məruzə qənaətbəxş hesab edilib, Şərqşünaslıq İnstitutuna müvafiq tapşırıqlar verilib.
İclasda "Azərbaycan Respublikasının Nizami Gəncəvi adına Qızıl medalı" müsabiqəsinin nəticələri elan olunub. Rəyasət Heyətinin qərarına əsasən, neft və qaz kondensant yataqlarının kəşfi və işlənilməsi sahəsində elmi konsepsiyanın hazırlanmasına görə akademik Xoşbəxt Yusifzadə və qeyri-xətti plazma nəzəriyyəsi, idarəolunan termonüvə sintezi və kosmik fizika sahəsində elmi konsepsiyanın işlənilməsinə görə Rusiya Elmlər Akademiyasının həqiqi üzvü Roald Saqdeyev "Azərbaycan Respublikasının Nizami Gəncəvi adına Qızıl medalı"na layiq görülüblər.
Daha sonra AMEA-nın görkəmli alimlərin adlarını daşıyan mükafatlarının sahiblərinin adları açıqlanıb. Rəyasət Heyətinin qərarı ilə akademik Bahadur Tağıyev AMEA-nın Nəsirəddin Tusi adına, AMEA-nın müxbir üzvü Zeynal Əkpərov AMEA-nın Həsən bəy Zərdabi adına, xalq rəssamı Tahir Salahov AMEA-nın akademik Üzeyir Hacıbəyli adına, akademik Abel Məhərrəmov AMEA-nın akademik Yusif Məmmədəliyev adına, geologiya-mineralogiya üzrə elmlər doktoru Adil Əliyev AMEA-nın akademik Musa Əliyev adına, akademik Nailə Vəlixanlı AMEA-nın Abbasqulu ağa Bakıxanov adına mükafatına layiq görülüblər.
Tədbirdə AMEA ilə Birləşmiş Nüvə Tədqiqatları İnstitutu (BNTİ) arasında bağlanmış əməkdaşlıq müqaviləsi çərçivəsində həyata keçirilən işlərin vəziyyəti müzakirəyə çıxarılıb. AMEA-nın vitse-prezidenti, akademik İbrahim Quliyev bildirib ki, hazırda BNTİ-də Azərbaycandan 19 mütəxəssis çalışır. Natiq BNTİ-yə səfər çərçivəsində monitorinq keçirildiyini, azərbaycanlı əməkdaşların hesabatlarının dinlənildiyini söyləyib. Alimlərin fəaliyyətinin qənaətbəxş hesab olunduğunu deyən natiq əməkdaşlığın səmərəli davamı üçün bir sıra zəruri tədbirləri diqqətə çatdırıb.
Rəyasət Heyəti qeyd olunanları nəzərə alaraq, AMEA ilə BNTİ arasında bağlanmış əməkdaşlıq müqaviləsi çərçivəsində həyata keçirilən işlərin vəziyyətinin qənaətbəxş hesab edilməsini qərara alıb. Həmçinin Azərbaycan Respublikası hökumətinin BNTİ-dəki Səlahiyyətli Nümayəndəsi, AMEA-nın Fizika-Riyaziyyat və Texnika Elmləri Bölməsinin akademik-katibi, akademik Nazim Məmmədova müvafiq tapşırıqlar verilib.
İclasda Rusiya Elmlər Akademiyasının "Nauka" nəşriyyatında çap olunmuş "Azərbaycanlılar" kitabı müzakirə edilib. AMEA-nın vitse-prezidenti, "Azərbaycanlılar" kitabının rəyçisi, akademik İsa Həbibbəyli bildirib ki, bu nəşr AMEA-nın Arxeologiya və Etnoqrafiya İnstitutu ilə REA Etnoqrafiya və Antropologiya İnstitutunun birgə fəaliyyətinin nəticəsidir. Natiq vurğulayıb ki, akademik elmin mühüm nailiyyəti kimi qiymətləndirilən kitabda azərbaycanlı anlayışının formalaşma prosesi, xalqımızın tarixi təşəkkül mərhələləri, ədəbiyyat və incəsənəti, etnoqrafiyası, maddi və mənəvi mədəniyyəti, sosial-ictimai və dini münasibətləri yüksək professional elmi-nəzəri səviyyədə təqdim olunub. Rəyasət Heyəti məsələ ilə bağlı müvafiq qərar qəbul edib.
Gündəlikdə yer alan növbəti məsələ AMEA-nın 2017-ci ildəki fəaliyyəti haqqında hesabat məcmuəsi ilə bağlı olub. AMEA-nın akademik-katibi, akademik Rasim Əliquliyev bildirib ki, AMEA üzvlərinin, elmi bölmə və müəssisələrin, Rəyasət Heyəti aparatının idarə və şöbələrinin, müvafiq nazirliklərin elmi müəssisələrinin təqdim etdikləri materiallar əsasında hesabat məcmuəsinin layihəsi hazırlanıb. Hesabatda AMEA-da, eləcə də respublikanın digər elm və təhsil müəssisələrində 2017-ci ildə aparılmış fundamental və tətbiqi tədqiqatların mühüm nəticələri, Rəyasət Heyətinin elmi-təşkilati fəaliyyəti, akademiyanın fəaliyyətinin digər göstəriciləri yer alıb. Rəyasət Heyəti AMEA-nın 2017-ci ildəki fəaliyyəti haqqında hesabatın bəyənilməsi və AMEA-nın Ümumi yığıncağının müzakirəsinə təqdim olunması haqqında qərar qəbul edib.
Rəyasət Heyəti akademik Heydər Hüseyno¬vun 110 illik, AMEA-nın müxbir üzvü Qaraş Mədətovun isə 90 illik yubileylərinin qeyd olunmasını qərara alıb, məsələlərlə bağlı müvafiq tapşırıqlar verib.
Sonda kadr məsələsinə baxılıb. Rəyasət Heyətinin qərarı ilə tarix üzrə elmlər doktoru, professor Maisə Rəhimova Arxeologiya və Etnoqrafiya İnstitutunun direktoru vəzifəsinə təsdiq olunub.

 

 

! © Müəllif hüquqları qorunur ! Məlumatdan istifadə etdikdə istinad mütləqdir ! Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir !!!  

ŞƏRHLƏR :

 

 

 

( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİ. Məzmun və qramatik səhvlərə görə redaksiya məsuliyyət daşımır)

 

 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !